ABŞ-ın ƏRDOĞAN PROBLEMİ

    9

    Vaşinqtona Türkiyənin itaətcil prezidenti lazımdır; Ərdoğan isə, Türkiyənin itaətcil olmayan prezidentidir

    ABŞ-a onun qurduğu dünya oyunlarına qarışmayan Türkiyə prezidenti lazımdır; Ərdoğan isə, ABŞ-ın qurduğu insanlığa zidd olan dünya oyunlarından yetərincə baş açır və bu oyunları pozmağa çalışır.

    ABŞ PKK-dan da yararlanaraq qüdrətli Türkiyə Cümhuriyətini parçalamağa, onu müttəfiqləri ilə birlikdə bölüşməyə çalışır; Ərdoğan Türkiyənin qeyrətli Vətəndaşı, cürətli prezidenti olaraq SBŞ-ın bu niyətini əngəlləyir, onu uğursuzluğa düçar edir.

    ABŞ Ərəblərin Müəmmər Qəzzafi, Səddam Hüseyin kimi liderlərini xayıncasına qətlə yetirdi, Liviyanın və İraqın altını üstünə çevirdi, liderlərin özlərinin, devlətlərinin var-yoxunu talayıb müttəfiqlərilə bölüşdürdü, bu əməlləri Suriya, Qətər, İordaniya, Küveyt və başqa ərəb ölkələrində davam etdirib sona yetirdikdən sonra İrana, Türkiyəyə ayaq basıb İslam aləmini ayaq altına almaq niyətində bulunurdu; Ərdoğan isə, onun Suriyada bu niyətini pozdu və ABŞ-ın istəyini gözündə qoydu.

    ABŞ həmişəki kimi dünyada ağa olmaq iddiasında idi; Ərdoğan isə, onun bu iddiasının əbəs olduğunu dünyaya bəyan etdi.

    ABŞ-ın Ərdoğan qədər çəkindiyi ikinci bir devlət başçısı yoxdur.

    Bunları təkcə mən demirəm. İndi dünyanın ən güclü siyasətçiləri Türkiyənin Cümhur Başkanı Rəcəp Təyyub Ərdoğanı ən güclü devlət xadimi sayırlar. İndi Rəcəp Təyyub Ərdoğan Türkiyəyə həmişəkindən daha çox gərəkdir. Çünki Türkiyənin Rəcəp Təyyub Ərdoğanın çözməyə başladığı və sona yetirməyə zamanı çatmadığı bir sıra problemləri hələ də qalmaqdadır.

    ***

    Ermənipərəstlər

    Bizim mötəbər siyasətçilər "ermənipərəst qüvvələr" deyimini çox vurğulayırlar. Onlar özləri həmin deyimin ziyanlı olduğunu anlamalıydılar. Bir halda anlamırlar, mən dəfələrlə yadlarına salmışam. Yenə də anlamayıblar, yenə də bütün çətinlikləri, bütün dolaşıqlıqları “ermənipərəst” qüvvələrlə bağlayırlar. Bu, səbəbi axtarmamaq üçün ən asan yoldur. Səbəbi axtarmaqsa, zəhmət, ağıl, düşüncə tələb edir. Hər şeyi “ermənipərəst” qüvvələrin üstünə atmaqdan asan nə var… Axı, “ermənipərəst” erməniyə pərəstiş eləyən deməkdir. Pərəstişi yaxşı keyfiyətlərə görə eləyərlər. “Ermənipərəst” də bu anlamı verir. Doğrudanmı, erməniyə pərəstiş eləyən qüvvələr var?!

    Düşmənimizə pərəstiş eləyənlər varsa, bizə pərəstiş eləyənlər niyə yoxdur? Bizə pərəstiş eləyənlər əslində, daha çox olmalıdır. Ancaq bunu bir nəfər də olsa, deyən yoxdur. Çünki bunu demək heç cəhətdən və heç kim üçün münasib deyil. Erməniləri dəstəkləyənlər isə, “ermənipərəst” deyillər, onlar erməni təəssübçüləri və ermənilərə satılmışlardır. Sözü deyəndə onun nə demək olduğu, öz mənafelərimizə uyğun olub-olmadığı nəzərə alınmalıdır. Yoxsa, biri “ermənipərəst qüvvələr” deyir, o birilər də onu eyniylə tutuquşu kimi təkrarlayır.

    Biri deyir, “Rüstəm İbrahimbəyov pis adamdır, onun təltiflərini geri qaytarmaq lazımdır”, heç nəyi nəzərə almadan hamı bunu təkrarlayır. Belə olmaz, insan danışanda, həmişə papağı qarşısında olmalıdır…

    Prof.Dr.Bəhmən SULTANLI