“ABŞ-da baş verənlərə görə polislərin davranışlarını  pisləyirəm” – QUBAD İBADOĞLU

24

“Bu məsələdə ABŞ-la Azərbaycan arasında paralellər aparanlar bilməlidir ki…”

“Avtoritar və demokratik olmasına baxmayaraq zorakılıq polis  idarəçiliyində hər yerdə müşahidə olunur. Odur ki, polis zorakılıqları və işgəncələr harda  baş verməsindən asılı olmayaraq araşdırılmalıdır. ABŞ-da baş verənlərə görə polislərin davranışlarını qınayır və onu birmənalı şəkildə pisləyirəm”. Hurriyyet.org xəbər verir ki, bunu ABŞ-da qaradərili George Floydun polis tərəfindən öldürülməsinə görə nümayişlərlə bağlı qənaətlərini bölüşən Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib. 

Q. İbadoğlunun sözlərinə görə, ABŞ-da baş verənlər göstərdi ki, demokratik ölkələrdə mövcud olan hüquqi dövlət zorakılıq göstərən hər bir şəxsin qanun qarşısında cavabdehliyini təmin edir: “George Floydun qatili Derek Chauvin həbs edildikdən sonra hadisə zamanı onun yanında dayanan daha 4 polisə də qarşı cinayət işi açılıb”.

“Bu aksiyaların işirakçıları əsasən ağ dərilərdir”

 İbadoğlu vurğulayıb ki, demokratik ölkələrin sivil toplumu hansı irqə, millətə və dinə mənsub olmasından asılı olmayaraq, hətta kriminal keçmişə malik olanın da hüquqlarının müdafiəsi üçün səfərbər olunur və bu yöndə həmrəlik nümayiş etdirir: “ABŞ-da demək olar ki, kiçik qəsəbələrdə belə icmaların təşkil etdiyi etiraz  nümayişləri keçirilir və bu aksiyaların işirakçıları əsasən ağ dərilərdir”.

 Q. İbadoğlu nəzərə çatdırıb ki, avtoritar rejimlərdə isə vətəndaş cəmiyyətinin formalaşmaması səbəbindən əhali  fərdi azadlıq və hüquqların qorunmasına laqeyd münasibətini davam etdirir: ” Məsələn, vaxtilə heykəl məhbusları Bayram Məmmədova və Qiyas İbrahimova, sabiq müstəntiq Rüfət Səfərova, keçmiş icra başçısı Saleh Rüstəmova və başqalarına həbsxanalarda verilən işgəncələri cəmiyyət susqunluqla müşahidə edib, bu gün də qanunsuz həbs olunan Tofiq Yaqubluya, Niyaməddin Əhmədova və digərlərinə münasibətdə də oxşar vəziyyət müşahidə olunmaqdadır”.

“Yekun olaraq onu demək istərdim ki, bu məsələdə ABŞ-la Azərbaycan arasında paralellər aparanlar bilməlidir ki, hüquqi dövlət, müstəqil vətəndaş və açıq cəmiyyət olan ölkələr bu cür problemlərin həllini çox asanlıqla tapırlar”,-deyə ADR sədri əlavə edib.

Şamo EMİN, Hurriyyet.org