ABŞ-da kürəsəlçilərin revanşı

81

Dünyada baş verən qarşıdurmaların, çatışmaların, savaşların kökündə Amerika Birləşmiş Ştatlarının içində olan ikiqütblü güc dayanmaqdadır. Öncələr bu güclər daha çox “Demokratlar” və “Mühafizəkarlar” adı altında, demokratiya görüntülü mübarizə aparıb, yönətimə sahiblənəndən sonra, dünya ağalıqlarını gerçəkləşdirirdilər. Dünya ölkələri də ikiqütblü olurdu. Demokratlar daha çox azlıqlar (milli, dini, cinsi və. s) üzərindən dünyaya hakim olmağı hədəfləyirlər. Mühafizəkarlar isə ana millətlə iş birliyində olaraq, dünya dövlətləri ilə əlaqə qururlar.

Demokratlar dünya “para babaları” və azlıqlı güclər olmaqla, “kürəsəlçilər” adlandırılır. Avropa Birliyi kimi güc mərkəzləri kürəsəlçilərin kontrolundadır. Hətta Putin prezident seçiləndə də kürəsəlçilərin rolu böyük olmuşdur. O dönəm Corc Sorosun Rusiyada olan çalışmalarını, iqtisadi krizis yaradaraq, Yeltsini hakimiyyətdən uzaqlaşdırmalarını xatırlamağınız yetərlidir.

Son dönəm, özəlliklə virus salğınından sonra kürəsəlçilərin Çinlə də ittifaqda olmaları qabarıq görünür.

Tabloya baxanda, Azərbaycan kimi dövlətlərdə Sovet KGB sistemindən miras qalan pusbaşlarla, amerikapərəstlərin – FETÖ kimi güclərin çox zaman eyni hərəkət etmələrinin mahiyyəti anlaşılır.

Mühafizəkarlar, arxalarında Pentaqon dayanmaqla, ABŞ federal gücləri və milli dövlət olmaq istəyən dünya dövlətləri ilə iş birliyinə daha çox meylli olaraq, “ulusalçılar” adlandırılır.

Kürəsəl virus salğınından yararlanaraq, bir çox ulus dövlətlərində hakimiyyəti əlaltılarının əlinə keçməsini hədəfləyən kürəsəlçilərin ABŞ-da hakimiyyəti ələ keçirmək niyyəti dünya mediasında yazılmaqda idi. Amma belə olmadı, virusdan yararlanmaq istəyən kürəsəlçilər həm ABŞ-da, həm də ulus dövlətlərində dəyişkənlik edə bilməyəcəklərini gördülər. Siyasi təhlilçilər də noyabr ayında ABŞ başqanlık seçimində ulusalçıların qalib gələcəyini və Trampın yenidən prezident olacağını söyləyirdilər.

Belə bir durumda ABŞ-da başlayan xalq ayaqlanmasını təsadüf saymaq olmaz. Bu, daha çox məğlubiyyətlərini indidən görən kürəsəlçilərin işinə bənzəyir. Məqsəd xalq ayaqlanması ilə Trampı istefaya göndərməkdir.

Trampın Rusiya və Çin kimi dövlətləri də hədəf almağı təsadüf sayılmaz.

Kürəsəlçilər qalib gələrsə, Türkiyə və Azərbaycanda və bir çox ölkədə FETÖ və “Moskva uşaqları” kürsəlçilərin əli altında olan güclər hakimiyyəti ələ almağa çalışacaq.

Tramp qalib gələrsə, ulusalçılar dünyada daha böyük nüfuz sahibi olacaq, ulus dövlətləri güclənəcək, Çin və Rusiya hədəf olacaq.

Cahandar BAYOĞLU,

Turan Partiyası GK Başqanı