ABŞ RUSİYANIN ƏLİNDƏN “PEŞKA”SINI ALMAĞA ÇALIŞIR

    3

    Tramp administrasiyası İrəvanı Kremlin təsir dairəsindən çıxarmağa yaxındır

    Moskva ondan uzaqlaşmağa çalışan Ermənistanı ciddi şəkildə cəzalandırmaq barədə düşünür

    Bu gün dünya bazarında neftin qiymətini müəyyənləşdirən, yəni "qara qızıl" vasitəsilə iqtisadi və siyasi maraqlarını reallaşdıran əsas güclərdən biri də məhz ABŞ-dır. Ağ Ev bunu israrla inkar etməyə çalışsa da, artıq çoxlarına bəllidir ki, rəsmi Vaşinqton bir sıra taktiki gedişlərilə neftin qiymətinə birbaşa təsir etmək iqtidarındadır. Bu isə öz növbəsində, bir sıra dövlətlərlə yanaşı, Rusiyanın da maraqlarına zidd olduğundan Kreml ara-sıra Ağ Evlə münasibətlərini yenidən gözdən keçirməli olur.

    Ümumiyyətlə, dünya bazarında neftin qiymətinin qalxması bir sıra ölkələrin iqtisadi cəhətdən dirçəlməsinə gətirib çıxardığı kimi, "qara qızıl"ın qiymətinin aşağı düşməsi də başda Rusiya olmaqla, bəzi dövlətlərin ciddi maliyyə itkisinə məruz qalmasına səbəb olur.

    Hazırda neftin böyük bir güc olduğunu, eləcə də son zamanlar ABŞ-ın sərgilədiyi xarici siyasətin bir sıra mühim məqamlarını nəzərə alsaq, o zaman enerji resurslarının Ağ Evin yeni siyasətinin əsas təməl rıçaqlarından biri olacağı barədə verilən proqnozların həqiqətə uyğun olduğunu demək olar. Təhlillər göstərir ki, ABŞ-ı idarə edən siyasi güclərin – Demokratlar və Respublikaçılar partiyalarının varlığı isə bu siyasətin yalnız bəzi tərəflərini dəyişməyə imkan verir. Heç kimə sirr deyil ki, adıçəkilən partiyalar neçə illərdir ki, dünyanı idarə edir və bir sıra ciddi nəticələr əldə etməyə müvəffəq olublar. Təbii ki, Respublikaçılarla Demokratları bir-birindən ayıran mühim amillər var. Məsələn, Respublikaçılar Partiyası dünyada ABŞ-ın hegemon bir güc olduğunu müdafiə edir. Məhz bu səbəbdən də sözügedən siyasi təşkilat zor işlətməkdən çəkinməyən, iqtisadi rifahdan daha çox "Amerika hegemonluğunu" dəstəkləyən, siyasi anlamda "Amerikalı beynəlmçilər" adını almış bir partiyadır. Bu partiyanın iqtisadi dəstəkçiləri arasında isə silah sənayeçiləri və neft şirkətləri var. Respublikaçıların iqtisadi dəstəkçiləri beynəlxalq arenada önəmli işlər görsələr də, onlar "Hər şeydən öncə amerikalıyıq" devizini rəhbər tutan şirkətlərdir.
    Demokratlar Partiyasına gəlincə, o, daha çox içinə qapanmış, "İlk öncə Amerika xalqının iqtisadi rifahı" deyən, "demokratik" anlayışı önə çıxaran siyasi təşkilatdır. Odur ki, o, adətən sülh dövrlərində, konkret bir rifah sisteminə nail olduqdan sonra pul qazana bilən, elmi fəaliyyət və maliyyə sektorunda iqtisadi təşkilatlar tərəfindən dəstəklənir. Bu tip şirkətlər əsasən Rusiyada rus, Fransada fransız, Almaniyada alman, Amerikada amerikalı anlayışına müsbət yanaşırlar. Gəlirlərinin əsas səbəbi iş gördükləri ölkələrdəki rifah və demokrtiya səviyyəsinin yüksək olmasıdır.

