ABŞ prezidenti Şimali Koreya lideri ilə anlaşa biləcək?

    6

    Elxan Şahinoğlu: “Razılaşma olsa, bu, Trampın xarici siyasətdə böyük uğuru olacaq”

    Xəbər verildiyi kimi, iyunun 12-də Amerika prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In görüşəcək. Görüşün baş tutması üçün Amerika və Şimali Koreya tərəfi ciddi-cəhdlə çalışır. Çünki görüş vaxtı müəyyənləşəndən sonra da Amerika və Şimali Koreya arasında müəyyən narazılıqlar olmuşdu. Hətta bir dəfə Amerika prezidentinin görüşdən imtina xəbəri yayıldı. Ondan sonra da Amerika və Cənubi Koreya hərbi qüvvələrinin birlikdə təlim keçməsi Şimali Koreya lideri Kim Çen Inı qəzəbləndirmişdi. Sonradan Şimali Koreya nümayəndə heyətinin Vaşinqtona səfəri prezidentlərin görüşünün baş tutacağı ehtimalını artırdı. Görünür, Koreya yarımdasında vəziyyətin sabitləşməsi və ABŞ-ın təhdidləri Şimali Koreya ldierinin əzmini qıra bildi.

    Bu arada Rusiya xarici işlər naziri Sergey Lavrovun Şimali Koreyaya səfəri də diqqəti çəkdi. Səfərin məqsədinin ABŞ-a mesaj olduğu ortadadır. Rusiya tərəfi üzdə Koreya yarımadasında vəziyyətin sabitləşməsində maraqlı olduğunu desə də, çox güman ki, arxada Amerika-Şimali Koreya yaxınlaşmasından narahatdır. Çünki Koreya yarımdasında vəziyyətin stabilləşməsi Kremlin marağında deyil.

    Dünən Rusiya Prezidenti Vladimir Putinlə KXDR rəhbəri Kim Çen Inın sentyabr ayında görüşə biləcəyi barədə xəbərlərin yayılması da onu göstərir ki, Rusiya Amerika-Şimali Koreya əlaqələrinin istiləşməsini istəmir. Çox güman ki, hər vəchlə bu əlaqələrin qarşısını almağa çalışır.

    Nəzərə alsaq ki, S. Lavrov 2009-cu illdən bəri Pxenyana bir dəfə də olsun geməyib və məhz Trampla görüş ərəfəsində səfər edib və indi də Kim Çen Inın Rusiya prezidenti V. Putinlə görüşü gözlənilir, o zaman aydın olur ki, Rusiya birmənalı olaraq ABŞ-Şimali Koreya münsibətlərini əngəlləmək məqsədi güdür.

    Maraqlıdır ki, ABŞ prezidenti Donald Tramp ilə Şimali Koreyalı həmkarı Kim Çen In arasında 12 iyun tarixində Sinqapurda baş tutacaq zirvə görüşünə daha bir əngəl çıxıb. Məlumata görə, Kim Çen In və onun heyəti Sinqapurda 5 ulduzlu “Fullerton” hotelində qalmağı üstün tutub. Hotelin VİP bölməsinin bir gecəsi isə 6000 dollardır. Ancaq Şimali Koreya hökuməti bu xərci ödəmək niyyətində deyil.

    ABŞ dövlət katibinin sözçüsü Heter Nouret isə bildirib ki, ölkəsi heç bir şəkildə Şimali Koreyanın xərclərini ödəməyəcək və bu xərcin üçüncü ölkə tərəfindən ödənməsinin də tərəfdarı deyil.

    Bunun qarşılığında Sinqapur hökuməti hotelin xərclərini qarşılaya biləcəklərini ifadə edib. Böhran davam edərkən sürpriz bir şəkildə təklif gəlib. Nobel Sülh Mükafatı laureatı olan Beynəlxalq Nüvə Silahlarından Tamamilə İmtina Edilməsi Hərəkatı (İCAN) 2017-ci ildə qazandıqları sülh mükafatından əldə edilən 1,1 milyon dolların bir qismi ilə hotelin xərclərini ödəyə biləcəklərini açıqlayıb.

    İCAN-ın üzvü Akira Kavasaki təkliflə bağlı bunları deyib: “Hərəkatımız nüvə silahlarından imtina etmək üçün fəaliyyət göstərir. Bu zirvənin nüvə silahından imtina etmək yolunda bir nəslin əldə edə biləcəyi ən yaxşı fürsət olduğuna inanırıq. Buna görə də Nobel pul mükafatını Koreya yarımadasında sülhü təmin etmək üçün xərcləməyə hazırıq”.

    Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Trampla görüşdən öncə üç yüksək çinli hərbçini də vəzifəsindən azad edib ki, bu qərarın məhz Donald Trampla Sinqapurda keçirilməsi gözlənilən görüşlə bağlı olduğu güman edilir. Məlumata görə, vəzifədən azad edilən şəxslər ölkənin siyasi kursunun dəyişməsinə və nüvə silahından imtina edilməsinə qarşı çıxırmışlar.

    Qeyd edək ki, KXDR-in xalq silahlı qüvvələr naziri Pak En Zik, Koreya Xalq Ordusunun Baş Qərargah rəisi Li Men Su, eyni zamanda ordunun Baş Siyasi İdarəsinin rəisi Kim Çon Qak vəzifələrindən azad ediliblər.

