ABŞ mətbuatı Azərbaycan yəhudilərindən yazıb: “Müsəlman ölkəsinin yəhudi Milli Qəhrəmanı”

6

 “Səudiyyə Ərəbistanındakı müsəlman ərəb köçərilərin dəvə karvanları… Müsəlmanlar haqda ilk eşitdiyim fikir bu olub. İkinci Dünya müharibəsindən sonra – 1946-1947-ci illlərdə Səudiyyə Ərəbistanın neft mədənlərində çalışmış babam onları belə təsvir edirdi”.

ABŞ-ın “San Diego Jewish World” nəşri Azərbaycan barəsində məqaləsinə Səudiyyə Ərəbistanından başlayır. Məqsəd isə ölkəmizi digər islam ölkələrindən fərqləndirən Qərblilik yönünü müqayisəli şəkildə qabartmaqdır.

“Müsəlman ölkəsinin yəhudi Milli Qəhrəmanı” sərlövhəli məqalədə Dağlıq Qarabağ döyüşlərində şəhid olmuş Milli Qəhrəmanımız Albert Aqarunova duyduğumuz hörməti də nümunə kimi gətirən müəllif yazır:

“Səudiyyə Ərəbistanı ilə yeni müstəqillik qazanmış yəhudi dövləti – İsrail arasında müharibə başladıqdan sonra ona öz ölkəsinə qayıtmaq əmri verilmişdi…

 

Əslində, həmin müharibə müasir dövrdə də davam edir – istər səhralarda, döyüş meydanlarında, istərsə də diplomatiya sahəsində.

Digər tərəfdən, bu gün Şərqi Aralıq dənizi bölgəsində, yaxid Qafqaz regionunda da münaqişələr var və onlar hər an alovlana bilər. Onlardan biri də Qafqaz regionunda müsəlmanlarla xristianlar arasında 30 ildir davam edən münaqişədir. Doğrudur, 28 il əvvəl tərəflər arasında atəşkəs müqaviləsi imzalanıb və hələlik o, münaqişənin alovlanmasına imkan vermir. Lakin atəşkəs müqaviləsi, eyni zamanda, ATƏT-in Minsk qrupunun diplomatik səyləri həmin problemin – Dağlıq Qarabağ münaqişəsini həllinə hələ də yardım etməyib. Ermənistan hərbi birləşmələri Azərbaycan ərazisinin 20%-ni hələ də işğal altında saxlayır. Mən təmas xəttinə Azərbaycan tərəfdən yaxınlaşmışam. O zaman işğal altındakı ərazilərindən erməni hərbi birləşmələri dərhal atəş açmağa başlamışdılar. Bizi onlarla 500 yard (1 yard -0.9144 metr) məsafə ayırırdı. Açığı, ABŞ-ın dəniz piyadaları korpusunda 8 illik xidmətim dövründə belə atışma görməmişdim. Onlar Azərbaycan ordusunu Rusiya istehsalı olan artilleriya ilə atəşə tuturdu.

 

Həmin ərazidən bir neçə yüz mil məsafədə Ermənistan-Azərbaycan müharibəsi zamanı tank komandiri olmuş, 1992-ci ildə həyatını itirmiş Albert Aqarunovun heykəli ucaldılıb (2019-cu ilin noyabrında). Tank komandiri Albert Aqarunovun

23 yaşlı tank komandiri 1992-ci il mayın 7-də, Şuşa şəhəri uğrunda döyüşlərin son günündə erməni snayperi tərəfindən öldürülüb. Mahir tankçı olmuş Aqarunova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. O, yeni yaradılmış Ordunun Milli Qəhrəmanı idi. Bu Ordu yaxşı silahlanmış, müharibənin ilk illərində qəddarlıq nümayiş etdirən erməni-rus hərbi birləşmələrilə döyüşürdü. Elə Şuşanın işğalından 3 ay əvvəl – 1992-ci ilin fevralında həmin qüvvələr Xocalı şəhərində dəhşətli qətliam törətmişdi. Nəticədə yüzlərlə qadın, uşaq, yaşlı insan qətlə yetilmişdi.

 

Aqarunov döyüşlər zamanı idarə etdiyi tankın qətlə yetirilmiş əsgər yoldaşlarının cəsədi üzərindən keçməməsinə çalışırmış. Bu məqsədlə o, hər imkanda döyüş meydanından cəsədlərin götürülməsinə də yardım edirmiş. Onun nüfuzunu yüksəldən məqamlardan biri də budur.

