ABŞ xarici işlər naziri Şimali Koreyaya yollanıb

    3

    Hurriyyet.org xəbər verir ki, ABŞ xarici işlər naziri Mayk Pompeo gözlənilmədən Şimali Koreyaya səfər edib. Pompeo təyyarədə juranlistlərə verdiyi açıqlamada Şimali Koreyada həbsdə olan 3 amerikalının azadlığa buraxılması üçün səy göstərdiklərini bəyan edib: “Məhbusların azadlığa buraxılmasını 17 aydır ki, tələb edirik. Bu gün yenidən danışacağıq. Onların həbsdən buraxılması gözəl bir jest olardı”. Pompeo jurnalistlərin kimlərlə görüşəcəyi ilə bağlı sualına dəqiq cavab verməkdən yayınaraq “ən yüksək vəzifəli rəhbərlərlə” deyə söyləyib.

    ABŞ prezidenti Donald Tramp dünən İranla nüvə müqaviləsini ləğv etdiyini bildirən çıxışı zamanı Mayk Pompeonun Şimali Koreyaya sürpiz səfəri barəsində də məlumat vermişdi.

    Qeyd edək ki, Pompeonun hələ aprel ayında, MKİ direktoru ikən Şimali Koreyaya gizli səfər edərək Kim Çen ilə görüşdüyü və məhz bu görüşdə əldə elədiyi uğura görə, Trampın onu xarici işlər naziri vəzifəsinə təyin elədiyi bəlli olub.

    ABŞ və Şimali Koreya liderlərinin yaxın zamanda görüşməsi gözlənilir. Hələlik tarix və yer bəlli deyil.

    Beləliklə, ABŞ bir gündə iki düşməninə qarşı həmləyə keçib: Şimali Koreyanı dosta çevirmək üçün addım atıb, İranla imzalanan nüvə sazişindən çəkilməklə isə ona qarşı düşmənçiliyi davam etdirəcəyini göstərib.

    Hurriyyet.org