“ABŞ Cənubi Qafqazı Türkiyə vasitəsilə nəzarətə almaq istəyir”

111

Ramiyə Məmmədova: “Türkiyənin Cənubi Qafqazda olmasını və yürütdüyü siyasəti NATO dəstəkləməlidir”

“Azərbaycan tam qalibiyyət qazandıqdan sonra, nəyi necə etmək lazım olduğunu artıq özü diqtə edəcək”

Müsahibimiz politoloq Ramiyə Məmmədovadır. O, Ermənistanın Cənubi Qafqazda terror qruplaşmalarına şərait yaratmasını qonşu dövlətlər üçün təhdid hesab edir:

– İran rəhbərliyi də, həm dini lider, həm də prezident səviyyəsində birmənalı şəkildə Azərbaycana dəstək verdi, torpaqların işğaldan azad edilməsini tələb etdi. Bu barədə nə deyə bilərsiniz?

– İran sözdə həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Digər tərəfdən isə Ermənistana dəstək verib. Ermənistana həm siyasi, həm də silah-sursat dəstəyi göstərib. Hazırda İran Cənubi Qafqazda Türkiyə faktoru olduğuna görə, üz-üzə gəlməməkdən ötrü siyasətini dəyişmək məcburiyyətində qalıb. Ermənistana verdiyi dəstək siyasətini dəyişdirməli oldu. İranla yanaşı Rusiya da siyasətini dəyişdirdi. Buna görə də Azərbaycanı daha çox dəstəkləmək niyyətindədirlər. Bu faktoru nəzərə alaraq, İran da Ermənistana verdiyi dəstəyi geri çəkib. Artıq Azərbaycan da torpaqlarının çox hissəsini işğaldan azad edib. İranla sərhəd də bərpa olunub. İranla sərhəd xəttində gedən proseslərdən də göründüyü kimi, İranda yaşayan azərbaycanlılar canfəşanlıqla dəstəklərini bildirirlər. Təbii ki, bütün bunlar İran siyasətinə təsir göstərir. Orda 50 milyondan çox soydaşımız yaşayır. Tarixən çevrilişləri türklər edib. Bütün bunlar İranın daxili və xarici siyasətində mühüm rol oynayır. Bunları nəzərə alaraq, İranın ali dini liderinin bəyanatı başa düşüləndir.

– Bəyanatda terrorçularla bağlı məqam da var idi…

– Bu məsələlər hər gün nədənsə qaynaqlanır və üzə çıxır. Erməni terrorçularıyla bağlı məsələ hər gün dünyaya daha da yayılır. Rusiya prezidenti də birmənalı şəkildə dedi ki, onun terrorçulardan xəbəri yoxdur. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə danışığı zamanı Ermənistanın Qarabağda döyüşə cəlb etdiyi terrorçular barədə də danışılır. Ermənistan Suriya və Livandan 600 dollar maaş müqabilində terrorçuları cəlb edib. Putin də açıq şəkildə bundan xəbərsiz olduğunu deyib. Yəni hazırda Ermənistan tərəfdə vuruşan muzdlular var. Bu muzdlular da sosial şəbəkələrdə yayılmış görüntülərdən də açıq şəkildə bilinir. Sadəcə, dünya gücləri Ermənistana təzyiq etmir. Hazırda, Cənubi Qafqazda hansısa terror yuvasının olması qonşu ölkələr üçün təhdiddir. Buna görə də İran və digər dövlətlər bəyanatlar yayaraq, terrorçuların olduğu təqdirdə məhv ediləcəyini bildirirlər.

– Ermənistanın Rusiyanı bu proseslərə qatmaqda hansı maraqları var?

– Rusiya prezidenti Vladimir Putin ard-arda verdiyi müsahibələrində deyir ki, Azərbaycan öz torpağında mübarizə aparır. Azərbaycan Ermənistanın torpağında müharibə aparsaydı, KTMT üzvü olaraq Rusiyanın müdaxilə etməyə hüquq çatırdı. Hazırda Rusiyanın buna hüququ çatmır. Müharibə ikinci və ya üçüncü dövlətin ərazisində getmir. Bu baxımdan, Rusiya heç bir müdaxilə etmir. Digər tərəfdən, Rusiyanın müdaxilə etməsinə heç bir əsas yoxdur. Eyni zamanda, Putinin də buna istəyi yoxdur. Putin də başa düşür ki, Türkiyə artıq Cənubi Qafqaza girib. Rusiya Türkiyənin fəaliyyətinin çox da genişlənməməsi üçün Türkiyəylə üz-üzə gəlmək istəmir. Buna görə də Rusiya kimisə qurban verməlidir. Eyni zamanda, Paşinyanla Rusiyanın münasibətləri çox da isti deyil. Buna baxmayaraq, Gümrüdəki hərbi bazanın Ermənistanda olması, Rusiyanı müdaxilə etməyə vadar edə bilər. Eyni zamanda, əgər müharibə Ermənistan ərazisinə keçərsə, bu mümkün ola bilər. Amma Ermənistan ərazisində müharibə getmir.

