ABŞ-ın Bağdaddakı səfirliyi RAKET ATƏŞİNƏ TUTULDU

18

Hurriyyet.org xəbər verir ki, mətbuatın İraqın təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən yaydığı məlumata görə, Bağddadakı Amerika səfirliyinə raket hücumu nəticəsində ən azı üç nəfər yaralanıb. Zərərçəkənlərin hansı ölkənin vətəndaşı olduğu barəsində informasiya verilməyib.

Dünən axşam Bağdadın “yaşıl zona”sına – şəhərin mərkəzində dövlət müəssisələri və xarici diplomatik nümayəndəliklərin yerləşdirildiyi möhkəmləndirilmiş rayona beş raket atılıb. Raketlərdən üçünün ABŞ səfirliyi kompleksinin ərazisinə düşdüyü, onlardan birinin şam yeməyi edilən zaman yeməkxanaya tuş gəldiyi bildirilir.

İnsidentdən sonra İraqın baş naziri vəzifəsini icra edən Adil Əbdülmehdi təhlükəsizlik qüvvələrinə ABŞ-ın İraqdakı səfirliyinə hücumun təkrar edilməsi cəhdlərinin qarşısını almaq üçün bütün tədbirləri görməyi tapşırıb. O, bu hücumu qınayaraq, “ayrı-ayrı fərdlər tərəfindən törədilən məsuliyyətsiz əməl” kimi qiymətləndirib, bu hücumun “ciddi nəticələrə” səbəb ola biləcəyini deyib.

Hurriyyet.org