ABŞ-ın Qarabağ məsələsində ədalətli fəaliyyətinə şübhələr yaranır

9

Konqres üzvlərinin qondarma rejimin keçirəcəyi "seçkilər"ə öz nümayəndələrini göndərmələri qəbuledilməzdir

Məhəmməd Əsədullazadə: "Rəsmi Bakı işğal olunmuş ərazilərində keçiriləcək qanunsuz seçkilərdə iştirak etmək istəyən dövlətlərə kəskin etiraz etməli və buna imkan verməməlidir"

Elxan Şahinoğlu: "Separatçıların hazırkı lideri Bako Saakyan təxminən, bir aydan sonra "postunu" başqa separatçıya təhvil verəcək"

Dağlıq Qarabağdakı qondarma rejim martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində "parlament və prezident seçkiləri" keçirəcək. Məsələnin maraqlı tərəfi ondadır ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri, daim demokratiya, insan hüquq və azadlıqlarından, terrorla mübarizədən dəm vuran ABŞ-ın Konqres üzvlərindən bir neçəsi qondarma rejimin keçirəcəyi "seçkilər"ə öz nümayəndələrini göndərəcək. Belə ki, artıq konqresmen Frenk Pallonenin baş məsləhətçisi Ceyms Consonun regiona səfəri təsdiqlənib. O cümlədən, Konqres üzvlərindən Ceki Spayer və Adam Şifin də öz nümayəndələrini Qarabağa müşahidəçi qismində göndərəcəyi gözlənilir.

ABŞ-ın Ermənistana marağının artma səbəbləri…

Nəzərinizə çatdıraq ki, bu barədə Ermənistanın "1in.am" saytında yayımlanan məqalədə ABŞ-ın Ermənistanda baş verən dəyişikliklərə maraq göstərdiyi və bunun Ermənistana verilən dəstəyin genişləndirilməsinə gətirib çıxara biləcəyi qeyd edilib. Belə ki, Aram Amatuninin müəllifi olduğu və strateq.az-ın tərcümə etdiyi yazıya görə, Ermənistana siyasi marağın artması "məxməri inqilab"la şərtlənir: "ABŞ-ın Ermənistana marağının nə üçün artdığı, şübhəsiz, hətta AEA həmsədrinin bəyanatı olmadan da aydındır. Təbii, o, əlbəttə, təkcə informasiya sahəsində deyil, daxili "mətbəx"dən də məlumatlıdır. Bununla birlikdə, ABŞ-ın Ermənistana, erməni amilinə marağının artması açıqdır, hətta adi gözlə görünür. Və burada dəqiq göstərici yalnız ABŞ Konqresinin hər iki palatasının erməni soyqırımı (mətndə belə gedib –tərc.) haqqında bənzəri görünməmiş qətnamə qəbul etməsi deyil, həmçinin Konqresdə Artsaxa (Dağlıq Qarabağ mətndə belə adlandırılıb – tərc.) da marağın artmasıdır. Konqresin bir neçə ermənipərəst üzvü qərara alıb ki, öz ofislərinin təmsilçilərini 31 martda keçiriləcək ümumdövlət (mətndə belə gedib –tərc.) seçkilərini müşahidə etmək üçün Artsaxa (Dağlıq Qarabağ mətndə belə adlandırılıb – tərc.) ezam etsinlər. Ermənistana siyasi marağın artması, əlbəttə, "məxməri inqilab"la şərtlənir, ancaq marağın əsasında yalnız bu halın olduğuna inanmaq, bəlkə də natamam qiymətləndirmə olardı. Burada şübhəsiz, geopolitik durum, o cümlədən ABŞ-Türkiyə münasibətləri öz əhəmiyyətli rolunu oynayıb. Səbəblər həqiqətən, dərin və çoxyönlüdür, miqyası, dinamikası və mahiyyətinə görə amerikan marağına ekvivalent olan erməni reaksiyasının verilməsi üçün onları kompleks şəkildə analiz etmək, anlamaq və qiymətləndirmək böyük əhəmiyyət kəsb edir". Məqalədə bildirilir ki, bu maraqdan ilhamlanmaq, baş itirmək lazım deyil, lakin eyni zamanda ona uyğun hərəkət etmək lazımdır: "Bu da ancaq Ermənistanın "demokratiya qarşılığında kömək" formulu məntiqinə əsasən gözləntisini deyil, həmçinin qarşılıqlı siyasi məsuliyyət prinsipi əsasında onun müəyyən öhdəliklərini nəzərdə tutur. Və başlıcası, Ermənistan, erməni-amerikan münasibətlərinə hər hansı bir başqa münasibətlərə (burada ABŞ-Türkiyə münasibətləri nəzərdə tutulur – tərc.) görə deyil, Ermənistanın dövlətçilik məntiqi, regional və beynəlxalq rolu, suverenliyə söykənən təhlükəsizliyi əsasında baxmaqda davam etməlidir. Ümumiyyətlə, ABŞ-ın Ermənistana marağının "sirri" məhz bunda – suverenlikdədir. Əslində, bu, əlbəttə, heç də sirr deyil. Suverenlik, Ermənistanın suveren siyasət aparmaq imkanı onun bir vektordan digərinə keçməsini deyil, bütün vektorlar üzrə olan tərəfdaşlarına, bu və ya başqa halda, qərarı məhz Ermənistanın alacağına, onların məhz Ermənistanla işləyəcəklərinə, eyni zamanda Ermənistanın onlara qarşı işləməyəcəyinə təminat verməsilə çoxvektorluluğu nəzərdə tutur. Mürəkkəb regional reallıqlar və yüksək geopolitik burulğanlıq şəraitində Ermənistan üçün bu hal həyati vacib əhəmiyyət kəsb edir".

