ABŞ-da ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətə dair Beynəlxalq işçi qrupunun hesabatı

183

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin, MG Consulting şirkətinin və Şəffaflıq Azərbaycan təşkilatının təşəbbüsü ilə yaradılmış Beynəlxalq işçi qrupunun 21 iyul 2020-ci il tarixdə ABŞ-ın Los-Anceles şəhərində dinc aksiya keçirən azərbaycanlıların erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya məruz qalması və qeyri-insani nifrət hissi ilə ülzəşməsinə  dair elmi-analitik hesabat hazırlanmışdır.
Onlayn mətbuat konfransını giriş sözü ilə açan Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev qeyd etdi ki, bu işçi qrupunda beş ölkədən (Azərbaycan, ABŞ, Türkiyə, Rusiya və Ukrayna) 10 nəfər tanınmış hüquqşünas alim iştirak etmişdir.
Hesabatda ermənilər tərəfindən zorakı Los-Anceles hücu­munun Kaliforniya qanunları ilə və beynəlxalq hüquqi müstəvidə nifrət cinayəti hesab edilib-edilməməsi barədə mülahizələr yer alır. Ermənilərin azərbaycanlılara qarşı analoji zorakılığı digər dövlətlərdə də baş vermişdir.  Praktik təh­lil kimi məhz Los-Ancelesin (ABŞ) seçilməsi fəa­liy­yə­ti bilavasitə demokratiya, hüqu­qun aliliyi və insan hüquqlarının mühüm beynəlxalq standartlarla müdafiəsi siyasəti üzərində qurulan ABŞ-da insan hüquqları və əsas azadlıqlarının yüksək səviy­yə­də təmin edilməsinin uzun illərdir böyük tarixə və təcrübəyə malik olması, məhkəmələrin bu sahədə geniş və əhəmiyyətli praktikasının olması ilə əlaqədardır. Sonda Los-Anceles zorakılığının ABŞ-da ciddi araşdırılacağına və müvafiq praktikanın dünya­da bir presedent hal kimi möhkəmlənəcəyinə İşçi qrupunda çox böyük inam vardır.
Təqdirəlayiq haldır ki, ABŞ dövlət orqanlarının da məsələyə münasibəti çox da gecik­mə­mişdir. Belə ki, 28 iyul 2020-ci il tarixdə Los Anceles şəhərinin meri Erik Qarsetti Azərbaycanın Los Ancelesdəki baş konsulluğuna məktub ünvanlayaraq, 21 iyul 2020-ci il tarixdə etnik azər­bay­can­lılara qarşı baş verən zorakılığı kəskin şəkildə qınadığını bildirib. Bundan başqa, kadrlardan və video müşahidələrdən göründüyü kimi polisin çox ciddi çalışmasına bax­ma­ya­raq münaqişənin qarşısını almaq mümkün olmayıb. Bütövlükdə, işçi qrupunun Los-Anceles polisinin etnik ermənilərin etnik azərbaycanlılara qarşı zorakılığını ciddi və qətiyyətlə alması istiqamətində var gücü ilə çalışmasında heç bir şübhəsi yoxdur.
Qeyd edilənlər işçi qrupunda ermənilər tərəfindən Los-Ancelesdə insan hüquqlarının kobud pozuntusuna müvafiq qurum­lar tərəfindən real hüquqi qiymət verilməsinə ümidləri bir daha möh­kəm­ləndirmişdir. Sonda, İşçi qrupu adından professor Əmir Əliyev bir daha ABŞ-da demokratiya və hüququn yük­sək aliliyini, tarixən formalaşmış və mühüm beynəlxalq stan­dart­lar­la bu gün də davam edən insan hüquqları siyasətini, ona işçi qru­punun böyük rəgbəti, hörməti və ümidlərini bildirmişdir. Statistikaya görə bəzi dövlətlərdə qərəzlilik zəmi­nin­də cinayətlərin çoxunun qurbanları ya qisasdan qorxduqlarına, ya da zərəri kiçik hesab etdiklərinə görə insidentlər haqqında ümu­miyyətlə məlumat vermirlər. 21 iyul zorakılığı bu baxımdan istis­nadır və qurbanların hamısı faktların bu hesabata daxil edilməsinə kömək etməyə razılıq veriblər, çünki ABŞ-ın ədalət müha­ki­mə­si­nə tam etibar edir və inanırlar ki, ABŞ hökuməti onları ermə­ni­lərin gələcək hücumlarından müvafiq müdafiə ilə təmin edə­cək­dir.
