ABŞ başda olmaqla əksər Qərb dövlətləri “Cümhur İttifaqı”na qarşı cəbhə açıb

    6

    Türkiyənin milli valyutasını zəiflətməklə Ərdoğanı iqtidardan uzaqlaşdırmağa, AKP hakimiyyətini laxlatmağa çalışırlar

    Bu, onu təsdiqləyir ki, Qərb dünyasının, xristian aləminin türk-müsəlman əhlini görməyə gözü yoxdur

    Qonşu və qardaş Türkiyə iyun ayının 24-də erkən seçkiyə gedəcəyini bəyan etdikdən sonra az qala bütün Qərb mediası bütün nəzər diqqətini bu məsələnin üzərinə yönəldib və hakim AKP ilə MHP-nin yaratdığı "Cümhur İttifaqı"na qarşı kəskin fikirlər səsləndirir, ictimai rəyi çaşdıraraq onların məğlub olacağını bəyan edirlər. Təbii ki, bütün bunlar boş, cəfəng fikirlərdən başqa bir şey deyil. Çünki həm Rəcəb Tayyib Ərdoğan, həm də Dövlət Baxçalı bu gün öz reytinqinin ən yüksək dövründədir. Odur ki, onların yaratdığı ittifaq seçkilərdə mütləq mənada qələbəsini təmin edəcək. Bu isə öz növbəsində, Qərbin, əsasən də ABŞ-ın maraqlarına cavab vermir.

    Məhz elə buna görə də seçki yaxınlaşdıqca Qərb mediası, o cümlədən bəzi əcnəbi analitiklər "Cümhur İttifaqı"na qarşı basqıları artırmağa çalışır. Belə ki, Türkiyəyə qarşı kəskin mövqeyi ilə seçilən "Amerikan Enterprayz" analitik mərkəzinin tədqiqatçısı Maykl Rubin özünün Tvitter hesabında bir həftəyə 1 dolların 5 lirəyə, 24 iyun seçkilərindən sonra isə 10 lirəyə qalxacağını bəyan edib. O, açıq şəkildə qeyd etməsə də, hazırda valyuta bazarında baş verən çalxalanmanın Rəcəb Tayyib Ərdoğanı iqtidardan uzaqlaşdırmağa yönəlik provokasiya olduğuna eyham vurub.

    Nəzərinizə çatdıraq ki, bugünlərdə Fransa mətbuatında da Türkiyə prezidenti və "Cümhur İttifaqı" haqqında kəskin məqalə dərc olunub. Belə ki, qərəzli yazı ilə çıxış edən Fransanın "Le Point" jurnalı ölkədəki türklərin səs potensialını başqa məcraya yönəltməyə çalışıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın diktator adlandırıldığı yazıda ölkədəki sosial-iqtisadi vəziyyətin ağır olduğu qeyd olunub. Təxminən, bir ay öncə isə İsrailin "The Jerusalem Post" qəzeti də qardaş ölkəni açıq şəkildə hədəf göstərib. Belə ki, Yaakov Katz imzası ilə dərc olunan məqalədə Türkiyənin ABŞ, Avropa İttifaqı və NATO tərəfindən cəzalandırılmasına çağırış yer alıb. NATO üzvü olan Türkiyənin ABŞ-dan hərbi dəstək aldığını bildirən israilli jurnalist bu yardımların kəsilməsinin vacib olduğunu bildirib. O, ABŞ-ın hərbi dəstəyini kəsməsinin kifayət olmayacağını və Türkiyənin NATO-dan kənarlaşdırılmalı olduğunu qeyd edib. Yaakov Katz həmçinin, Avropa İttifaqının Türkiyə ilə üzvlük müzakirələrini dərhal dayandırmalı olduğunu vurğulayıb. İsrailli jurnalistin fikrincə, bütün bu addımlarla Türkiyənin diz çökməsinə nail olmaq mümkündür.

    İş o yerə çatıb ki, artıq PKK terror təşkilatının liderlərindən olan Cəmil Bayık da Türkiyədə iyunun 24-də keçiriləcək növbədənkənar seçkilərlə bağlı çağırış edib. Bununla bağlı "Haber7" saytında yer alan məlumata görə, PKK terrorçularının lideri 24 iyunun prezident Rəcəb Tayyib Ərdoğan və Milliyyətçi Hərəkat Partiyasının (MHP) başçısı Dövlət Baxçalı arasında qurulan "Cümhur İttifaqı"nın yıxılması üçün son şans olduğunu bildirib. Ərdoğan-Baxçalı ittifaqının uğur qazanmasının pis nəticə olacağını deyən Cəmil Bayık Xalqların Demokratik Partiyasının (HDP) seçki baryerini keçməsinin vacib olduğunu qeyd edib.

