ABŞ 2020-Cİ İLDƏ GÜRCÜSTANDA REVANŞI ALACAQ

    27

    Nəzakət Məmmədova: "Avropanın Bidzina İvanişvilidən, dolayısıyla Gürcüstandan imtina etməsi inandırıcı deyil"

    "Vaşinqtonun dəstəyi ilə parlament seçkilərində Mixail Saakaşvilinin tərəfdarlarının qələbəsi təmin oluna bilər"

    "Bu, ABŞ üçün "olmazsa olmaz" məsələsidir və əgər parlament seçkilərini də qazana bilməsə, o zaman Gürcüstanı itirmiş olacaq"

    Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri, milyarder Bidzina İvanişvili kənardan Qərbmeyilli təsiri bağışlasa da, əslində onun Rusiyada biznes maraqları olduğu, Kremllə kifayət qədər sıcaq ilişkilərə sahib olduğu bildirilir. Görünür, elə bu səbəbdəndir ki, ən həlledici məqamlarda rəsmi Moskva ona asanlıqla təsir göstərməklə Gürcüstanla bağlı planlarını reallaşdırmağa müvəffəq olur. İvanişvilinin dəstəklədiyi Salome Zurabişvilinin prezident seçkilərdə qələbə qazanması da bunun bariz nümunəsi kimi qiymətləndirilə bilər. Belə ki, həm yerli, həm də xarici siyasi analitiklərin fikrincə, Kreml geosiyasi baxımdan, Zurabişvilinin qələbəsini təmin etmək məqsədiylə əlindən gələni etdi. Məhz bu faktın özü bir daha təsdiqləyir ki, Bidzina İvanişvili, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin də bəyan etdiyi kimi, Rusiya ilə yaxın əlaqələrə malikdir.

    Bu arada, onu da nəzərinizə çatdıraq ki, gürcü iqtisadçı Giya Xuxaşvili bugünlərdə verdiyi açıqlamasında Qərbin İvanişvilidən imtina etdiyini bildirib. Belə ki, Gürcü Arzusu Partiyasının deqradasiya prosesi yaşadığını vurğulayan Xuxaşvilinin sözlərinə görə, hakim partiya hazırda özü nə istədiyini bilmir: "Seçki Məcəlləsində dəyişiklik məsələsində müxalifətdə tam konsensus var. Müxalifət seçkinin proporsional sistemlə keçirilməsini tələb edir. Hökumət çalışır ki, prizmanı Gürcü Arzusu və Vahid Milli Hərəkat arasındakı savaş üzərinə yönəltsin. Sistemin dəyişilməsini ictimaiyyətin böyük hissəsi tələb edir. Bu məsələdə hökumətin əks addımı ciddi nəticələrə səbəb ola bilər". O, bu qənaətdədir ki, hakimiyyət böyük siyasi dəyər ödəməli olacaq: "Və bu dəyər o qədər böyük olacaq ki, onlar hətta hakimiyyətlərini də itirə bilərlər. Bu, seçki sisteminin deqradasiyasını dayandırmadı, əksinə, daha da sürətləndirdi. Qərbdəki investorlar Gürcü Arzusunun böyük problemlə üz-üzə qaldığını və onun gələcəyinin olmadığını düşünür".

    "Bako Saakyan Moskvaya təlimat almaq üçün gedib" - NƏZAKƏT MƏMMƏDOVA

    Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən politoloq Nəzakət Məmmədova Bidzina İvanişvilinin Rusiyanın adamı olduğunu bildirməklə yanaşı, Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədrinin heç vaxt Qərblə yaxın olmadığını qeyd etdi: "O, ömrü boyu Rusiyaya bağlı olub. Buna görə də Qərb heç vaxt onunla əməkdaşlıq etməyib. Ümumiyyətlə, Qərb dedikdə həm ABŞ, həm də Avropa nəzərdə tutulur. Yəni bu gün Qərbin özü iki yerə bölünüb. Bildiyiniz kimi, ABŞ Gürcüstanla bağlı məsələdə məhz Mixail Saakaşvili ilə işləyir. Lakin Avropa isə İvanişvilinin dəstəklədiyi şəxsi – Salome Zurabişvilini irəli çəkdi. Çünki Zurabişvili Fransa vətəndaşıdır. Fransa isə hazırda Almaniya ilə birlikdə Avropanın lider ölkəsi kimi çıxış edir. Belə ki, bu gün Fransa Ermənistanda, Gürcüstanda, o cümlədən Yaxın Şəqrdə və digər bölgələrdə ABŞ-la rəqabət aparır". Hazırda məhz Fransanın Avropanın adından çıxış etdiyini vurğulayan politoloqun sözlərinə görə, bugünlərdə Fransada yaşanan olaylar, yəni dizel yanacağının qiymətinin qalxması ilə başlayan və iki həftədir davam edən etiraz aksiyaları əslində, ABŞ-ın Emmanuel Makrona xəbərdarlığı kimi dəyərləndirilməlidir: "Burada əsas məqsəd Avropanı ABŞ-a qarşı çıxmaqdan çəkindirməkdir. Qeyd edim ki, bu olaylar Avropanın vahid ordu yaratması ilə bağlı səsləndirilən fikirlərdən sonra başladı. Hesab edirəm ki, "sarı jiletlilər"in etiraz aksiyaları əslində, Qərb düşərgəsi daxilindəki parçalanmanı, ABŞ və Avropa arasındakı ziddiyyətləri göstərir. Bu məsələdə aktiv rol alan ölkə isə elə Fransadır. Məhz bu ölkənin vətəndaşı Salome Zurabişvili Gürcüstanın növbəti prezidenti seçildi".