    Gördüyünüz kimi, sözügedən partiyaları xarakterizə etdikdə ciddi fərqlər diqqəti çəksə də, hakimiyyət başında olduqları dönəmdə yetirdikləri siyasətin müəyyən mənada oxşarlıq təşkil etdiyi açıq şəkildə özünü biruzə verir. Bildiyiniz kimi, bu gün ABŞ-da Donald Trampın timsalında Respublikaçılar Partiyası iqtidardadır. Və artıq rəsmi Vaşinqton Cənubi Qafqazla bağlı Demokratlar Partiyasından bir qədər fərqli strategiya yürütməkdədir. Bu isə müəyyən müddətdən sonra bölgədə ciddi dəyişikliklərin olacağını qaçılmaz edir. Çünki Gürcüstan məsələsinin hələ də tam həll olunmaması, Ermənistanın Rusiyanın silah anbarına çevrilməsi, eləcə də Azərbaycanda maraqları olan dövlətlərin ara-sıra üz-üzə gəlməsi Ağ Evi narahat etməkdədir. Odur ki, həm Cənubi Qafqazı Kremlin nəzarətindən çıxarmaq, həm də Xəzər hövzəsində tam şəkildə söz sahibi olmaq üçün rəsmi Vaşinqton yeni taktika seçib. Həmin taktika ilk olaraq Gürcüstanı birdəfəlik Rusiyadan ayırmağa və rəsmi Tiflisin Moskvadan asılılığına son qoymağa hesablanıb. Düşmən ölkə Ermənistan isə ABŞ-ın Cənubi Qafqazla bağlı planlarında ikinci sırada qərarlaşıb. Bu ölkə bütün əlamətlərinə görə Rusiyanın forpostu kimi qəbul edilir. Odur ki, Ağ Evin ilk vəzifəsi rəsmi İrəvanı Kremlin təsirindən qurtarmaqdır. Buna görə də rus ordusunun bu ölkədən çıxarılması və Ermənistandakı rus şirkətlərinin payının azaldılması önəmli cəhətlərdən biri sayılır.

    Ümumiyyətlə, son aylarda Ermənistanda cərəyan edən hadisələri diqqətlə incələdikdə belə məlum olur ki, Tramp administrasiyası düşmən ölkəni Rusiyanın təsir dairəsindən çıxarmağa yaxındır. Belə ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyan ölkəsinin bundan sonra da Rusiya ilə sıcaq münasibətdə olacağına dair vəd versə də o, əməldə bunun tam tərsini icra etməkdədir. Yəni açıq-aşkar şəkildə Qərbyönümlü strategiya müəyyənləşdirməyə çalışan Nikol Paşinyan ölkənin ən strateji postlarına, məsələn müdafiə və xarici işlər nazirliklərinə, Milli Təhlükəsizlik Şurasına ABŞ-ın təsiri altında olan şəxsləri rəhbər təyin edib. Söz yox ki, bütün bunlar Kremli ciddi şəkildə narahat edir. Lakin görünən odur ki, Paşinyana xeyir-dua verən qüvvələr nəyin bahasına olursa-olsun Ermənistanda ABŞ-ın mövqelərini məhkəmləndirməyə can atır. ABŞ-ın Ermənistandakı səfiri Riçard Milzin son açıqlaması da deyilənləri bir daha təsdiqləyir. Belə ki, ötən illə müqayisədə Ermənistanın enerji sektoruna ABŞ-ın investisiya yatırma imkanlarının artdığını vurğulayan səfir Nikol Paşinyanın rəhbərlik etdiyi yeni hökumətlə bu barədə razılığa gəlməyin mümkünlüyündən danışıb: "Mən yeni hökumətin nümayəndələri ilə görüşmüşəm və düşünürəm ki, onlar energetika bazarının liberalizasiyasını istəyirlər. Məhz bu bizə lazımdır". Qeyd edək ki, Ermənistan mətbuatı bir müddət əvvəl ABŞ-ın Ermənistanın energetika sektoruna 8 milyard dollar yatırmağa hazır olduğunu bəyan edib. Bunun üçün isə rəsmi İrəvan Ermənistanın energetika sektoru tam şəkildə nəzarətində saxlayan Rusiyanı sözügedən sektordan uzaqlaşdırmalıdır.

