ABŞ-Taliban anlaşması nə vəd edir?

12

Xəqani Cəfərli: “Amerikanın Əfqanıstandan tam çəkiləcəyi inandırıcı deyil”

“Trampın bu addımı seçki qabağı seçicilərin dəstəyini qazanmaq məqsədilədir”

Məlum olduğu kimi, fevralın 29-da ABŞ və “Taliban” Qətərdə sülh razılaşması imzalayıblar. Saziş ABŞ-ın Əfqanıstandakı qoşunlarının şəxsi heyətinin sayını 135 gün ərzində 12 mindən 8,6 min nəfərə qədər azaltmağı, “Taliban”ın zorakılıqdan çəkinəcəyi təqdirdə Birləşmiş Ştatların hərbçilərini və NATO qüvvələrini 14 ay ərzində bu ölkədən çıxarmağı nəzərdə tutur. Maraqlıdır ki, “Taliban”ın ABŞ-ın şərtini nəzərə alıb, zorakılıqdan çəkinəcək? “Hürriyyət”in bu və digər sualarını politoloq Xəqani Cəfərli cavablandırdı.

Картинки по запросу "Xəqani Cəfərli"

– Bu, çox mübahisəli məqamdır. Çünki “Taliban” yarandığı gündən bu günə kimi bütün fəaliyyəti  silahlı mübarizə üzərində qurulub və bütün fəaliyyəti siyasi mübarizə üzərində qurulmuş bir təşkilatın qısa zamanda zorakılıqdan, silahlı mübarizədə əl çəkib, siyasi mübarizə müstəvisinə keçəcəyi çox inandırıcı görsənmir. Ancaq təxminən 30 ildir Əfqanıstanda davam edən bu qanlı savaş da əhalini çox ciddi surətdə yorub. “Taliban” da əfqan xalqının bütövlükdə bu uzun surən müharibələrdən yorulduğunun fərqindədir. Mənim fikrimcə, məhz bu amil “Taliban”ı Amerika Birləşmiş Ştatları ilə qeyd etdiyimiz anlaşmanı imzalamağa vadar edib. Ancaq  bunun qısa zamanda baş verəcəyini, “Taliba”nın həmən savaşlardan, silahlı mübarizədən, zorakılıqdan əl çəkəcəyi inandırıcı deyil, uzunmüddətli zaman lazımdır. Çünki bu təşkilatın üzvlərinin cəmiyyətə adaptasiyası çox uzun sürən bir prosesdir. Təbii ki, hər iki tərəfdən çox böyük fədakarlıqlar tələb edir. O fədakarlıqların olmayacağı təqdirdə bu anlaşma kağız üzərində qalacaq.

– “Taliban”ın zorakılıqdan çəkinərsə, Amerika Birləşmiş Ştatları hərbçilərini və NATO qüvvələrini 14 ay ərzində Əfqanıstandan çıxarması mümkündür? Yəni ABŞ və NATO müqaviləyə əməl edəcək?

– Əfqanıstan çox önəmli strateji mövqeyə sahibdir. Təxminən bəşəriyyətin son 3 minlik tarixində belə bir rəy uzun müddət mövcud olub ki, Hindiquş dağlarına kim sahibdirsə, bu, Hindistana, Uzaq Şərqə sahibdir. Bu baxımdan, Amerikanın oradan tam çıxacağını gözləmirəm. Ancaq Amerika Birləşmiş Ştatlarının orada davamlı qalması da mümkün deyil. Amerikanın daxili ictimai rəyi, beynəlxalq ictimai rəy bu məsələdə Vaşinqtonun əleyhinə işləyir və orada vəziyyətin stabilləşməsi zərurəti var. Ona görə də Amerika bu addımı atır. Amma Amerikanın istənilən halda Əfqanıstandan tam çəkiləcəyi inandırıcı deyil və  gözləmirəm.

– Amerika prezidenti Donald Tramp bildirib ki, “biz, nəhayət, Amerikanın ən uzunmüddətli müharibəsinə son qoymaq və qoşunlarımızı evə qaytarmaq üzərində işləyirik”.  Görəsən, Tramp Əfqanıstandan qoşunlarını çəkməkdə səmimidir, yoxsa başqa bir niyyəti var?