    Bütün bunları nəzərə alaraq, Qərbin bir hissəsi olan Avropanın Bidzina İvanişvilidən, dolayısıyla Gürcüstandan imtina etməsinin inandırıcı olmadığını deyən Nəzakət Məmmədovanın fikrincə, bundan sonra Fransa Gürcüstanda daha da möhkəmlənəcək: "ABŞ-a gəlincə isə o, Bidzina İvanişvili qəbul etmir və bu səbəbdən də seçkilərdə Qriqol Vaşadzeni dəstəkləyirdi. Düşünürəm ki, bu dəfə ABŞ-ın namizədi seçkilərdə qalib gəlməsə də, Vaşinqton 2020-ci ildə keçiriləcək parlament seçkilərində bunun revanşını alacaq. Hesab edirəm ki, parlament seçkilərində ABŞ bütün gücünü ortaya qoyacaq. Çünki Gürcüstanda əsas söz sahibi prezident yox, parlament və baş nazirdir. Görünür ki, Vaşinqton fikirləşib ki, formal prezident postu üçün əl-ayağa düşməkdənsə, bütün gücü ilə 2020-ci ildə mübarizəyə qatılmaq daha məqsədəuyğundur. Odur ki, ABŞ bu dəfə Rusiya və Fransanın Gürcüstanda formal post olan prezidentin seçilməsini bir qədər sükutla qarşıladı, prosesə çox da müdaxilə etmədi. Bir qədər öncə də qeyd etdiyim kimi, bu gün Qərbi Avropa ABŞ-a qarşı meydan oxuyur, Gürcüstan vasitəsiylə Cənubi Qafqaza nüfuz etməyə çalışır. Bu məsələdə isə onlar Rusiya ilə birləşiblər. Çünki ruslar düşünür ki, ABŞ-dansa Avropa daha məqsədəuyğundur və onlarla dil tapmaq daha asandır. Kremlin Vaşinqtonla dil tapması isə mümkün deyil".

    Napoleon müharibələrini çıxmaq şərtiylə, heç vaxt Rusiya ilə Fransanın münasibətlərinin pis olmadığını qeyd edən politoloq hesab edir ki, məhz ABŞ-ın dəstəyi ilə parlament seçkilərində Mixail Saakaşvilinin tərəfdarlarının qələbəsi təmin oluna bilər: "Ruslarla fransızlar həmişə yaxın olub. Ruslar hər zaman Fransa mədəniyyətinə xüsusi diqqət ayırıblar. Odur ki, Rusiya ilə Fransanın münasibətləri həmişə yaxşı olub. Buna görə də ruslar ABŞ-dansa, Fransanın Qafqazda möhkəmlənməsini daha məqbul hesab edirlər. Yəni bu halda Kreml Avropa Birliyi ilə dil tapa bilər. Çünki Avropa Birliyi ilə Rusiya tərəfdaşdırlar, Rusiya Avropaya enerji satır. Bununla yanaşı, onu da vurğulamaq lazımdır ki, ABŞ-ın dəstəyi ilə parlament seçkilərində Saakaşvilinin tərəfdarlarının qələbəsi təmin oluna bilər. Bildiyiniz kimi, Saakaşvili Gürcüstan siyasətinə qayıtmaqda maraqlıdır. Əslində, bu, onun şəxsi kefindən asılı deyil. Belə ki, Saakaşvilinin ABŞ-da bağlı olduğu dairələr Gürcüstanı qətiyyən əldən vermək istəmirlər. Gürcüstan NATO-ya potensial üzv ölkədir. Təbii ki, buna görə də onlar Gürcüstanı əldən verməyəcəklər. Saakaşvili isə xalqın rəğbətini qazanmış liderdir və ABŞ onu qoyub başqasını hazırlamayacaq. Odur ki, adım kimi, əminəm ki, 2020-ci ilin parlament seçkilərində ABŞ bütün gücünü ortaya qoyub seçkini qazanmağa çalışacaq. Çünki bu, Vaşinqton üçün "olmazsa olmaz" məsələsidir. Əgər ABŞ parlament seçkilərini də qazana bilməsə, o zaman Gürcüstanı itirmiş olacaq. Ümumiyyətlə, Gürcüstan həm Avropa, həm Rusiya, həm də ABŞ üçün Cənubi Qafqazda ən vacib ölkədir".

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org