    Yeri gəlmişkən, nəzərinizə çatdıraq ki, bu gün düşmən ölkədə əhaliyə enerji satışını Ermənistan Elektrik Şəbəkələri Qapalı Səhmdar Cəmiyyəti həyata keçirir. Bu şirkət isə rusiyalı milyarder Samvel Karapetyanın "Taşir" şirkətinə məxsusdur. Yəni dolayısıyla, Ermənistan əhalisinin elektrik enerjisi ilə təminatı da məhz Moskvanın əlindədir. Elə bu səbəbdən də Vaşinqton İrəvanın Kremldən asılılığını minimuma endirmək məqsədiylə Ermənistanın energetika sektoruna 8 milyard dollar yatırmağı planlaşdırır. Əslində bunun reallaşmaq ehtimalı kifayət qədər yüksəkdir. İlk öncə ona görə ki, Nikol Paşinyan Serj Sarkisyandan fərqli olaraq Rusiyameylli yox, Qərbmeyilli biridir. Və buna görə də ölkənin idarə olunmasında ən vacib postlara, bu və digər formada ABŞ-ın təsir dairəsində olanları gətirir. Bu isə öz növbəsində, Moskvanın kəskin etirazına, narahatlığına səbəb olur. Bir neçə gün əvvəl "Rosneft" şirkətinin vitse-prezidenti və mətbuat katibi, tanınmış rusiyalı telejurnalist Mixail Leontyevin "Komsomolskaya Pravda" radiosunun efirində səsləndirdiyi fikirlərə diqqət yetirdikdə aydın şəkildə görünür ki, Kreml ondan uzaqlaşmağa çalışan İrəvanı ciddi şəkildə cəzalandırmaq barədə düşünür. Belə ki, "Gəlin tam açıq danışaq. Ermənistan tarixən siyasi, fiziki və maddi cəhətdən Rusiya üçün yük olub" deyən Leontyevin fikrincə, əgər Ermənistan belə edirsə, onda sərt olmaq lazımdır: "Biz qanımızla, həyatımızla, qoşunumuzla, qazımızla, pulumuzla bu xalqı xilas etmişik. Əgər onlar bizdən ayrılmaq istəyirlərsə, onda biz hər şeyə son qoymalıyıq. Onlar bu gün son bəyanatına kimi siyasi karyerasında Rusiyanın əleyhinə olan bir adam üçün (Nikol Paşinyan nəzərdə tutulur) mitinq keçirirlər. Qeyd edim ki, onun son bəyanatı tamamilə əvvəl dediklərinə ziddir. Əgər onlar uzaqlaşmaq istəyirlərsə, onda buyursunlar və qardaş xalq olan Azərbaycan xalqı ilə münasibətlərimizi korlamağa son qoysunlar. Erməni xalqı istisnasız olaraq bizim sayəmizdə bu gün mövcuddur. Bu xalqın bizi şantaj etmək haqqı yoxdur. Əgər kimsə balaca ağzını açıb belə bir şey söyləyəcəksə, onda o, bu faktı başa düşməlidir ki, Rusiya olmasaydı, fiziki cəhətdən nə Ermənistan olardı, nə də bir erməni. Təbiətdə erməni ola bilməzdi".

    Gördüyünüz kimi, "Rosneft" şirkətinin vitse-prezidentinin səsləndirdiyi fikirlər də bir daha onu təsdiqləyir ki, Rusiya tarix boyu ermənilərdən peşka kimi istifadə etməklə maraqlarını reallaşdırmağa çalışıb və əksər hallarda buna nail olub. Bu gün isə ABŞ Nikol Paşinyanın vasitəsiylə Rusiyanın əlindən peşkasını almağa çalışır.

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org