    “Tramp görüşün nəticə verəcəyinə arxayın olmasaydı, bu görüşə qatılmazdı”

    “Anjey Kaspşik elə varlanıb ki, ikinci villasını tikir” - POLİTOLOQ

    ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın gözlənilən görüşünü şərh edən “Atlas” Araşdımlar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Hürriyyət”ə dedi ki, Tramp görüşün nəticə verəcəyinə arxayın olmasaydı, bu görüşə qatılmazdı: “Təsadüfi deyil ki, görüşün baş tutub-tutmayacağı xeyli müzakirələrə səbəb oldu. Hətta bir dəfə Tramp görüşdən imtina edib, amma yenidən razılaşdı. Görünür, Şimali Koreyadan təminat alıblar ki, bəzi məsələlərdə razılaşma olacaq. Əgər razılaşma olsa, bu, Trampın xarici siyasətdə böyük uğuru olacaq. Çünki bir müddət əvvəl dünyanı ən çox narahat edən Şimali Koreyanın nüvə silahına malik olması və nüvə sınaqlarını davam etdirməsi idi. İndi nüvə sınaqları faktiki dayandırılıb və Şimali Koreya lideri Amerika ilə dialoqa hazır olduğunu bildirib. Əgər Trampla görüşdə kiçik nəticələr də qeydə alınarsa, bu, Tramp üçün çox böyük uğur sayılacaq. Bu, bölgə üçün də uğur olacaq ki, bölgə gərgin bir durumdan qurtulmuş olacaq. Əlbəttə, böyük nəticədən danışmaq doğru olmaz”.

    “Lavrovun Şimali Koreya səfəri paxıllıq hisslərindən irəli gələn bir addım idi”

    “Lavrovun Şimali Koreyaya səfəri, orada həmkarı və Şimali Koreya lideri ilə görüşməsi inanmıram ki, Şimali Koreyanın Amerika dialoquna hər hansı bir şəkildə təsir göstərsin. Bu, sadəcə, rus diplomatiyasının köhnə xasiyyətidir, Amerikanı qabaqlamaq üçün hər cür cəhdlərdən yararlanmağa çalışırlar. Sanki demək istəyirlər ki, Tramp Şimali Koreyaya getmədən öncə, biz getdik, görüşdük və bizi dinlədilər. Lavrovun Şimali Koreya səfəri sadəcə paxıllıq hisslərindən irəli gələn bir addım idi. Son illər onsuz da Şimali Koreyanın Rusiya ilə sıx ittifaqı da yox idi. Baxmayaraq ki, o dövlətin yardılmasında vaxtilə Sovet ittifaqının xidməti olub. Şimali Koreya xarici siyasət məsələlərində daha çox Çinlə məsləhətləşir. Ona görə, düşünürəm ki, Lavrovun Şimali Koreyaya səfəri və orada aparılan danışıqların Şimali Koreya-Amerika münasibətlərinə elə böyük təsiri olmaycaq”,-deyə politoloq qeyd etdi.

    “5-10 min dolların söhbəti elə bir problem olmayacaq”

    E. Şahinoğlu onu da əlavə etdi ki, liderlərin Sinqapurda yerləşəcəkləri hotelin hesabını Şimali Koreyanın ödəməməsi həddindən artıq kiçik bir məsələdir və çox şişirdilib: “Əlbəttə, başqa ölkənin əvəzinə, Amerikanın onun otel xərcini ödəməsi doğru olmazdı. Bu, həm də o mənaya gələcəkdi ki, Şimali Koreya Amerikanın təsiri altına düşüb. Mənə elə gəlir ki, bu kiçik bir məsələdir və həll olunacaq. Şimali Koreya nə qədər kasıb bir dövlət olsa da, Şimali Koreya liderinin Sinqapurda qalması üçün şərait də yaradılacaq, maliyyə məsələsi də həll olunacaq. Bu böyüklükdə məsələ, yəni nüvə silahı üzərində iş gedirsə, Sinqapurda 1-2 gün qalacaq Şimali Koreya nümayəndə heyəti üçün 5-10 min dolların söhbəti elə bir problem olmayacaq, qısa müddətdə məsələ həll olunacaq. Sinqapur qonaqları qəbul edən tərəfdir. Sinqapurun da mövqeyi aydındır. Çünki belə heyətlə tədbirə gələn tərəf xərcləri ödəməlidir. Qonaq bütün xərcləri ödəməməlidir. Yenə də təkrar edirəm, bu məsələ Sinqapurla Şimali Koreya arasında həll olunacaq. Əsas mövzu Şimali Koreya lideri ilə Amerika prezidenti arasında hansı razılaşmanın olcağıdır”.

    “Şimali Koreya lideri Amerika ilə dialoqun genişlənməsinə çalışır”

    “Görünür, azad olunan generallar Şimali Koreyanın xarici siyasətinin korrektəsini əleyinə olublar, daha kəskin mövqedən çıxış edərək dayanıbmışlar, Amerika ilə dialoqun da tərəfdarı deyillərmiş və əvvəlki siyasətin davamını görmək istəyirlərmiş. Belə fiqurlar Şimali Koraya liderinə mane olduğuna görə də onları dəyişmək məcburiyyətində qalıb. Onsuz da Şimali Koreya avrtoritar rejimdir, kimsə liderə qarşı bir söz deyə bilməz. Bu istefalar da ondan xəbər verir ki, Şimali Koreya lideri həqiqətən də Amerika ilə dialoqun genişlənməsinə çalışır”,-deyə politoloq vuğuladı.

    Şamo EMİN, Hurriyyet.org