ABŞ-da Liviyanın qiyamçı feldmarşalına qarşı cinayət işi başlanıb

54

ABŞ-da Liviyanın şərqində beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan silahlı birləşmələrin başçısı, feldmarşal Xəlifə Hafter barəsində “müharibə cinayətləri” maddəsi üzrə cinayət işi başlanıb.

“Report” xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Liviya əsilli, ABŞ vətəndaşı Aida Elzagalli şikayəti əsasında Virciniya ştatının Aleksandria rayonunda federal məhkəmədə cinayət işi araşdırılır. Hafter işgəncə verilməsində, adam oğurluğu, qəsdən adam öldürmə kimi insanlığa qarşı və müharibə cinayətləri törətməkdə ittiham olunur.

Qiyamçı feldmarşala qarşı ikisi ABŞ, biri Böyük Britaniyadan olmaqla daha 3 ayrı şikayətlə bağlı məhkəmə araşdırması başlayıb.

Bu ilin əvvəlində əslən ABŞ vətəndaşı olan liviyalı 6 ailə Hafter və Birləşmiş Ərəb Əmirlikləriindən eyni ittihamlar əsasında Vaşinqtonun Federal Məhkəməsinə şikayət edərək 1 mlrd ABŞ dolları məbləğində təzminat tələb etmişdilər.

Vəkilləri ABŞ-da başlayan məhkəmələrə qatılmayacaqları halda Hafterin ABŞ-dakı mal-mülkünün müsadirəsi tələb edilir.

Qeyd edək ki, Hafterin ABŞ-da 17 mülkünün olduğu bildirilib.