– Gəncənin ardından Bərdə terroru da ermənilərin faşist mahiyyətini bir daha ortaya qoydu. Ümumiyyətlə, Azərbaycana qarşı erməni terroru ilə bağlı beynəlxalq hüquqdan gözləntiləriniz nədir?

– Beynəlxalq hüquqi gözləntilərin olmamasını əvvəl də görmüşük. Çünki beynəlxalq hüquq heç vaxt işləməyib və işləməyəcək də. Beynəlxalq hüququ yaradan dövlətlərin hər birinin də öz maraqları var. Onu da nəzərə almaq lazımdır ki, erməni lobbisi dünyada böyük rola malikdir. Erməni lobbisiylə çalışan dövlətlər var. Ona görə də onların dedikləriylə razılaşır və beynəlxalq hüquqa göz yummağa məcburdurlar. BMT-nin dörd qətnaməsinin heç bir yerinə yetirilməyib. Əgər beynəlxalq hüquq işləsəydi, dörd qətnamə icra olunardı. Buna görə də Azərbaycan qətnamələri özü icra edir. Gəncə və Bərdə hadisələrində xeyli sayda itkimiz oldu. Bu hadisələrə qarşı hələ ki, beynəxlaq dərəcəli kəskin çıxışlar və ya bəyanatlar yoxdur. Müharibə bitəndən sonra beynəlxalq HAAQA məhkəməsinə müraciət edilməlidir. Daha sonra bu məsələyə baxılmalıdır. 1941-1945-ci illər də daha çox faşistlər insanları hədəfə alırdı. Hazırda Ermənitsan mülki insanları hədəf alır. Belə etməklə, Azərbaycanı hədəf almağa çalışırlar. Buna baxmayaraq, Azərbaycan ictimaiyyəti informasiya müharibəsində üstündür. Amma beynəlxalq ictimaiyyət susur. Necə ki, Xocalı faciəsinə qiymət verilmədi, eləcə də Gəncə və Bərdə hadisəsinə də ədaləti mövqe bildirilməyəcək. Uzun müddət də heç bir qiymət verilməcək. Azərbaycan tam qalibiyyət qazandıqdan sonra, nəyi necə etmək lazım olduğunu artıq özü diqtə edəcək. Təbii ki, Türkiyənin də burda böyük rolu olacaq. Onlar da beynəlxalq məhkəmə və hüqudan məsələyə düzgün qiymət verilməsini tələb edəcəklər.

– Sizcə, ABŞ, Rusiya və digər dövlətlərin Qafqaz bölgəsinə marağı nə ilə bağlıdır?

– Prosesdə əsas ölkələrdən biri də Türkiyədir. Türkiyəni də dəstəkləyən ölkə ABŞ-dır. Sözsüz ki, ABŞ-ın ikincisi ordusu NATO-dur. NATO-nun rəhbəri də bildirib ki, bizTürkiyənin siyasətini dəstəkləyirik. Türkiyənin Cənubi Qafqazda olmasını və yürütdüyü siyasəti NATO dəstəkləməlidir. NATO-da ABŞ-a bağlıdır. ABŞ NATO-nun birinci dövlətidir. ABŞ eyni zamanda Türkiyəylə də müttəfiqdir. Baxmayaraq ki, F-35-lərlə bağlı bəzi problemlər ortaya çıxır və yaxuda da digər məsələlərlə bağlı ortaq məxrəcə gələ bilmirlər. Bu o demək deyil ki, Türkiyəylə ABŞ müttəfiq ola bilməz. Bu ölkələr hər zaman müttəfiq olub və olacaqdır. Bu danılmazdır. ABŞ hər zaman istəyib ki, Cənubi Qafqazı əlinə keçirsin. Burda ABŞ-ın böyük maraqları var. İndi də fikir versəniz görərsiniz ki, ABŞ Cənubi Qafqaza girmir, nə də prosesə dərindən müdaxilə edir. Çünki burda Rusiya faktoru var. Gürcüstan məsələsində də ABŞ eyni siyasəti aparıb. ABŞ özü Cənubi Qafqaza girmədiyinə görə, indi Türkiyəyə dəstəyini bildirir. Çünki Türkiyə Rusiyayla həm müttəfiqdir, həm də üz-üzə gələ bilən iki dövlətdir ki, Cənubi Qafqazda sözünü diqtə edə bilir. Eyni zamanda, Rusiya bu gün ABŞ-la deyil, daha çox Rusiya ilə yaxındır. Nəhəng dövlətlər olduqlarına görə, tarix boyu bu ölkələrin fikirləri kəsişib. Hazırda ABŞ-da gedən seçki prosesi ilə əlaqədar vəziyyət daha da gərginləşə bilər. Trampın Rusiyaya münasibəti daha loyal idi. Ancaq Baydenin siyasəti Rusiyaya və digər dövlətlərə qarşı daha sərt olacaq.