Nəhayət, Əmir Əliyev işçi qrupunun üzvləri adından Hesabatın dərc edilməsində dəstəyinə görə BDU-nun rektoru Elçin Babayevə və MG Consulting şirkətinin direktoru Məhəmməd Quluzadəyə öz minnətdarlıqlarını bildirmişdir.
Şəffaflıq Azərbaycan təşkilatının rəhbəri, tanınmış hüquqşünas Əliməmməd Nuriyev qeyd etdi ki, qeyd edilən zorakılıq faktlarına görə Los-Ancelesin hüquq mü­ha­fizə orqanlarının nifrət zəminində cinayət maddəsi üzrə cinayət işi başlaması və iyulun 21-də ermənilər tərəfindən törədilmiş “küt­lə­vi zorakılığı” nifrət zəminində cinayət kimi araşdırması üçün tam ola­raq qanunverici və faktoloji əsas vardır. “Bərabərlik prinsipinə sadiq olan cəmiyyət qərəzlilik zəminində cinayətləri digər cinayət­lər­dən fərqləndirməli və bu cinayətlərə görə daha ağır cəza təyin etməlidir”. Bunu nəzərə alaraq hesabatın sonunda oxşar hadisələrin ABŞ və digər dövlətlərdə gə­ləcəkdə qarşısının alın­ma­sına yönələn müraciətlər yer alır. Belə ki, müvafiq dövlət, o cüm­lədən hü­quq-mühafizə orqanları etnik azərbaycanlılara qarşı etnik ermənilər tərəfindən ciddi nifrət və kinin olmasında məlumatlı olmalıdırlar ki, gələcəkdə zorakılıqların qarşısını alsınlar.
MG Consulting şirkətinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Quluzadə bu istiqamətdə mühüm faktları əsaslı dəlillərlə prezentasiya edərək qeyd etdi ki, hesabatın məqsədi şahid ifadələri, foto-video materiallar, elmi mənbələr, məhkəmə işləri və beynəlxalq hüquqi sənədlər əsasında Los-Anceles şəhərində azərbaycanlılara qarşı erməni diasporu nümayəndələrinin törətdiyi əməlləri nifrət cinayəti kimi sübuta yetirmək və ABŞ-ın müvafiq hüquq-mühafizə və digər orqanlarına, eləcə də insan hüquqları sahəsində çalışan təşkilatlara ingilis dilində ətraflı məlumat təqdim etməkdir.
21 iyul 2020-ci il tarixində Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu ilə üzbəüz 3000-5000 erməni etiraz aksiyası keçərərkən buna 30-60 azərbaycanlı etirazçı çıxışı etmişdir. Getdikcə gərginliyin  artdığını görən Los-Anceles polisi azərbaycanlılara təhlükəsiz təxliyə dəhlizi yaratmaq qərarına gəlir. Lakin 200-300 aqressiv er­məni azərbay­can­lı­ları tə­qib edib, etiraz aksiyası yerindən təxminən 300 metr ara­lıda nif­rət hissi ilə onları zora­kılığa məzruz qoymuşdur. Hücum zamanı ermənilər buzlu su butulkaları, daşlar, taxta də­yə­nək, parkovka konusu, çəkic və digər alətlərdən istifadə etmişlər. Hücum nəticəsində 20-yə yaxın azərbaycanlı fiziki zorakılığa məruz qalmış, o cümlədən yeddi azərbaycanlı (bir qadın da daxil olmaqla) və bir polis məmuru bədən xəsarətləri almış, onlardan dördü tibbi müalicə almışdır. Bir nəfər ikinci dərəcəli beyin silkə­lənməsi diaqnozu ilə evdə üç həftə müalicə almışdır.
