ABŞ “narkoterrorçu” Maduroya qarşı irimiqyaslı hərbi əməliyyata başlayır – Venesuela sahillərinə ordu qüvvələri göndərildi

42

Dünyada koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda ABŞ Qərb yarımkürəsində narkoticarətə qarşı irimiqyaslı hərbi əməliyyatlara başladığını elan edib.

Virtualaz.org “Reuters”ə istinadən xəbər verir ki, bu barədə prezident Donald Tramp bildirib.

Amerika prezidenti qeyd edib ki, cinayətkarlar, terrorçular və narkokartellər koronavirusla bağlı situasiyadan öz xeyirlərinə istifadə etməyə hazırlaşırlar. “Biz buna imkan verməli deyilik”,-Tramp vurğulayıb.

Tramp bildirib ki, ABŞ-la birlikdə daha 22 ölkə bu əməliyyat üçün əməkdaşlıq edəcək. Trampla birlikdə brifinqdə iştirak edən müdafiə naziri Mark Esper isə bəyan edib ki, Amerika tərəfi və onun müttəfiqləri Karib hövzəsində və Sakit okeanın qərb hissəsində fəallığı artıracaq.

Bundan əlavə, əməliyyatın məqsədlərindən biri Venesuela diktatoru Nikolas Maduroya qarşı təzyiqləri artırmaqdır. “Bu, Maduronun rejimini təchiz edən narkotrafikə maliyyə dəstəyini azaltmalıdır”,-müdafiə naziri deyib.

Əməliyyatla bağlı Venesuela sahillərinə hərbi-dəniz qüvvələrinin əlavə esminetsləri, gəmiləri, təyyarələri, vertolyotları və sahil mühafizə katerləri göndərilir. Onların məqsədi narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını almaqdır. Hərçənd prezident Tramp ordu qüvvələrinin harada yerləşdiriləcəyini dəqiqləşdirməyb.

ABŞ “narkoterrorçu” Maduroya qarşı irimiqyaslı hərbi əməliyyata başlayır

Bununla belə Trampın milli təhlükəsizlik müşaviri Robert O`Brayen hərbi əməliyyatın Nikolas Maduroya qarşı yönəldiyini gizlətməyib. O deyib ki, ABŞ Venesuela rejiminə sərt təzyiqləri davam etdirəcək. Müşavirin fikrincə, bir çox ölkələrin bu əməliyyatda ABŞ-a dəstək verməsi Maduronun rejimini təchiz edən narkotrafikin qarşısını almağa imkan verəcək.

Xatırladaq ki, cəmi bir həftə əvvəl ABŞ Ədliyyə Nazirliyi Nikolas Maduronu və onun rejiminin bir sıra yüksək vəzifəli nümayəndələrini  “narkoterrorçu” elan edib. Birləşmiş Ştatlar ədliyyəsinin araşdırdığı cinayət işinə əsasən Nikolas Maduro və onun rejiminin nümayəndələri “Kolumbiya inqilabçı silahlı qüvvələri” ilə əlbir olaraq ABŞ-a narkotik maddələrin göndərilməsini təşkil edir. Maduronun və onun rejiminin nümayəndələrinin əməllərini “narkoterrorçuluq” kimi xarakterizə edən ABŞ Dövlət Departamenti Venesuela prezidentinin yerini deyənə 15 milyon dollar, onun yaxın ətrafına daxil olan şəxslərin yerini deyənlərə isə 10 milyon dollar mükafat təyin edib.

Daha sonra ABŞ Venesuelada demokratiyaya dinc keçid planı təqdim etdi və bu plana əsasən Latın Amerikası ölkəsində hakimiyyət həm Maduronun, həm müxalifət lideri Xuan Quaydonun qəbul etdiyi müvəqqəti Şuraya keçməli idi. Lakin Maduro bu planı rədd edib.