– Rusiya prezidentinin son açıqlamaları erməniləri sarsıdan bir mövqe oldu, – deyə yanaşmalar var. Siz Putinin mövqeyini necə dəyərləndirirsiniz?

– Putin verdiyi müsahibələrində daha çox bunu etnik şəkildə yaranmış müharibə adlandırır. Əslində, etnik şəkildə yaranmış Qarabağ müharibəsi deyil. Etnik müharibə Azərbaycanda deyil,  80-ci illərdə Ermənistanda başladılıb. O zamandan azərbaycanlıların təmizlənməsi prosesi başladılıb. Bu da etnik qarşıdurmaya gətirib çıxardıb. Daha sonra, Sumqayıt hadisələri baş verib. Putinin dediyi fikirlərdə səhvlər var idi. Çünki özünə sərf edən formada danışır. Digər tərəfdən, Rusiya Qarabağla bağı mövqeyində əvvəl daha sərt çıxış edirdi və 30 ildir məsələnin həllinin yubadılmasına səbəb olan ölkədir. Qarabağ münaqişənin yaradan da elə Rusiyadır. Dediyim kimi, Türkiyə faktoru olduğuna görə, Rusiya geri çəkilib. Azərbaycan Cənubi Qafqazda gündən-günə güclənən dövlətdir. Belə desək, Yaxın Şərqdə İsrail olduğu kimi, Cənubi Qafqazda İsrailin rolunu Azərbaycan oynayır. Hazırda Azərbaycan daha da güclənir. Rusiya da bu faktorların hamısını görür. Rusiya güclənən Azərbaycanı itirmək istəmir. Eyni zamanda, Rusiya Ermənistanı da itirmək istəmir. Çünki, Ermənistanda rus hərbi bazası var. MDB ölkələrinin Ermənistandan başqa heç birində rus bazası yoxdur. Bu gün də bazanı daha böyütmək istəyirlər. Rusiya Gümrüdə şəxsi heyətin sayını 5000-dən 50000-ə çatdırmaq istəyir. Hələ ki, Ermənistan buna razılıq vermir. Buna baxmayaraq, Rusiya hazırda Türkiyə faktoruyla razılaşmaq məcburiyyətindədir. Bu səbəbdən neytrallıq göstərir. Əgər, Ermənistan KTMT-ni münaqişə zolağına cəlb etsə, KTMT  Türkiyəylə üz-üzə gələ bilər. Bu da Rusiyaya lazım deyil. Düşünürəm ki, Rusiya Azərbaycanla daha çox əməkdaşlıq etmək istəyər. Eyni zamanda, Türkiyəylə də münasibətlərin pisləşəməməsini istəyir.

– Ermənistana silah-sursat ötürülməsi kimlərin marağındadır və nəyə xidmət edir?

– Ermənistana silah-sursatı ötürənlər, bu ölkənin tam yoxa çıxmasını istəməyən dövlətlərdir. Rusiya əsas dövlətlərdən biridir. Ermənistan nəyin ki Azərbaycana, Türkiyə və Gürcüstana da ərazi iddiası irəli sürən dövlətdir. Bundan başqa, erməni lobbisinin güclü çalışdığı dövlətlər var. Rusiya, Fransa kimi ölkələr buna  bariz nümunədir. Bu baxımdan, Fransa açıq şəkildə Ermənistana dəstək olur. Fransa eyni zamanda silah-sursat dəstəyi də göstərir. Bunu başqa ölkələrin üzərindən edir. Ermənistan öz ərazi bütövlüyündən başqa digər dövlətlərin ərazisinə iddia qaldıra biləcək bəlkə də yeganə dövlətdir. Bununla da ölkələri qıcıqlandırır. Ermənistanın tamam yoxa çıxmaması və gələcəkdə hansısa məqsədli şəkildə istifadə edilməsi üçün müəyyən ölkələr ham maddi, həm də silah-sursat yadımı göstərir. Təbii ki, bu açıq şəkildə edilmir.

YƏHYA