"ABŞ administrasiyası, Dövlət Departamenti Ukrayna və Gürcüstandakı separatçılara necə embarqo tətbiq edibsə, bunu Qarabağdakı separatçılara da tətbiq etməlidir"

Картинки по запросу "Məhəmməd Əsədullazadə"

Beləliklə, "Hürriyyət" xəbər verir ki, ABŞ Konqresinin bir neçə üzvünün qondarma rejimin keçirəcəyi "seçkilər"ə öz nümayəndələrini göndərməsinə münasibət bildirən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Konqresin ermənipərəst üzvlərini təlimatlandıran və istiqamət verən Amerika Erməni Assambleyası ümumi dövlət prinsiplərini rəhbər tutaraq, Qarabağdakı qondarma seçkilərin ermənilər üçün siyasi əhəmiyyətini qabardır: "Ermənilərin nə ad verməsinə baxmayaraq, ATƏT-in Minsk Qrupunun həmsədri olan bir dövlətin konqresmenlərinin münaqişənin həllinə zərbə vuran açıqlama və fəaliyyəti beynəlxalq hüququn prinsiplərinə zidd olmaqla yanaşı, Vaşinqtonun ədalətli vasitəçilik siyasətinə kölgə salmış olur". Politoloq hesab edir ki, ABŞ administrasiyası, Dövlət Departamenti Ukrayna və Gürcüstandakı separatçılara necə embarqo tətbiq edibsə, bunu Qarabağdakı separatçılara da tətbiq etməlidir: "Sanksiyalar tətbiq edərlərsə, heç bir konqresmen Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edə bilməz. Fikir versək, konqresmenlərin Qarabağa gəlişi ilə bağlı rəsmi Bakı ABŞ-a sorğu və nota təqdim edəndə, rəsmi cavablarında qeyd edirlər ki, bu konqresmenlərin müstəqil fəaliyyətidir və Konqresin işinə müdaxilə etmirik. Sual oluna bilər ki, niyə konqresmenlər Abxaziya, Cənubi Osetiya və Donbasa səfər edib oradakı seçkiləri müşahidə edə bilmir, amma Qarabağa gəlirlər? Qarabağla bağlı isə beynəlxalq hüquqa zidd mövqe tutur, vasitəçi dövlət kimi neytrallığını nəzərə almadan maddi maraqları üstün tutublar və beləliklə yanlış siyasətə gedirlər". Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri bildirib ki, məhz bu səbəbdən də, yəni Minsk Qrupunun həmsədr dövlətlərinin Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətinə görə, Ermənistan öz işğalçı siyasətindən geri çəkilmir: "Danışıqlarda hər gün bir mövqe ortaya qoyur. Ona görə də danışıqların imitasiyasına yol verməmək üçün Azərbaycan atəşkəsə əməl etməkdə maraqlı olmamalıdır. 1994-cü il Bişkek protokolu və 2016-cı il atəşkəsin qorunması üçün Moskvada imzalanan sənəd artıq Azərbaycanın əleyhinədir. Rəsmi Bakı öz işğal olunmuş ərazilərində keçiriləcək qanunsuz seçkilərdə iştirak etmək istəyən dövlətlərə kəskin etiraz etməli və indidən danışıqlar aparıb buna imkan verməməlidir".

"Separatçıların büdcəsini formalaşdıran da Ermənistan hakimiyyətidir, işğalçı ordunun problemlərinin həllinin də əsas ünvanı İrəvandır"

Картинки по запросу "Elxan Şahinoğlu"

"Hürriyyət"in məlumatına görə, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, separatçıların hazırkı lideri Bako Saakyan təxminən, bir aydan sonra "postunu" başqa separatçıya təhvil verəcək: "Buna baxmayaraq, Bako Saakyan son günlərdə fəallığını artırıb. Bako Saakyan fevralın 24-də işğal altındakı Əsgəranda toplantı keçirib, bölgənin iqtisadi və sosial problemlərini müzakirə edib. Eyni gündə Saakyan separatçıların "müdafiə naziri" Karen Ambamyanı vəzifəsindən azad edib, onun yerinə Cəlal Arutunyanı təyin edib. Əsgərandakı toplantı ilə "müdafiə naziri" təyinatında birbaşa əlaqə olmasa da, hiss olunur ki, Bako Saakyan özündən sonrakı "prezidentin" yolundakı maneələri indidən ortadan qaldırmaq istəyir". Politoloqun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın və Bako Saakyanın bütün cəhdlərinə rəğmən, hər ikisi işğalçı orduda qeyri-döyüş şəratində ölüm hallarının sayının azalmasına nail ola bilmirlər: "Ona görə də separatçıların yeni "müdafiə naziri" ilk əvvəl intizam məsələləriylə məşğul olmalıdır. Əsgərandakı toplantı isə Dağlıq Qarabağdakı ermənilərin artan sosial problemlərinin həllinin görüntüsünü yaratmalıdır. Çünki yeni seçiləcək "prezident" həm işğalçı qüvvələrin nizam-intimzamına diqqət yetirməli, həm də mümkün qədər sosial problemlərin həlli ilə məşğul olmalıdır. Ancaq bütün hallarda separatçıları hər iki məsələdə İrəvandan asılıdır. Separatçıların büdcəsini formalaşdıran da Ermənistan hakimiyyətidir, işğalçı ordunun problemlərinin həllinin də əsas ünvanı İrəvandır".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org