– Donald Tramp peşəkar siyasətçi deyil. Bildiyiniz kimi, siyasətə biznesdən gəlib və bir çox addımları, ifadələri onun peşəkar siyasətçi olmadığını da təsdiqləyir. 4 illik hakimiyyəti ərzində bir çox addımları, ifadələri onun peşəkar siyasətçi olmadığını təsdiqləməklə yanaşı, onun hadisələri, prosesləri düzgün qiymətləndirə bilmədiyini də təsdiqləyir. Bilirsiniz ki, bu il Amerikada prezident seçkiləridir. Mənim firkimcə, onun bu addımı seçki qabağı seçicilərin dəstəyini qazanmaq məqsədilədir. Çünki Amerikada çox böyük anti-müharibə əhval ruhiyyəsi mövcuddur. Məqsəd bundan sui-istifadə edib, seçicilərin dəstəyini qazanmaqdır. Yəni bir növ buna seçkiqabağı siyasi taktika da demək olar. Amma qeyd etdiyim kimi, müəyyən qədər də uğurludur. Lakin bütövlükdə nə Donald Tramp, nə də bir başqası Əfqanıstanda yaranmış 30 illik vəziyyəti qısa zamanda dəyişmək gücündə deyillər. Yəni bu, uzunmüddətli, bir neçə il çəkəcək bir proses ola bilər. Mənim ehtimalıma görə, 5-6 il zaman lazımdır ki, orada insanları dinc həyata adaptasiya etmək mümkün olsun. Çünki silahla yatıb-duran insanlar birdən-birə kiminsə sözü ilə gedib taxıl əkib-becərəsi deyil. Bu, uzunmüddətli bir prosesdir. “Taliban”dan qopub gedib bir başqa təşkilata qoşulub, silahlı mübarizə apara bilərlər. Bilirsiniz ki, Əfqanıstanda yalnız “Taliban” deyil, çoxsaylı hərbi birləşmələr mövcuddur. Bu hərbi birləşmələr də o zaman çox tərəfdar toplayır ki, daha radikal mövqe tutur.  Ona görə, bunu çox ağır, üzücü, eyni zamanda çox böyük vəsait tələb adaptasiya prosesi nəticəsində tam reallaşdırmaq olar. Əks halda, bu anlaşma əvvəllər də bir çox ölkələrlə imzalanmış anlaşmaların nəticəsi kimi olacaq. Yəni effektsiz nəticələnə bilər. Amma ilk addım kimi təbii ki, çox doğru, alqışlanmalı addımdır. Lakin təbii ki, anlaşmaya əməl edilməsə, bu, elə kağız parçası olaraq qalacaq.

– Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qüreyşi bildirib ki, “ABŞ-ın “Taliban”la imzalanmış sülh müqaviləsi Əfqanıstan və bölgə üçün böyük əhəmiyyət kəsb edir. Əfqanıstan bu tarixi anlamaşmanı lazımınca qiymətləndirəcək”.  Qeyd olunduğu kimi, Əfqanıstan bu tarixi anlamaşmanı lazımınca qiymətləndirə biləcək?

– Bilirsiniz ki, Əfqanıstanda bizim təsəvvür etdiyimiz dövlət mövcud deyil, orada ölkədə gedən proseslər bir çox tayfaların rolundan, mövqeyindən asılıdır. Mərkəzi hakimiyyətin nə istəyindən asılı olmayaraq, bu ölkədə hansısa bir prosesi qısa zamanda aparmaq mümkün deyil. Orada mövcud olan əsas tayfalar-puştunlar, xəzərlər, özbəklər, taciklər və digərlərinin yer almayacağı bir prosesi mərkəzi hökumət heç cürə müsbət sonluğa apara bilməz. Əgər belə olmasaydı, biz indiyə kimi Əfqanıstanda bir neçə dənə hökumət müşahidə etmişik. Sovet İttifaqının orada qurduğu hökumətdən başlamış bu günə kimi bir çox hökumət olub. Doğrudur, onların bir çox seçki ilə hakimiyyətə gəlib. Hətta o seçki ilə gəlmiş hakimiyyətlər belə, Əfqanıstanda sülhə, vətəndaş cəmiyyətinə keçidə nail ola bilməyiblər. Çünki dediyim kimi, bu ölkənin çox özəl bir tarixi  var, birdən-birə həmin tarixdən qopub, mülki həyata keçmək çox ağrılı prosesdir. Ona görə də tərəflərin-Əfqanıstan hökumətinin də, Amerika Birləşmiş Ştatlarının da üzərinə çox böyük işlər düşür. İlk növbədə, Pakistanın üzərinə çox böyük iş düşür. Prosesi izləyənlər bilir ki, Əfqanıstandakı proseslərin bir çoxu Pakistandan qayanaqlanır və Pakistanın bu məsələdə mövqeyi, eləcə də dünyanın digər ölkələrinin-Rusiyanın, Çinin burada mövqeyi çox həll edici olacaq. Qeyd etdiyim ölkələr Amerika ilə “Taliban” arasında imzalanmış müqaviləyə pozitiv yanaşsalar, o zaman prosesləri daha irəli aparmaq olar. Ancaq qeyd etdiyim ölkələrdən biri bu anlaşmanın əleyhinə getsə, vəziyyət  davam edəcək və ciddi uğurlara nail olmaq mümkün olmayacaq. Çünki regionda marağı olan bütün qüvvələrin bu və digər şəkildə təmsilçiləri var. Onlar birdən-birə Amerikanın və yaxuddakı Əfqanıstan hökumətinin istəyi ilə öz siyasətlərini dəyişən deyillər. Amma əgər müsbət yanaşsalar, dəstək versələr, prosesə daha asan keçid mümkün ola bilər.

 Şamo EMİN, Hurriyyet.org