Ölkələrin qəhrəmanları çox olur. Məsələn, ABŞ-ın Milli Qəhrəmanı, texaslı Odi Mörfi. O, İkinci Dünya müharibəsi zamanı ən çox mükafat alan əsgər kimi tarixə düşüb. Həmin müharibədə ən çox mükafata layiq görülmüş ikinci əsgər isə texaslı Kleto Rodriqezdir. Bəs amerikalıların onlar haqda hansı məlumatı var?

Albert Aqarunovla ABŞ-ın digər Milli Qəhrəmanları arasında bir böyük fərq var. Bu tank komandiri yəhudidirƏhalisinin 95%-i müsəlman olan Azərbaycan cənubda müsəlman ölkəsi İran, şimalda isə Rusiyanın müsəlman bölgəsi ilə həmsərhəddir. O, məhz bu ölkənin Milli Qəhrəmanıdır.

 

Araqunov 1986-1987-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olub. Xidmətin ilk illərini yük maşını sürücüsü kimi keçirib. Ermənistanın Azərbaycana təcavüzə başlaması ilə isə Araqunov erməni işğalçıları ilə mübarizə aparmaq üçün könüllü olaraq cəbhəyə yollanıb. Albert bu gün əhalisinin sayı 10 milyon olan Azərbaycanın yəhudi icmasının üzvü idi. Bu ölkədə yəhudi icmasına hər zaman böyük hörmətlə yanaşılıb.

Yeri gəlmişkən, hazırda Azərbaycanda təxminən 30 min yəhudi yaşayır. Onların əksəriyyəti paytaxt Bakıda və ölkənin şimalında yerləşən Qubada məskunlaşıb. Qubada yaşayan yəhudilər “dağ yəhudiləri” adlanır. Həmin bölgədə onların 2 sinaqoqu da var. Daha 2 sinaqoq paytaxt Bakıda fəaliyyət göstərir. Onların da biri dağ yəhudilərinə, digəri aşkenazi yəhudilərinə məxsusdur. Orada gürcü yəhudiləri üçün ayrı otaq da var.

Aşkenazi yəhudiləri əslən Almaniyadandır. Onlar Azərbaycanda təxminən 100 il əvvəl məskunlaşıblar. Neft sənayesi sahəsində pioner olan Azərbaycan həmin dövrdə bu işdə öncül yerlərdə qərarlaşırdı. İkinci Dünya müharibəsi zamanı 10 min aşkenazi yəhudiyə sığınacaq vermiş Azərbaycan bununla, onları nasistlərin Holokostundan qurtarıb.

 

İlk müstəqilliyini 1918-1920-ci illərdə yaşamış Azərbaycan o zaman da perspektivli ölkə sayılırdı. Hələ o dövrdə burada yəhudilər səhiyyə, hüquq, hərbi sahədə fəaliyyət göstərə, biznes qura və hökumətdə çalışa bilirdilər.

Azərbaycan qadınların səsvermə hüququnu 1918-ci ildə, yəni, ABŞ-dan da əvvəl tanıyıb. Lakin bu demokratik respublika 1920-ci ildə erməni-rus bolşevikləri tərəfindən süquta uğradılıb. Daha sonra kommunistlər sinaqoqları bağlayıb, 70 il ərzində yəhudilərin dinlə məşğul olmasına imkan verməyib. Bu vəziyyət 1991-ci ildə, yəni Azərbaycanın Sovet İttifaqından müstəqillik qazanması ilə başa çatıb.

Bu gün İsrailin neftə olan tələbatının 40%-ni Azərbaycan ödəyir. İsrail isə öz növbəsində bu müsəlman ölkəsinə milyardlarla dollar dəyərində silah tədarük edir.

İsrailli turistlər Azərbaycana böyük maraq göstərir. Buranı Roma Papası belə, ziyarət edib.

 

Son dövrlərdə Azərbaycanda müasir infrastruktur qurulur. Yeni dəmir yolu çəkilir, Xəzər dənizində müasir dəniz limanı istifadəyə verilib və s. Bakı onilliklərdir terrorla mübarizə aparan ABŞ-ın müttəfiqidir. Bu, 2001-ci ilin 11 sentyabr hadisəsindən sonra belədir. ABŞ bu məsələdə Azərbaycanın hava məkanından da istifadə edir.

Bu gün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərindən biri yəhudi qadındır. Tank komandiri, yəhudi Albert Aqarunov məhz bu ölkənin Milli Qəhrəmanıdır. Beləliklə, yəhudi dövləti İsraillə ərəb ölkələri arasında təxminən 50 ildir davam edən münaqişənin həllini axtararkən, Azərbaycanın tarixi nailiyyətlərinə nəzər yetirmək lazımdır.

Raul-Louveri Kontreras”. \\Ovqat.com