“ABŞ bütün istiqamətlərdə Çinə qarşı hücuma keçib” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

303

“Prezident seçkilərində Tramp yenidən seçilərsə, Çin üçün arzuolunmayan ssenarilər işə düşəcək”

“Çinin dünya siyasəti və iqtisadiyyatında təsirinin artması, yeni geosiyasi layihələri reallaşdırması ABŞ-ı narahat edən əsas faktordur. İlk növbədə Çini zəiflətmək və onun bu siyasətinin qarşısını almaq üçün Vaşinqton çox ciddi planlar hazırlayır”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Politoloq bu qənaətdədir ki, ABŞ prezidenti Donald Trampın Çinlə ticarət müharibəsi, ABŞ-ın özünün və digər ölkələrin şirkətlərini Çindən çıxarması, G7 konfransında Çinə qarşı koalisiyanın formalaşdırlamasının planlanması Çinin izolyasiyasına hesablanıb: “ABŞ-ın hazırda əsas strategiyasının təməli Çini zəiflətməkdir. Şərqi Türküstanda insan hüquqlarının kobud surətdə pozulmasına görə Vaşinqtonun Pekinə sanksiyalar tətbiq etməsinə görə artıq narazılıq ortaya qalxıb. Çin ABŞ-ı daxili işlərinə qarışmaqda iddiham edir. ABŞ bütün istiqamətlərdə Çinə qarşı hücuma keçib. Qeyd edim ki, Hindistan-Çin sərhədində silahlı toqquşma məhz proseslərin tərkib hissəsidir. Çin məhz Hindistanın kim tərəfindən ortaya atıldığını bildiyinə görə dərin münaqişəyə getmir. Problemin danışıqlar yolu ilə həllində maraqlıdır. Hazırkı vəziyyətdə Çin müharibədə maraqlı deyil. Amma Hindistan irəliyə gedərsə, bu ölkəyə sarsıdıcı zərbələr vura bilər. Həmçinin Kəşmirdə Pakistan Hindistan mövqelərinə hücum edər. Hazırkı situasiyada Hindistanın məğlub olması qaçılmaz olar. Amma Hindistanda millətçi Modi hökuməti Pakistan və Çinə qarşı bəzi dairələrin sifarişini yerinə yetirir. Əvəzində ABŞ-dan ucuz silah alması ilə razılaşıb”.

Məhəmməd Əsədullazadənin fikrincə, Çin qlobal siyasətindən geri çəkilməsə, ABŞ Çin hazırladığı ssenariləri işə salacaq: “Yeni dünya nizamında ABŞ Çinə yer vermək istəmir. Qeyd edim ki, Çinin zəifləməsi “Bir qurşaq, Bir yol “layihəsi, Azərbaycandan keçən “Dəmir İpək yolu” layihələri artıq işləməyə bilər. Çünki Çindən dəmir yolu vasitəsi ilə gələn yüklər Azərbaycan üzərindən keçməklə Avropaya daşınır. Göründüyü kimi, ABŞ-Çin siyasi-iqtisadi toqquşması Azərbaycana da təsirsiz ötüşmür. Çinin geri çəkilməsi gözlənilmir. Amma mövqeləri kifayət qədər zəifləyəcək. ABŞ-da prezident seçkilərində Tramp yenidən seçilərsə, Çin üçün arzuolunmayan ssenarilər işə düşəcək”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org