ABŞ HEÇ BİR HALDA SURİYADAN ÇIXMAYACAQ

    18

    Çünki bu, rəsmi Vaşinqtonun Avropa Birliyi ilə münasibətlərinə ciddi xələl gətirə bilər

    Eyni zamanda Bəsər Əsədin hələ uzun müddət hakimiyyətdə qalmasına, Suriyada Kreml və Tehranın maraqlarının tam şəkildə təmin olunmasına gətirib çıxaracaq

    Bu gün dünya mediasının gündəmini zəbt edən əsas mövzulardan biri və bəlkə də elə birincisi ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin yaxın vaxtlarda planlaşdırılan görüşüdür. Məhz elə bu səbəbdən də siyasi ekspertlər bununla bağlı müxtəlif səpkili fikirlər səsləndirir, hərə bir cür proqnoz verir. Qeyd edək ki, ABŞ-ın nüfuzlu CNN telekanalı da sözügedən mövzuya toxunub və Trampın Putinlə görüşdən ABŞ hərbçilərinin Suriyadan çıxarılması üçün istifadə etmək niyyətində olduğunu iddia edib.

    Belə ki, Trampın bu həftə ABŞ-ın Suriyadan çıxmasını İordaniya kralı II Abdullahla müzakirə etdiyini vurğulayan CNN hesab edir ki, Ağ Ev rəhbərinin planına əsasən, ABŞ Suriya hökumətinə İordaniya ilə sərhədi nəzarət altına almağa izn verəcək: "Əvəzində Rusiyadan buradakı müxaliflərin ölkəni tərk etməyə məcbur edilməyəcəklərinə dair zəmanət alacaq. Tramp həmçinin, Rusiyanın Suriyanın cənub-qərbində deeskalasiya zonası yaradacağını və buraya iranyönlü qüvvələrin girməsinə izn verməyəcəyini gözləyir. İranın Suriyadan qovulması ABŞ prezidentinin Suriya planının əsas hissəsidir". Məlumat üçün bildirək ki, ABŞ-ın vitse-prezidenti Maykl Pens də "Bloomberg" agentliyinə müsahibəsində Trampın Putinlə iqtisadi əlaqələri, eyni zamanda Ukrayna və Suriyadakı vəziyyəti müzakirə edəcəyini bəyan edib: "Görüş zamanı geniş əhatəli məsələlər müzakirə ediləcək. O cümlədən iqtisadı əlaqələr, Ukrayna və Suriyada vəziyyət, eləcə də Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə məsələsinə toxunulacaq".

    Heç kimə sirr deyil ki, ABŞ prezidenti indiyədək bir neçə dəfə Suriyada Bəşər Əsədə dəstək verdikləri üçün Rusiya və İranı kəskin şəkildə tənqid edib. Bununla yanaşı, o, ABŞ hərbçilərinin Suriyadan çıxarılmasına dair qərarın regionun digər ölkələri və müttəfiq dövlətlərlə aparılacaq məsləhətləşmələrdən sonra qəbul ediləcəyini elan edib. Lakin o da danılmaz faktdır ki, ABŞ-ın Avropadakı müttəfiqləri onun Suriyadan çıxmasının qəti şəkildə əleyhinədir və əgər Tramp belə bir qərar verərsə, o zaman Avropa Birliyi ölkələri Ağ Evlə daha sərt formada danışa bilər. Çünki ABŞ-ın Suriyadan çıxması Bəsər Əsədin hələ bir müddət də hakimiyyətdə qalması, Suriyada Rusiya və İranın maraqlarının təmin olunması deməkdir. Bu isə öz növbəsində, Avropanın öndə gedən dövlətlərinin maraqlarına ziddir. Əslində ABŞ-ın özündə də Amerikanın Suriyadan çıxmasının əleyhinə olan qüvvələrin sayı yetərincədir. Məsələn, ABŞ-ın müdafiə naziri Ceyms Matiz bu yaxınlarda NATO-nun Brüsseldəki qərargahında təşkil edilən iclasında ölkəsinin Suriyadakı hərbi iştirakının davam edəcəyini deyib. O, hesab edir ki, ABŞ koalisiyasının İŞİD əleyhinə savaşın başa çatmasından dərhal sonra Suriyanı tərk etməsi strateji səhv olar.

    Bu arada, ABŞ Senatının Silahlı Qüvvələr komitəsinin üzvü olan respublikaçı senator Lindsi Qraham Donald Trampa ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılmaması ilə bağlı xəbərdarlıq edib. Senator bildirib ki, bu addım İŞİD-in yenidən baş qaldırması və İranın Dəməşqdə Suriya hökuməti üzərində nüfuzunun artmasına gətirib çıxara bilər: "Bu, prezidentin qəbul edə biləcəyi ən pis qərar ola bilər. Biz İŞİD-in ipini yığmışıq. Onların ipini buraxmaq istəyirsinizsə, Amerika əsgərlərini çıxarın. Bu, fəlakət ola bilər. Suriya ətrafında 3 minə qədər İŞİD döyüşçüsü var. Əgər biz əsgərləri yaxın zamanda çıxarsaq, İŞİD geri dönəcək, Türkiyə və kürdlər arasında müharibə nəzarətdən çıxacaq və siz Dəməşqi Amerikanın mövcudluğu olmadan iranlılara vermiş olacaqsınız".

    Onu da qeyd etmək lazımdır ki, bu gün Suriyada kifayət qədər güclü mövqedə olan, əlindən gəldiyi qədər Əsəd rejimini dəstəkləyən İran belə, Donald Trampın ABŞ hərbçilərini Suriyadan çıxaracağına inanmır. Belə ki, İranın müdafiə naziri Əmir Hatəmi bu yaxınlarda sözügedən məsələ ilə bağlı verdiyi müsahibəsində bildirib ki, Trampın ABŞ hərbçilərinin Suriyadan çıxarılması niyyətində olduğu barədəki sözlərinə inanmır və bunu Suriyaya qarşı yeni sui-qəsd hesab edir: "Mən, bu sözləri Trapmpın dilindən eşidərkən, təəccüləndim. Nədən ki, ABŞ Suriyadakı iştirakını bu ölkəni bölmək məqsədi ilə planlamışdı. Mən buna inanmadım və özümdən soruşmağa başladım: onlar nə üçün belə bəyanat səsləndirirlər? Amma öz bilgilərimi və təcrübəmi nəzərə alıb, bunun yeni sui-qəsd olduğunu ehtimal edirəm". Əmir Hatəmi həmçinin, Tramp administrasiyası daxilində fikir ayrılığının təzahürlərinin bir sıra hərbçilərin və məmurların onunla razı olmadığının göstəricisi olduğunu bəyan edib.

    Gördüyünüz kimi, bütün bunlar onu deməyə əsas verir ki, ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin görüşü zamanı Suriya məsələsi müzakirə olunsa da, Amerika heç bir halda Suriyadan çıxan deyil. Çünki bir qədər əvvəl də qeyd etdiyimiz kimi, bu, rəsmi Vaşinqtonun Avropa Birliyi ilə münasibətlərinə ciddi xələl gətirə bilər. Bu addım eyni zamanda, Bəsər Əsədin hələ uzun müddət hakimiyyətdə qalmasına, Suriyada Kreml və Tehranın maraqlarının tam şəkildə təmin olunmasına gətirib çıxaracaq. Odur ki, Trampın bu cür böyük riskə gedəcəyi heç bir halda inandırıcı görünmür.

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org