ABŞ-da polisin vətəndaşı öldürdüyü şəhərdə küçəyə çıxmaq qadağan edildi

27

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Pensilvaniya ştatında küçəyə çıxmaq qadağan edilib.

Pensilvaniya ştatındakı Filadelfiya şəhərində 2 nəfər polisin əlində bıçaq olan qaradərili Volter Vollesi öldürməsindən sonra başlayan kütləvi etirazların nəzarət altına alınması üçün şəhərdə bu gücə küçəyə çıxmaq qadağasının tətbiq ediləcəyi bildirilib.

Yerli medianın verdiyi məlumatda dünən axşam 21.00-dan bu gün səhər saat 06.00-a qədər şəhər ərazisində küçəyə çıxmaq qadağan edilib.

Bazar ertəsi gecəsindən bəri davam edən etiraz nümayişləri ərzində indiyə qədər 172 nəfər tutulub saxlanılıb, 53 polis əməkdaşı yaralanıb, 17 polis avtomobili zədələnib.

Vollesin ailəsi öz açıqlamasında etirazlar zamanı qarət və xaosa son verməyə çağırıb: “Ailəmizə və öldürülən oğlumuza hörmət edin, şəhərdə davam edən bu zorakılığa, xaosa son qoyun”.

Bazar ertəsi günü çağırışa gedən polislər hadisə yerində əlində bıçaq olduğu və polislərin üzərinə getdiyi deyilən 27 yaşlı Volter Volles adlı qaradərili gənci 14 dəfə atəş açaraq öldürmüşdülər.  Volterin atası hadisədən sonra oğlunun əqli problemləri olduğunu və bu səbəbdən dərman qəbul elədiyini bildirmişdi.

Ata Volles bədəninə 10 güllə dəymiş oğlunun ekiz övlad atası olduğunu bildirərək: “Niyə şok tapançasından istifadə eləmədilər?” – sualını vermişdi.

Volterin vurulmasının videotəsviri sosial şəbəkələrdə yayıldıqdan sonra minlərlə insan polisə etirazını bildirmək üçün küçələrə axışıb. Nümayişlər zamanı polislə nümayişçilər arasında toqquşmalar olub, şəhərdəki mağazalar və ofislər qarət edilib.