ABŞ-ın sirli “Zona 51” bazasında həqiqətən yadplanetlilər saxlanılırmı?

    3

    Pentaqon maraqlı həvəskarların hərbi bazaya hücumunu dəf etməyə hazırlaşır

    ABŞ hərbi-hava qüvvələri bu vaxta qədər dünyanın ən məxfi obyektlərindən biri sayılan və “51-ci zona” deyilən bölgəyə yeni turist axınını dəf etməyə hazırlaşır.

    Xarici agentliklərin verdiyi məlumata görə, sosial şəbəkələrdə həmin bazaya “hücum “çağırışlarına qatılanların çoxalması Pentaqonu belə bir bəyanat verməyə vadar edib.

    Hərbi-hava qüvvələrinin nümayəndəsi Lora Makendryus “yadplanetli”ni görmək arzusunda olan milyonlarla həvəskarı Nevada ştatında yeləşən həmin bazadan uzaq durmağa çağırıb.

    L.Makendryus həmin zonanın hərbi poliqon olduğunu və burada əsgərlərə təlim keçirildiyini xatırladıb.

    “The Washington Post” qəzetinin verdiyi xəbərə görə, artıq 1,2 milyon adam “Facebook”da “51-ci zona”ya daxil olmaqla bağlı tədbirə qatılmaq barədə çağırışa qatılıb.

    Onların əsas hədəfi bazada Yer kürəsini ziyarət edən yadplanetlilər haqqında dolaşan şayiələrin doğru olub-olmadığını yoxlamaqdır.

    Tədbir bu ilin sentabr ayının 20-nə planlanıb və “51-ci zonaya basqın” adlanır. Elanda təsvir edildiyi kimi, istifadəçilərə baza ilə yanaşı turist mərkəzinə yığışıb oradan obyektə girmək xahiş olunur. “Əgər hamımız qaçsaq, o zaman onların güllələrindən daha sürətlə hərəkət edə bilərik. Gəlin “gəlmələrə” tamaşa edək", – deyə təşkilatçılar bildirir.

    Lakin, görünür, Pentaqonu “gələn yerində güllələnəcək “xəbərdarlığının ciddiliyi ünvanına çatıb. Qrupun moderatoraırdnan biri Cekson Barns bunun zarafat olduğu bildirməyə məcbur olub.

    Bilindiyi üzrə “51-ci zona” turistlərin ən çox görmək istədiyi bölgələrdən biridir. Baza bir çox sui-qəsd nəzəriyyələrinin, filmlərin, fantastik romanların ilham qaynağıdır.

    ABŞ yalnız 2013-cü ildə həmin obyektin varlığını qəbul edib.

    Buna rəğmən “yadplanetlilər”in gəlməsi mövzusu təkcə həvəskar səviyyədə deyil, dövlətin yuxarı dairələrində də müzakirə olunmağa başlayıb. Bu ilin iyun ayında “Politico” saytı Senatda uçan naməlum obyektlər barədə qapalı dinləmə keçirildiyini xəbər edib. Həmin iclasda hərbi-hava qüvvələrinin komandanlığı senatorlara problem barədə məruzə ediblər. ABŞ Senatının kəşfiyyat üzrə komitəsinini sədr müavini, demokat senator Mark Uornerin nümayəndəsi Konqresdə bəhs olunan məsələinin araşdırıldığını təsdiqləyib.

    CNN isə ABŞ hərbi-dənzi qüvvələrinin UNO-la qarşılaşan pilotlar üçün hesabat forması hazırladığını bildirib. Yeni təlimatlara görə hesabatlarda “uçan naməlum obyekt” (Unidentified flying object-UFO) yerinə “havada naməlum hal” (Unidentified Aerial Phenomena-UAP) terminindən istifadə ediləcək./musavat.com/