Üç şahid bildirmişdir ki, etiraz za­­manı bir neçə erməninin qadağan edilmiş erməni terror təşkilatı ASALA-nın loqosu və adı olan paltar geyindiyini görmüşdür (bu fakt foto və vi­deo sübutları ilə də təsdiqlənmişdir).Hadisədən sonra, ermənilər azərbaycanlıları döydüklərini nümayiş etdirən videoları sosial şəbəkədə xüsusi fəxr hissi ilə paylaşmış, etnik türklərin və azər­bay­canlıların ün­van­larını tapmaq­­da kömək edənlə­rə 500 ABŞ dol­la­rı mükafat təklif etmiş və azərbaycanlı hamilə qadınlarının qətlə yetirilməsinə dair çağırış etmişlər.
Daha sonra, Məhəmməd Quluzadə qeyd etdi ki, Los-Ancelesdə ermənilərin azərbaycanlılara qarşı zorakılığı Kaliforniyanın federal qanunvericiliyində, eləcə də milli və etnik mənsubiyyətə əsaslanan ayrı-seçkiliyi qadağan edən insan hüquqlarına dair beynəlxalq sənədlərdə əks olunmuş nifrət zəminin­də cinayətlər anlayışının əhatə dairəsinə açıq-aydın düşür.
Digər çıxış edənlər – hüquq üzrə elmlər doktoru Turqay Hüseynov, Ankara Universitetinin Hüquq fakültəsinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Cavid Abdullazadə, Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru Bəhruz Məhərrəmov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Ümüd Mirzəyev, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev və b. çıxış edərək hesabatın əhəmiyyətini və beynəlxalq praktikaya söykəndiyini qeyd etdilər.
Sonda, İşçi qrupu tərəfindən ABŞ-ın müvafiq hakimiyyət, hü­quq mühafizə orqanları və digər qurumlarına aşağıdakı is­ti­qamətlərdə müvafiq tədbirlərin həyata keçirilməsi üzrə bir sıra müraciətlər edilmişdir. Məsələn, Los-Ancelesdə etnik ermənilərin nifrət zəminində etnik azər­bay­canlılara hücum etməsinə hüquqi qiymət verilməsi və təqsirkar şəxslərin nifrət cinayəti əsasında məsuliyyətə cəlb edilməsi ilə bağlı hərtərəfli araşdırmanı davam etdirməklə bu işə ciddi nəzarət edilməsi; etiraz nümayişini təşkil etmiş ANCA-nın nifrətə əsaslanan zorakılığa təhrikçiliyə görə məsuliyyətə cəlb edilməsi, o cümlədən  müsahibəsində nifrət, ayrı-seçkilik və zorakılığı aşılayan fikirlər bildirildiyinə görə ANCA tərəfindən müsahibəni silməklə rəsmi üzr istənilməsi; iki erməni terror təşkilatı – ASALA və “Daşnaksütyun”un ABŞ-da güman edilən gizli dayaqlarının müəyyən edilərək  məsuliyyətə cəlb edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi; Los-Ancelesdə və ondan kənarda etnik ermənilər tərəfindən gələcəkdə nifrət zəminində baş verə biləcək cinayətlərin davamlı monitorinqinin aparılmasının nəzərdə tutulması;  və s.
Hesabat Azərbaycan və ingilis dillərində dərc edilib. Hesaba­tın ABŞ-da, Azərbaycanda və digər ölkələrdə 100-dən çox milli və beynəlxalq qurumlara göndə­ril­məsi nəzərdə tutulur.
Hesabat BDU Hüquq fakültəsinin,  MG Consulting şirkətinin və Şəffaflıq Azərbaycan təşkilatının saytlarında yerləşdiriləcəkdir.
Mətbuat konfransında 30-dan  çox kütləvi informasiya vasitəsi nümayəndəsi və digər mütəxəssislər iştirak etmişdir.
Hesabatın sonunda mətbuat nümayəndələrinin sualları İşçi qrupu tərəfindən cavablandırılmışdır.

Hurriyyet.org