ABŞ-da zabitlərin qarşısında QARABAĞ MÜZAKİRƏSİ

9

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ-ın Milli Müdafiə Universitetinin dəvəti əsasında universitetin Xarici və təhlükəsizlik məsələləri fakültəsində bu ölkənin dövlət qurumlarının nümayəndələri və Silahlı Qüvvələrin zabitləri qarşısında çıxış edib.

Bu günlərdə Xocalı faciəsinin ildönümünün qeyd edildiyini bildirən Elin Süleymanov bu faciənin Ermənistan-Azərbaycan münaqişəsində dönüş nöqtəsi olduğunu vurğulayıb. O, Xocalı faciəsinin ən böyük qətliamlardan biri kimi qiymətləndirildiyini xatırladıb.

Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini regionda sülh və inkişafa mane olan əsas amil kimi dəyərləndirib və Ermənistanın sülhə əngəl yaradan siyasəti barədə dinləyicilərə ətraflı məlumat verib. Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazilərinin işğal olunduğunu, xalqımızın etnik təmizlənməyə məruz qaldığını qeyd edən səfir bu siyasətin Ermənistanın öz inkişafına da əngəl törətdiyini vurğulayıb.

Elin Süleymanov ölkəmizin və regionumuzun coğrafiyası barədə məlumat verərək, Azərbaycanın böyük geosiyasi əhəmiyyətə malik ölkə və dünya əhəmiyyətli strateji mərkəz olmasından bəhs edib. Azərbaycandakı xalqlar və dinlər arasında mövcud olan anlaşma mühitinə, Azərbaycan ərazisində əsrlərboyu müsəlman və yəhudi icmalarının sülh şəraitində yaşamasına diqqət yönəldib. Azərbaycanda tarixən müxtəlif dini və etnik qrupların dinc şəkildə birgə yaşadığının bu gün də dünyada təqdir edildiyi vurğulanıb.
Daha sonra Azərbaycanın uğurlu enerji strategiyası, neft və qaz ehtiyatları, ölkəmizin təşəbbüsü və aparıcı rolu əsasında icra olunan layihələr barədə məlumat verilib, bu layihələrin hətta qlobal miqyasda enerji təhlükəsizliyi baxımından əhəmiyyət kəsb etdiyi bildirilib. Səfir, həmçinin vurğulayıb ki, Bakı nefti tarixboyu dünya miqyasında sülhə töhfə verməsi ilə də xüsusi seçilib. Buna misal olaraq, Nobel qardaşlarının əsrin əvvəllərində Azərbaycan neft sənayesində fəaliyyətinin Nobel mükafatının təsis edilməsinə verdiyi töhfə və İkinci Dünya müharibəsi zamanı faşizm üzərində Qələbədə Bakı neftinin rolu qeyd olunub.

Çıxışı zamanı səfir “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan neft kəməri, eləcə də Cənub Qaz Dəhlizi barədə iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, sözügedən enerji layihələrinin icrası ilə qurulan uzunmüddətli və möhkəm əsaslara malik tərəfdaşlıq əlaqələri hazırda Azərbaycanın etibarlı və ciddi tərəfdaş kimi tanınmasına imkan yaradıb, sözügedən işlər nəticəsində Qərbin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayıb.

Sonda sual-cavab mərhələsi olub, Yaxın Şərqdə cərəyan edən hadisələr fonunda ölkəmizin mövqeyi, “Bir kəmər, bir yol” təşəbbüsündə Azərbaycanın iştirakı, İsrail-Azərbaycan münasibətləri, enerji layihələri ilə bağlı səfir Elin Süleymanova suallar ünvanlayıb.

Qeyd edək ki, 1976-ci ildə əsası qoyulmuş Milli Müdafiə Universitetinin əsas məqsədi ABŞ və xarici dövlətlər üçün milli və beynəlxalq təhlükəsizlik çağırışlarının qiymətləndirilməsi ilə məşğul olacaq hərbi və mülki kadrların hazırlanmasıdır. Beş kollecdən ibarət universitetin Azərbaycan da daxil olmaqla, dünyanın 90-dan çox ölkəsindən məzunları var. \\Axar