ABŞ VƏ TÜRKİYƏ ARASINDA MÜMKÜN SURİYA ANLAŞMASI…

    3

    Natiq Miri: “4 iyun görüşündə Menbiç məsələsinə nöqtə qoyula bilər”

    Xəbər verildiyi kimi, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Mayk Pompeo iyunun 4-də Vaşinqtonda görüşəcəklər.

    Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Türkiyə-ABŞ işçi qrupunun Menbiçdə təhlükəsizlik və sabitliyin təmin edilməsi məsələsində əməkdaşlıq üçün bir yol xəritəsinin ana xəttlərini hazırladığı bəyan edilib.

    Bildirilir ki, görüşün əsas mövzusu olan Menbiç məsələsi ilə bağlı iki ölkə arasında hazırlanan mətnin yekun versiyası görüşdən sonra bəyan ediləcək.

    Ancaq dünən ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hazer Nayert Suriyanın Menbiç şəhərilə bağlı Türk rəsmiləri ilə keçirilən görüşdən hələlik nəticə çıxmadığını bildirib.

    H. Nayert onu da deyib ki, ABŞ dövlət katibi Mayk Pompeonun danışıqları davam etdirmək üçün 4 iyunda Vaşinqtonda xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü dörd gözlə gözlədiyini bilirəm.

    Görünür ki, 4 iyun Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun görüşü Türkiyə-Amerika arasındakı gərginliyi aradan qaldırmağa səbəb olacaq qədər əhəmiyyətli bir görüşdür. O baxımdan, ABŞ dövlət katibi Mayk Pompeo da bu görüşü dörd gözlə gözləyir.

    ABŞ-ın Suriyanın şimal bölgələrində, xüsusən Menbiçdə idarəetməni və təhlükəsiziyi tənzimləmək niyyətinə rəğmən, ABŞ-ın Suriyanın şimalındakı “terror dəhlizi” planı Türkiyənin müdaxiləsi nəticəsində pozulduqdan sonra indi də bu planı Suriyanın cənubunda həyata keçirməyə qərar verib. Bildirilir ki, artıq cənubda yeni terror təşkilatları qurulur. Raqqadan çıxarılanan İŞİD komandirlərinin hazırda yerləşdiyi Əl-Tanfda bir çox terrorçu qruplara təlim verilir. Bu qruplar isə Türkiyə və Azad Suriya Ordusu tərəfindən qəbul edilməyən və ABŞ-ın pulla təşkil etdiyi terror qrupları kimi tanınır. ABŞ bununla da İŞİD terrorunu bəhanə edərək Suriyada qalmağın zəminini hazırlayır. Cənubda düşünülən yeni dəhliz eyni zamanda İraq neftlərini Ağ dənizə çatdıracaq bir marşrut olacaq.

    Türkiyənin hərbi müdaxiləsindən sonra Suriyanın şimalında “terror dəhlizi” planı baş tutmayan ABŞ yeni “terror dəhlizi” məqsədilə artıq B planını həyata keçirmək üçün Əl-Tanf bazasında təlim verdiyi terrorçuları hərəkətə keçirəcəyi bildirilir. Bununla da Suriyadakı müharibəni cənuba sürüşdürəcək planlaşdırmalar, ABŞ-ın İngiltərə və Fransanın tərəfdaşlığı ilə həyata keçirdiyi raket hücumundan sonra daha da aydın görünməyə başlayıb. İndi Əl-Tanf bölgəsi ABŞ, İngiltərə və İsrailin Suriya planlarında böyük əhəmiyyət daşıyır.

    “Menbiç modeli xüsusi əhəmiyyət daşıyır”

    “ABŞ BU MƏSƏLƏDƏ İTİRMƏYƏ MƏHKUMDUR”

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Mayk Pompeonun iyunun 4-də Vaşinqtonda keçiriləcək görüşü ilə bağlı Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri “Hürriyyət”ə dedi ki, Menbiç məsələsində ortada hər iki tərəfin təklif etdiyi bir yol xəritəsi var: “Sadəcə 4 iyunda bu təkliflərin uzlaşdırılmasına ehtiyac var. Ola bilsin ki, 4 iyun görüşündə Menbiç məsələsinə son nöqtə qoyula bilər. Burada söhbət Menbicdən PKK/YPG terrorçuları çıxarılandan sonra Menbiçin idarə olunması və təhlükəsizliyini təmin edəcək idarəetmədən, yəni kimlərin bunu həyata keçirməsindən gedir. Bu məsələdə müəyyən problemlər var. Çünki ABŞ xüsusilə də Azad Suriya Ordusunun Menbiçə girməsi və təhlükəsizliyi təmin etməsini qətiyyən rədd edir. Ancaq Türkiyə maraqlıdır ki, Türkiyənin təhlükəsizlik xidmətləri ilə bərabər, Azad Suriya Ordusu əsgərləri də Menbiç və digər bölgələrdə təhlükəsizliyi təmin etsin. Məhz bu kontekstdə ABŞ-la Türkiyə arasında hələlik ortaq bir fikrə gəlmək mümkün olmayıb. Ola bilsin ki, Çavuşoğlunun da iddia etdiyi kimi, Menbiç və digər bölgələrdə də ümumi bir razılaşma əldə olunsun. Bu razılaşma da ondan ibarət ola bilər ki, bölgələrin yarısı Türkiyə tərəfindən, yarısı isə ABŞ tərəfindən idarə olunsun və təhlükəsizliyi də məhz həmin dövlətlər tərəfindən təmin olunsun. Əgər konkret Menbiçdə bir idarəetmə formulu 4 iyunda razılaşdırılacaqsa, gələcəkdə Suriyanın şimalında yerləşən bütün bölgələrdə, eyni zamanda PKK-nın indi nəzarəti altında olan Kobani və digər bölgələrdə də eynən Menbiç modelinin tətbiqi həyata keçirilə bilər. Ona görə də Menbiç modeli xüsusi əhəmiyyət daşıyır. Düşünürəm ki, artıq bu yöndə çox qısa zamanda razılaşma əldə olunacaq. Çünki bunun artıq alternativi yoxdur”.