    Bütün bunlar bir daha onu göstərir ki, Türkiyədə iyunun 24-nə təyin olunan növbədənkənar prezident və parlament seçkiləri yaxınlaşdıqca, Qərb dünyası ABŞ-ın başçılığı ilə AKP və MHP-nin yaratdığı "Cümhur İttifaqı"nın seçkilərdə məğlub olması üçün bütün mümkün üsullardan istifadə edir. Hamıya bəllidir ki, parlament seçkilərində əsas rəqabət "Cümhur İttifaqı" ilə müxalifətdə olan CHP, İyi Partiya, Səadət Partiyası və Demokrat Partiyasının birləşdiyi "Millət İttifaqı" arasında gedəcək. Çünki hər iki koalisiya parlamentdə yerlərin yarıdan çoxunu qazanmağa iddialıdır. Məhz elə bu səbəbdən də Ağ Ev bəzən açıq-aşkar, bəzən də üstüörtülü şəkildə AKP və MHP-yə müxalif qüvvələri dəstəkləyir. Lakin bununla yanaşı, Qərb ölkələrinə yaxşı bəllidir ki, bu gün Türkiyədə favorit siyasi qüvvə "Cümhur İttifaqı"dır və bu koalisiya seçicilərin ən azı 50-55 faizinin səsini qazana bilər. Elə buna görədir ki, Türkiyənin milli valyutası olan lirəni ABŞ dolları qarşısında zəiflətməklə Rəcəb Tayyib Ərdoğanı iqtidardan uzaqlaşdırmağa, AKP hakimiyyətini laxlatmağa çalışırlar. Lakin bütün bunlarla yanaşı, Türkiyənin milli valyutasının dəyərini belə kəskin şəkildə itirməsi ölkədə mürəkkəb siyasi vəziyyətlə izah edilir. Mərkəzi bank əslində hökumətdən müstəqil bir qurumdur, lakin Ərdoğan gələn ay prezident və parlament seçkilərindən öncə banka faiz dərəcələrini artırmamaqdan ötrü təzyiq göstərir. Türkiyənin baş nazirinin müavini Bəkir Bozdağ isə lirənin dəyər itirməsini Ərdoğana zərbə endirmək və seçkinin nəticələrinə təsir göstərmək məqsədilə xarici qüvvələr tərəfindən qəsd kimi qiymətləndirib.

