ABŞ, Rusiya və Səudiyyə neft bazarındakı vəziyyətə görə birləşir

36

Aşağı qiymətlər bütün iri hasilatçıları hərəkətə keçirdi

ABŞ, Rusiya Federasiyası və Səudiyyə Ərəbistanı dünya bazarında neftin qiymətinin çökməsi problemi ilə birlikdə məşğul olacaqlar.

Bu barədə keçirdiyi brifində jurnalistlərə ABŞ prezidenti Donald Tramp məlumat verib: “Mən bu barədə prezident Putinlə danışdım, həmçinin Səudiyyə Ərəbistanının varis şahzadəsi ilə söhbət etdim. Biz bununla hamımız birlikdə məşğul olacağıq, görək neynəyə bilərik”.

Prezident həmçinin qeyd edib ki, Rusiya və Səudiyyə Ərəbistanı məsələni müzakirə edirlər: “Mən də lazım gələndə, uyğun vaxtda onlara qoşulacam”.

Trampın sözlərinə görə, o, Putinlə “əla söhbət” edib. Bu söhbətdə koronavirusun iqtisadi təsirləri də müzakirə olunsa da, əsas mövzu məhz neft qiymətləri olub. ABŞ prezidenti deyib ki, ucuz qiymətlər istehlakçılara sərf edir, amma bu vəziyyət ölkə sənayesinin mühüm bir sahəsi olan neft sənayesini iflic edir. Onun sözlərinə görə, neftin hazırkı ucuzlaşması 1950-ci illərdəki vəziyyəti xatırladır.

Trampın bu açıqlamasından az sonra məlum olub ki, ABŞ-ın energetika naziri Den Bruyyetlə Rusiyalı həmkarı Aleksandr Novak arasında neft bazarındakı vəziyyətin müzakirəsinəhəsr olunmuş telefon danışığı da baş tutub.

ABŞ Energetika Nazirliyinin yaydığı açıqlamaya görə, nazirlər neft qiymətlərinin enməsinə qarşı tədbirlərləbağlı danışıb, dünyanın iri hasilatçıları və “Böyük İyirmilik” də daxil olmaqla istehlakçıları ilə dialoqu davam etdirmək barədə razılığa gəliblər./musavat.com/