    “ABŞ YPG güclərini legitimləşdirmək istəyindədir”

    N.Miri onu da nəzərə çatıdırdı ki, ABŞ YPG terror qruplaşmasının üstündən terror sözünün götürülməsində maraqldır: “Ona görə də ABŞ YPG güclərini PKK-dan ayıraraq bu bağı tamamilə qoparmaq istəyindədir. Yəni ABŞ bir növ YPG güclərini legitimləşdirmək istəyindədir. O baxımdan, bu yöndə də Türkiyə ilə müəyyən mənada ciddi müzakirələr olacaq”.

    “Menbiç məsələsindəki anlaşma xüsusi əhəmiyyət daşıyır”

    “Əgər Menbiç məsələsində ortaq bir anlaşma modeli ortaya qoyularsa, bu, artıq Amerika ilə Türkiyə arasında olan gərginlyi ilk dəfə zəiflədəcək. Məhz buradan çıxış edərək Türkiyə-ABŞ arasında olan problemlərin həll olunmasına bir açar olaraq istifadə olunacaq. Düşünürəm ki, məhz buna görə Menbiç məsələsindəki anlaşma xüsusi əhəmiyyət daşıyır”,-deyə politoloq vurğuladı.

    “Türkiyənin cənubda yaradıla biləcək “terror dəhlizinə” müdaxiləsi mümkün görsənmir”

    “Türkiyə Suriyanın şimal hissəsində ABŞ-ın “terror dəhlizi” yaratmaq planını pozsa da, ABŞ indi də Suriyanın cənubunda bu planı həyata keçirməyə çalışır. ABŞ-ın bu planı baş tutacaq və Türkiyə bu plana da müdaxilə edəcək” sualına N.Miri belə cavab verdi: “Doğrudur, ABŞ Suriyanın əvvəl şimalında bir “terror dəhlizi” yaratmaq istəyirdisə, bu planı Türkiyə ordusu keçirdiyi əməliyyatlarla tamamilə pozdu. Ancaq bu plan sadəcə olaraq qısa müddətli təxirə salındı. Artıq görsənir ki, Suriyanın cənubunuda B planını ABŞ dövriyyəyə daxil edib və bu yöndə Əl-Tanf bölgəsində yeni terror düşərgələrində xaricdən idxal olunan terrorçular vasitəsilə xüsusi əməliyyat apara biləcək terrorçulara təlim keçirilir. Məhz bunların vasitəsilə Suriyanın cənubundan İsrail və İordaniyanın sərhədlərinə qədər ola biləcək yeni bir “terror dəhlizi” yaratmaq istəyirlər. Məhz bu dəhlizdən çəkiləcək kəmər vasitəsilə ABŞ İraqdan gələn nefti Ağ dənizə çıxarmaq, oradan da Qərb dünyasına daşımaq istəyirlər. Amma Türkiyənin bu bölgəyə müdaxilə etmək imkanları məhduddur. Çünki Türkiyə bu bölgələrdə yoxdur. Bu bölgələrdə mövcud olan ABŞ-ın nəzarətində olan PKK/YPG terrorçularıdır və Deyrzorun müəyyən hissələrində Suriyanın hərbi qüvvələri yerləşməkdədir. Ancaq son günlər hiss olunur ki, Əsəd rejiminin hərbi qüvvələri də tədricən bu bölgələri tərk edərək PKK-ya təhvil verməkdədir. Bu faktın özü də göstərir ki, ABŞ-ın Suriyanın cənubunda yaratmaq istədiyi “terror dəhlizi” planının içərisində Əsəd rejimi də yer alır. Əks təqdirdə bu bölgələrdən Əsəd rejiminin öz hərbi qoşunlarını çıxarması açığı heç cür anlaşılan deyil. Ona görə də Türkiyənin cənubda yaradıla biləcək “terror dəhlizinə” müdaxiləsi hələlik mümkün görsənmir. Çünki bu bölgələrdə Türkiyənin varlığı mövcud deyil. Ona görə də Türkiyə birbaşa bu bölgəyə müdaxilə edə bilmir. Türkiyə yalnız öz sərhədləri boyunca, yəni Suriyanın şimal sərhədləri boyunca öz təhlükəsizliyini təmin etmək üçün hüquqi zəmin əldə etdiyi üçün bu proseslərə ciddi şəkildə müdaxilə edə bilir. Ancaq Suriyanın cənubu Türkyənin sərhəd boyu olmadığı üçün Türkiyə ciddi mənada bu bölgələrə hərbi müdaxilə edə bilmir”.

    “Əlbəttə ki, belə bir “terror dəhlizinin” yaranması Türkiyə üçün arzuoluan bir məsələ deyil. Ancaq Türkiyənin sərhədlərinə birbaşa təhlükə törətmədiyi üçün Türkiyə hüquqi zəmində bir iş görə bilmir. Suriyanın şimalı Türkiyə ilə birbaşa həmsərhəd bölgəsi olduğu üçün Türkiyə hüquqi əsasda zəmin yaradaraq birbaşa hərbi müdaxilə edə bilir. Ancaq cənubda birbaşa sərhəd bölgəsi olmadığı üçün Türkyə hərbi müdaxilə etmək imkanlarına malik deyil”,-deyə politoloq əlavə etdi.

    Şamo EMİN, Hurriyyet.org