ABŞ və Şimali Koreya prezidentlərinin görüşü nə vəd edir? – TƏHLİL

    6

    Trampla Kim Çen İn arasında baş tutacaq görüşdən ciddi nəticələr gözlənilmir

    Kreml və Pekin müxtəlif təsir mexanizmlərindən istifadə edərək Pxenyanın Vaşinqtonla yaxınlaşmasına mane olmağa çalışacaq

    Uzun illərdən bəri münasibətləri gərgin olan, hətta ara-sıra savaş səviyyəsinə belə, gəlib çatan ABŞ-la Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) arasındakı ilişkilər artıq yeni fazaya qədəm qoymaq üzrədir. Belə ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo bu günlərdə verdiyi açıqlamasında ölkəsinin Koreya yarımadasında sülhə nail olmaq üçün Şimali Koreya ilə əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib.

    Bundan başqa, o, tezliklə ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İn arasında görüşün keçiriləcəyini vurğulamaqla yanaşı, həmin görüşdən sonra iki ölkə arasında mövcud olan düşmənçiliyə son verilə biləcəyinə işarə edib: "ABŞ-la Şimali Koreya arasında uzun illərdir düşmənçilik var. İndi bu münaqişəni həll etmək, dünya üçün təhdidləri aradan qaldırmaq və insanlara bütün imkanların təmin edilməsi üçün iş birliyinə ümid edirik. Bu proses çox çətindir. Amma iki liderin görüşünün uğurla həyata keçməsinə çalışırıq". ABŞ-ın dövlət katibi əlavə edib ki, artıq Donald Tramp və Kim Çen İn arasında keçiriləcək görüşün tarixi və yeri müəyyənləşib. Onun sözlərinə görə, gələn həftənin əvvəlində bu barədə rəsmi məlumat veriləcək. Mayk Pompeo bildirib ki, danışıqların bir gün ərzində aparılacağı nəzərdə tutulsa da, müzakirələrdən asılı olaraq görüşün müddəti uzana bilər.

    Nəzərinizə çatdıraq ki, ABŞ-ın dövlət katibinin açıqlamasının ardınca Şimali Koreya lideri də mövzu ilə bağlı fikirlərini səsləndirib. Belə ki, Kim Çen İn Mayk Pompeo ilə görüşdən sonra "ABŞ prezidenti Donald Trampla görüşüm Koreya yarımadasında parlaq gələcəyi inşa etmək üçün atılmış addım olacaq", deyə bəyanat yayıb. Məsələnin maraqlı tərəfi ondadır ki, bundan dərhal sonra Koreya Xalq Demokratik Respublikası ABŞ vətəndaşı olan və Şimali Koreyada saxlanılan 3 nəfəri azad edib. Bu barədə məlumatı isə ABŞ prezidenti özünün "twitter" səhifəsində yazıb. Donald Tramp casusluq ittihamı ilə həbs edilən 3 amerikalının – Kim Donq-çul, Kim Sanq-duk və Kim Hak-sonqun dövlət katibi Mayk Pompeonun Şimali Koreyaya səfəri zamanı azad edildiyini və onunla birlikdə ABŞ-a yola düşdüklərini bildirib.

    Bütün bunlar onu deməyə əsas verir ki, Donald Tramp və Kim Çen İn ABŞ-la Şimali Koreya arasında uzun illərdən bəri əsən soyuq küləkləri artıq minimuma endirməyə, hətta yaxın gələcəkdə tamamilə səngitməyə çalışır. Lakin bu, heç də asan başa gələn məsələ deyil. Çünki ortada ABŞ-a rəqib olan, onunla bir çox məqamlarda maraqları toqquşduğu üçün kəllə-kəlləyə gələn Rusiya və Çin faktoru var. Məhz elə bu səbəbdən də bu ölkələr heç zaman Şimali Koreyanın ABŞ-la münasibətlərinin normallaşmasına razı ola, eyni zamanda buna imkan verə bilməzlər. Yəni Kreml, o cümlədən rəsmi Pekin müxtəlif təsir mexanizmlərindən, əllərində olan rıçaqlardan istifadə edərək Pxenyanın Vaşinqtonla yaxınlaşmasına mane olmağa çalışacaq. Budur, artıq bunun ilkin işartıları özünü biruzə verməkdədir. Belə ki, Şimali Koreya lideri bugünlərdə gözlənilmədən Çinə səfər edib. Çinin Dalayan şəhərində Kim Çen İnlə Çin lideri Si Cinpin arasında ikili görüşlər keçirilib. Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Turan Rzayevin sözlərinə görə, burada maraqlı məqamlardan biri çərşənbə axşamı Dalayan hava limanına Şimali Koreyanın "Air Koryo" aviaşirkətinin təyyarəsinin enməsi olub: "Halbuki Dalayan və Şimali Koreya arasında heç bir hava əlaqəsi yoxdur. Əslində baxsaq bu görüşdə olduqca maraqlı məqamlar var. Çünki bu görüş planlı deyildi və tamda ABŞ prezidenti Donald Trampla görüş ərəfəsində baş tutdu. Qeyd edim ki, martın sonlarında Şimali Koreya lideri Kim Çen İn qatarla Çinə səfər etmişdi. Bu onun 2011-ci ildə Şimali Koreyaya rəhbərlik etməyə başlamasından sonra ilk xarici səfəri olub. Onun atası Kim Çen İr heç zaman hava nəqliyyatından istifadə etməyib. O dəfələrlə özünün xüsusi qatarı ilə Çinə və Rusiyaya səfərlər edib. Lakin oğlu Kim Çen İn isə hətta ölkə daxilində belə dəfələrlə hava nəqliyyatından istifadə edib". Turan Rzayev bildirir ki, Kim Çen İnin Çinə ilk səfərindən sonra xarici siyasətdə tam fərqli bir Şimali Koreya göründü: "Hətta bu görüş sonrası Şimali Koreya ilə Cənubi Koreya arasındakı yarım əsrə yaxındır davam edən müharibənin yekunlaşdığına şahid olduq. Bu zaman belə bir sual ortaya çıxır. Kim Çen İn niyə gözlənilmədən Çinə səfər etdi? Həm də bu qədər gizli şəkildə. Düşünürəm ki, Şimali Koreya lideri ABŞ prezidenti Donald Tramp ilə görüş öncəsi müəyən dərəcədə ehtiyat edir. Xüsusən də Trampın provakasyon həmlələri yenicə dünyada özünə yer etməyə çalışan Şimali Koreyaya zərər vura bilər. Bu baxımdan, deyə bilərəm ki, Kim Çen İnin Çinə bu ani səfəri məhz Çin rəhbəri Si Cinpindən Trampla görüş öncəsi məsləhət xarekterlidir".

