ABŞ-dan Çinə çağırış: “Pentaqonda təkzibedilməz sübutlar var, dərhal geri çəkilin”

    6

    ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Çinin Cənubi Çin dənizindəki adaları silahlandırdığı üçün bu ölkənin donanmasını “2018 Sakit Okeanı Dəniz Təlimləri”nə (RIMPAC) dəvət etməyəcəyini bildirib.

    Hurriyyet.org xəbər verir ki, Pentaqonun Sakit Okeanı bölməsinin komandiri Kristofer Loqan Cənubi Çin dənizindəki təlimlərin bölgədə gərginliyin artmasına xidmət etdiyini bildirib.

    Loqan əlavə edib ki, Çinin Cənubi Çin dənizindəki mübahisəli Spratli adasına raket sistemləri yerləşdirdiyinə dair Pentaqonda təkzibedilməz sübutlar var.

    “Çin təlimlərin təhlükəsizlik, yardımlar, arama-qurtarma, balıqçıların qurtarılması və digər qeyri-hərbi məqsədlərlə keçirildiyini bildirsə də, reallıqlar bunun əksini göstərir. Çini hərbi qüvvələri adadan dərhal geri çəkməyə çağırırıq”, deyə Loqan bildirib.

    Qeyd edək ki, dünyanın ən əhəmiyyətli dəniz marşrutlarından biri olan Cənubi Çin dənizi zəngin karbohidrogen ehtiyatlarına malikdir. Çindən başqa, Filippin, Vyetnam, Malayziya, Bruney və Tayvan kimi ölkələr də beynəlxalq sulara iddia edirlər. ABŞ Çinin bu regionda möhkəmlənməsini təhlükəsizlik maraqlarına zərbə hesab edir və son illər Cənubi Çin dənizi regionunu xarici siyasətin prioritetlərindən birinə çevirib.

    ABŞ bəyan edir ki, Çin süni adalar tikərək onların hesabına ərazi sularını genişləndirir və bu adalarda hərbi obyektlər inşa edir. Çin ABŞ-ın ittihamlarını rədd edir./teleqraf.com/