“AA” seriyalı avtomobil nömrələrini kimlər ala bilər?

225

Elməddin Muradlı: “Bununla bağlı qanunvericilikdə hər hansı bir ayrıseçkilik nəzərdə tutulmayıb»

Mübariz Ağayev: “Həmin nəqliyyat vasitələri hərəkət zamanı hansısa üstünlüyə malik olmurlar”

Son vaxtlar şəhər küçələrində “AA” seriyalı avtomobillərə tez-tez rast gəlinir. Maraqlıdır ki, belə avtomobillər bəzi hallarda dövlət idarələrinə deyil, fərdi şəxslərə məxsus olur. Hansı ki, bir neçə gün əvvəl iş adamının özünə məxsus “AA” seriyalı avtomobilin yük yerindən çıxardığı odlu silahla intihar etməsi dediyimiz faktı bir daha təsdiq edir.

Ümumilikdə isə, onu qeyd edə bilərik ki, idarə etdiyi maşında “AA” seriyalı nömrə nişanının olmasını bəzi sürücülər əlavə üstünlük kimi hesab edir, bir çox hallarda yol hərəkəti qaydalarına əməl etmirlər.

Bəs “AA” seriyalı başlayan nömrələr qanunla hansı şəxslərə verilir? Və yaxud adi vətəndaşlar bu seriyadan olan nömrəni necə ala bilərlər?

Mövzuyla bağlı “Hürriyyət”ə danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, Daxili İşlər Nazirliyi Kollegiyasının qərarıyla “AA”, “AS” və “A” hərfləriylə başlayan digər seriyalı nömrələr hüquqi şəxslərə və operativ nəqliyyat vasitələrinə verilən dövlət nömrə nişanları kimi müəyyən edilib:

““AA” seriyalı maşın nömrəsiylə bağlı qanunvericilikdə hər hansı bir ayrıseçkilik nəzərdə tutulmayıb. Belə bir məsələ yoxdur ki, bu nömrə yalnız məmurlarda və yaxud da deputatlarda olmalıdır. Amma Daxili İşlər Nazirliyi Kollegiyasının qərarıyla “AA”, “AS” və “A” hərfləriylə başlayan digər seriyalı nömrələr hüquqi şəxslərə və operativ nəqliyyat vasitələrinə verilən dövlət nömrə nişanları kimi müəyyən edilib. Burda başqa heç bir ayrı-seçkilik yoxdur. İstənilən hüquq şəxs və ya hansısa bir şirkətin nümayəndəsi müraciət edib ,“AA” seriyasında nömrə ala bilər. Burda qanun pozuntusu yoxdur. Düzdür ki, bəzi şəxslər bu nömrələrlə şou göstərməyə çalışır. Bəzi məmurlar var ki, müəyyən bir müəssisə yaradıb və həmin müəssisənin adından “AA” seriyası ilə nömrə əldə edirlər. Sonra məlum olur ki, bu müəsisə demək olar ki, fəaliyyət göstərmir və hər il boş hesabatlar verir. Baxırsan ki, hansısa polis rəisinin şəxsi avtomobili “A” seriyasıyladır. Sistemdə yoxlayanda məlum olur ki, bu nömrə hansısa bir “MMC”-yə məxsusdur. Bundan əlavə, o da məlum olur ki, bu “MMC” heç fəaliyyət də göstərmir. Sadəcə, boş hesabatları gedir. “Nömrə xəstəliyi”nə yoluxmuş adamlar bu cür vasitələrdən sui şəkildə istifadə edirlər. Mən tez-tez yol polisi idarələrinə gedirəm. Orda cərimə meydançalarına gələn maşınlara diqqət yetirirəm. Demək olar ki, maşınların bir çoxu “AA” seriyasıyladır. Bu şəxslər sadəcə şou göstərir. Artıq yol polisləri xüsusi texnikalar vasitəsilə bunu müəyyən edib, yoxlaya bilirlər. Kimin kim olduğu asanlıqla müəyyənləşdirilir.

Özünə hörmət edən məmur nə özü, nə də ətrafında olan insanlara belə şeyləri etməsinə imkan yaratmaz.  Bəzi məsuliyyətsiz valideynlər övladlarına belə şəraiti yaradır. Bunların içərisində keçmiş məmurlardan da var. Onlar bununla bağlı övladlarına heç bir irad da bildirməyiblər. Özünə hörmət edən məmur bunun qarşısını alır. Sevindirici hal odur ki, köhnə məmurların sayı azalıb. Artıq yeni simalar, yeni məmurlar gəlib. Onlar da öz məsuliyyətlərini dərk edir. Tam əminliklə deyə bilərəm ki, məmurlarımızın siyahısında ödənməyən cəriməyə görə, maşını cərimə meydançasına aparılanlar var. Sadəcə, gedib cəriməsini ödəyib. Şahidi olduğum hadisəni danışmaq istərdim. DYP tərəfindən “AA”  seriyalı avtomobil saxlanılıb. Məlum olub ki, avtomobilin 6000 azn cəriməsi var, amma həmin şəxs cəriməni ödəmək istəmirdi. Araşdırılma aparıldıqdan sonra məlum olur ki, bu şəxs “Sədərək” ticarət mərkəzində paltar satan biridir. Səhər tezdən oyanıb, axşama kimi əziyyət çəkən bir şəxs qazandığını bu nömrəyə verir. Adama deyərlər ki, nömrən “AA”-dırsa, bəs niyə cəriməni ödəmirsən?…