    Gördüyünüz kimi, Şimali Koreya liderinin gözlənilmədən Çinə səfər etməsi Kim Çen İnin bir növ özünü sığortalama cəhdi kimi dəyərləndirilməlidir. Ehtimal etmək olar ki, o, Donald Trampla görüşməzdən öncə ya Rusiyaya səfər edəcək, ya da Vladimir Putinlə telefon əlaqəsi saxlayıb, onun bu mövzunu ilə bağlı fikirlərini, daha doğrusu Kremlin mövqeyini öyrənməyə çalışacaq. Çünki Kim Çen İn gözəl bilir ki, Rusiya və Çinin xeyir-duası olmadan Şimali Koreya nə ABŞ-la yaxınlaşa, nə də Cənubi Koreya ilə ortaq hərəkət edə bilər. Bu səbəbdən də o, Trampla görüşməzdən öncə müttəfiqlərinin məsələyə münasibətini öyrənmək niyyətindədir.

    Yeri gəlmişkən, bu yaxınlarda sözügedən mövzu ilə bağlı açıqlama verən politoloq İlqar Vəlizadə qeyd edib ki, Donald Trampla Kim Çen İn arasında görüş baş tutarsa, çox güman ki, gərgin keçəcək: "Çünki tərəflərin baxışları əks diametraldır". Bundan başqa, o, əlavə edib ki, ABŞ prezidenti ilə Şimali Koreya lideri arasında baş tutacaq görüşündən konkret nəticə gözləmək sadəlövhlük olar. Təxminən, eyni mövqedən çıxış edən siyasi icmalçı Qabil Hüseynli isə hesab edir ki, möhtəşəm görüşün gözlənildiyi barədə deyilənlər siyasi gedişdir. Onun fikrincə, Donald Tramp bu yolla qarşısındakı rəqibinə müəyyən pozitiv düşüncələri təlqin eləməyə çalışır: "Diplomatiyada bu sınanmış metoddur, qarşı tərəfi yola gətirmək üçün, qarşı tərəfdə duran adamın ruhi-psixoloji vəziyyətində problemlər varsa bu metod xüsusilə vacib hesab olunur". Rusiya və Çinin Şimali Koreya kartından ABŞ-a qarşı istifadə etdiyini vurğulayan politoloqun fikrincə, Donald Trampla Kim Çen İn görüşsə belə, bunun elə də ciddi nəticəsi olmayacaq. Çünki Ağ Ev Pxenyandan nüvə silahı və ballistik raketlərin istehsalından əl çəkməsini tələb edir. Kim Çen İn isə heç vaxt bununla razılaşa bilməz. Əslində, Şimali Koreya istəsə belə, bu, mümkün deyil. Ona görə ki, bu halda Kim Çen İn Kreml və Pekinin müdafiəsindən, onların himayəsindən məhrum ola, ölkəsini ABŞ-ın boyunduruğu altına verə bilər. Odur ki, bütün bunları nəzərə alaraq, qəti əminliklə demək olar ki, ABŞ prezidenti ilə Şimali Koreya lideri arasında baş tutacaq görüşdən, mövcud problemlərin həllinə təsir edə biləcək hər hansı ciddi nəticə əldə olunmayacaq.

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org