    Bu arada, qeyd etməliyik ki, Azərbaycanın tanınmış iqtisadçı ekspertləri də qardaş ölkənin milli valyutası ilə bağlı maraqlı fikirlər səsləndiriblər. Məsələn, "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin rəhbəri, iqtisadçı ekspert Samir Əliyevin fikrincə, erkən seçki qərarı və seçkidən sonra mövcud hakimiyyətin mövqeyinin güclənməsi ehtimalı investorları ehtiyatlı olmağa sövq edir: "Bloomberg-ə istinad etsək, 2018-ci ilə ABŞ dolları qarşısında 3,79 məzənnəsi ilə başlayan Türkiyə lirəsi 22,7% dəyər itirərək hazırda 4,65-ə düşüb. Lirənin 5 ay ərzində dəyərinin 1/4-i qədər devalvasiyaya uğramasını ölkədə iqtisadi qeyri-sabitliyin əsas indikatoru hesab etmək olar. Səbəb son dövrlər emosional, dayanıqlığı təmin edən institutların mövqeyini zəiflədən və buna görə də investorları çəkindirən iqtisadi-siyasətin yürüdülməsidir. Erkən seçki qərarı və seçkidən sonra mövcud hakimiyyətin mövqeyinin güclənməsi ehtimalı investorları ehtiyatlı olmağa sövq edir. Artıq Rusiyanın ən böyük bankı olan "Sberbank" Türkiyənin 5-ci ən böyük bankı olan törəmə müəssisəsini – "Denizbank"ı ərəblərə dəyərindən ucuz sataraq bazarı tərk edir. Səbəb kimi Türkiyədə rəqabətin sərtləşməsi və ölkə bazarında işləməyin çətinliyi göstərilir. Erkən seçki qərarı bazarda gərginliyi daha da artırıb, lirə təkcə may ayında dəyərini 13,6% itirib və hökumət bazara ciddi müdaxilə etməsə, investorları sakitəşdirəcək mesajlar ötürməsə ən azı seçki günününə qədər ucuzlaşma davam edəcək". Ekspert hesab edir ki, lirənin ucuzlaşmasının səbəblərini tədiyyə balansında aydın görmək olur: "2018-ci ilin 1-ci rübündə birbaşa investisiyalar 9,4% azalaraq $181,5 milyarddan $164,5 milyarda düşüb. Portfel investisiyalarında da azalma qeydə alınıb – (0,5%). Türkiyə banklarının xarici ölkələrdəki depozitləri 6%-dən çox azalıb. Cari hesablar balansında da vəziyyət pisləşib. Təkcə malların xarici ticarətdə kəsir 1 il ərzində (I rüb 2017 – I rüb 2018) $8,5 milyarddan $17,2 milyarda qədər artıb. Xidmətlər balansının müsbət saldosu cari hesablar balansının 2 dəfə azalmasının qarşısını ala bilməyib. Tədiyyə balansının pisləşməsi rəsmi valyuta ehtiyatlarını da əridib. Təkcə mart ayından rəsmi ehtiyatlar $ 4,3 milyard azalıb. Halbuki yanvar ayında $4,3 milyard artım qeydə alınmışdı. Əlbəttə bu, Türkiyə iqtisadiyyatına ümumi baxışdır. İqtisadi dayanıqlığı daha dəqiq və detallı qiymətləndirmək üçün maliyyə sektorundan tutmuş real sektora qədər olan sahələr nəzərdə keçirilməlidir. Ancaq ölkənin beynəlxalq investisiya mövqeyindəki pisləşmə meylləri iqtisadi təhlükələrin ilkin simptomlarını göstərir. Lirənin ucuzlaşması Türkiyə ixracının rəqabət qabiliyyətini artırsa da ölkə investisiya cəlbində çətinliklərlə üzləşə bilər. Digər tərəfdən də kapital axını milli valyutanının sabitliyini təhlükə altına alır. Türkiyəyə investisiya yatırmış Azərbaycan da bu ölkədə iqtisadi sabitliyin olmasında maraqlıdır. Ancaq iqtisadi qərarların verilməsində mövcud yanaşmalara korrektələr edilməsə Türkiyə iqtisadiyyatını qarşıda ağır dövr gözləyir".

    Türkiyədə prezident seçkiləri yaxınlaşdıqca, ölkənin milli valyutası olan lirənin daha çox dəyər itirdiyini vurğulayan iqtisad elmləri doktoru Qubad İbadoğlu isə bu qənaətdədir ki, siyasi dairələrdəki hərarət Türkiyə iqtisadiyyatının müasir durumunu çətinləşdirib. Ekspertin sözlərinə görə, son günlər lirənin ABŞ dollarına nəzərən dəyər itirməsi Türkiyə mənşəli qiymətli kağızlara və borc öhdəliklərinə də təsirsiz ötüşməyib: "Hazırda 1 dollar 4,84 lirə səviyyəsində qərarlaşıb, amma bu, hələ son deyil. Bu gedişlə lirə iyunun 24-də keçiriləcək seçkilərədək təzyiq altında olacaq. Bu dövr ərzində lirənin dəyər itirməsi Azərbaycana da təsirsiz ötüşməyəcək. Türkiyə idxalda Azərbaycanın başlıca tərəfdaş ölkəsidir. Deməli, onsuz da artan idxal bu səbədən daha da çoxalacaq və Azərbaycandan bu ölkəyə valyuta axınını sürətləndirəcək. Bununla yanaşı Türkiyədə Azərbaycan mənşəli əmlak və sərmayələr də dəyər itirə bilər".

    Xülasə, qeyd olunanların fonunda qəti əminliklə demək olar ki, AKP ilə MHP-nin yaratdığı "Cümhur İttifaqı"nın iyunun 24-də keçiriləcək seçkilərdə qələbə qazanacağını bilən ABŞ başqa olmaqla əksər Qərb dövlətləri bunun onların maraqlarına cavab vermədiyi üçün Ərdoğan-Baxçalı birliyinə qarşı cəbhə alıb. Bu, həm də onu təsdiqləyir ki, Qərb dünyasının, xristian aləminin türk-müsəlman əhlini görməyə gözü yoxdur. Tarix boyu bu həqiqət dəyişməyib və bu gün də ortada dəyişən bir şey yoxdur. Sadəcə olaraq əgər dünən xaçlılar bizimlə açıq-aşkar müharibə edib, qəzəblərini aşikaranə şəkildə biruzə verirdilərsə, bu gün artıq onlar saman altından su yeritməklə məqsədlərini reallaşdırmağa, müxtəlif hiylələrlə öz imperialist siyasətlərini yetirməyə can atırlar.

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org