Mən “AA”  nömrəsiylə bağlı məsələləri ciddi qəbul etmirəm. İnanın ki, nömrə heç nəyi dəyişmir. Belə vəziyyət Azərbaycan və bir-iki ərəb ölkəsində var. Bundan əlavə, Rusiyada qafqazlılar yaşayan ərazilərdə belə nömrələrə maraq çox olur. İnanmıram ki, dünyanın başqa ölkələrində nömrə davası olsun. Hətta, bəzi ölkələr var ki, müsbət mənada onları nümunə göstərmək olar. Həmin ölkələrdə bizim “zerkalnı” kimi tanıdığımız nömrələr zibil və təsərrüfat maşınlarına vurulur. Nömrə insanın nə səviyyəsini, nə ağlını, nə də kolaritini müəyyən etmir. Belə məsələylə bağlı qanunvericilik aktı yaratmağa da ehtiyac yoxdur. Təklifim odur ki, bahalı nömrələrin qiymətləriylə bağlı tədbirlər görülməlidir. Əgər baha qiymətə satılan nömrələr varsa,  elə həmin qiymətə rəsmiləşdirilməlidir. Əldə edilən rüsumlar isə dövlət büdcəsinə getməlidir. Gürcüstanda insanlar internet üzərindən nömrələri əldə edir. Nömrə istəyən şəxs internet vasitəsilə bəyəndiyi nömrəni seçir, əgər nömrə açıqdırsa kart vasitəsiylə ödənişini edib, nömrəni əldə edir. Nəticədə, ödəniş dövlət büdcəsinə keçir. Daha sonra, çeki göstərib və nömrəni rahatlıqla əldə edir. Burda ikinci müdaxiləyə ehtiyac olmur.

Ümumiyyətlə, insan niyə dəmir-dümürə yüksək məbləğdə pul xərcləyir?… İş adamları var, bildirir ki, sadə maşın və sadə nömrəylə iş görüşünə gedən zaman ciddi qəbul olunmur. Bahalı maşın və nömrəylə gedən zaman isə ciddi qəbul olunur. Başa düşmək olmur ki, cəmiyyətin düşüncəsi niyə belə istiqamətdə gedir?… İnsana iş qabiliyyətinə görə qiyməti vermək lazımdır, hansısa lazımsız nömrəyə görə yox…”.

Baş Dövlət Yol polisi idarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev də “Hürriyyət”ə açıqlamasında “AA” seriyasının sürücülərə heç bir üstünlük vermədiyini dedi: “Bu nömrələr əsasən hüquqi şəxslərə verilir. Eyni zamanda, dövlət və hökümət qurumlarına məxsus nəqliyyat vasitələrində də istifadə olunur. Birmənalı olaraq bilmək lazımdır ki, dövlət nömrə nişanından aslı olmayaraq, əgər qanun pozuntusu varsa, inzibati xətalar məcəlləsinə uyğun olaraq, hüquqi əsaslarla məsələyə baxılır. Bu eyni zamanda, xarici nömrə nişanlarına da aid edilir. Yəni yol hərəkəti qaydalarını pozan hər bir sürücü, öz hərəkətlərinə görə qanun qarşısında cavab verməlidir. Bu “AA” seriyalı maşın da ola bilər. Bu nömrənin olmasının heç bir önəmi yoxdur. Toxunulmazlığı olan deputatlara təhkim olunmuş nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol qaydaları pozularsa və bu xüsusi texniki vasitələrlə qeydə alınarsa, bu da fərq qoyulmadan, hüquqi əsaslarla həmin nəqliyyat vasitəsinin sürücüsü barəsində tədbir görülür. Yenə deyirəm ki, burda dövlət qeydiyyat nişanın heç bir önəmi yoxdur. Bu seriyalı nömrələr fərqləndirmək üçün əsas sayılmır. Bu avtomobillərin sürücüləri elə bilməsinlər ki, əgər hansısa şəkildə qayda pozularsa, məsuliyyətdən yayına bilərlər. “AA” seriyası onlara heç bir üstünlük vermir. Faktiki olaraq, həmin nəqliyyat vasitələri hərəkət zamanı hansısa üstünlüyə malik olmurlar. Sadəcə, cəmiyyətdə belə düşüncə yaranıb ki, bu nömrələr digər maşınlardan hansısa üstünüylə malikdir…”

YƏHYA