Deputat yenə “gül vurdü”, “trolları” rəzil hücuma keçdi – Fakt/Video

    18

    Azərbaycanın qəribə millət vəkillərindən olan Hadı Rəcəbli yenə “gül vurub”. Deputat deyib ki, 143 manatla yaşamaq mümkündür

    Hurriyyet.org xəbər verir ki, Cahan.info-nun yaydığı məlumata görə, onun bu çıxışı sosial şəbəkələrdə növbəti dəfə gülüşlə qarşılanıb.

    Əksəriyyət sual edib ki, 143 manatla dolanmaq mümkündürsə, H.Rəcəbli niyə deputat maaşının artırılmasını təklif edirdi. İkincisi, millət vəkili ölkədə heç 500 manatla da yaşamağın qeyri-mümkün olduğunu bilmir ki? – Bilir. Sadəcə, danışır da…

    Onun çıxışlarından biri feysbukda paylaşılıb və buna cavab olaraq jurnalist Xəyyam Salmanzadə Bərdədə küçə süpürən, aldığı 123 manat maaşla parkda gecələyən əlil qadın Nazilə Musayeva ilə bağlı müraciəti şərh bölümünə yerləşdirib.

    Ancaq H.Rəcəblinin “trolları” jurnalisti səhv çıxarmağa çalışıblar. Guya süpürgəçi 300 manat alır. Nazilənin 123 manat maaş aldığını dəqiqləşdirmək çətin deyil, Bərdə Kommunal Təsərrüfat Birliyindən öyrənmək olardı.

    Deputatın “trol”ları isə vicdansız şəkildə nahaq sözlər yazmağa davam ediblər. Əlil qadının acınacaqlı vəziyyətinə məyus olmaq, dəstək verməyə hazır olduqlarını demək yerinə H.Rəcəblini tərifləməyə, onun insanlara kömək etdiyini söyləməyə başlayıblar.

    Hələ X.Salmanzadəyə də ağızlarına gələni yazıblar. Görəsən, deputatın “trol ordusu” hansı maraq qarşılığında dəridən-qabıqdan çıxaraq deputatı müdafiə edirlər?

    Üstəlik, jurnalist millət vəkilinə nə deyib ki, onu təhqir ediblər? Kimsəsiz əlil qadının övladı ilə parkda gecələməsi və çarəsiz olduğunu söyləməsi, bu haqda məqaləni paylaşması günahdırmı?

    X.Salmanzadə o müraciəti yerləşdirib ki, H.Rəcəbli bəlkə görə və Naziləyə yardım edə. Amma əvəzində trollar qırğı kimi şığıyıblar, ağıl verməyə çalışıblar, ittiham və təhqir ediblər.

    Cahan.info xəbər verir ki, buna qədər şəhid ailələrinə verilən müavinətlərin çox olduğunu söyləyən, amma yeri gəldi-gəlmədi deputat maaşından şikayətlənən H.Rəcəblinin bu paradoksal çıxışlarının davamı məcburi köçkünlərə ilişmək olmuşdu.

    H.Rəcəbli onların qeydinə qalmaq və sosial hüquqlarını müdafiə etmək, yeni vahid müavinət barədə üstübəzək, kosmetik, korrektə olunmuş açıqlama vermək yerinə qaçqınları aşağılayan, onları qıcıqlandıran, dövlət rəhbərliyinin üstünə qaldıran çıxışlar etməkdədir.

    Sitat: “Biz məcburi köçkünlərin yaşadıqları evlərə gedirdik. Onlar işıq sperallarından isifadə edirdilər. Sonra isə pəncərəni açıq qoyurdular”.

    Freydin psixoanalizinə görə, insanın aqressivliyinin köklü və keçmişə bağlı səbəbləri var. Elə buna görədir ki, Lənkəranın ömürlük deputatı təyin edilmiş Hadı Rəcəbli insanlara qarşı rəhmdil ola bilmir.

    Çünki Şəki Şəhər Partiya Komitəsində I katib vəzifəsindən yerli camaat tərəfindən döyülərək qovulduqdan sonra xalqa münasibəti dəyişib.

    24saat.org saytının şəkili baş redaktoru Vüqar Qurdqanlı bir müddət əvvəl statusunda Freydin psixoanalizini təsdiqləmişdi: “Hadı Rəcəbli sovet dönəminin Şəkiyə başçılıq eləyən son I katib idi.

    İğtişaşların başladığı ilk gündə qadasın aldığım şəkililərin ilk işi danışığını qanmayan Hadı Rəcəblini döyüb xəstəxanalıq eləmək olub. Sonra elə xəstəxanadanca çıxıb, Şəkidən qaçıb. Niyəsini də yəqin hamı təxmin edir”.

    Onun anti-xalq çıxışları, çağırış və təklifləri, Qarabağ əlillərini, köçkünləri, şəhid ailələrini, müəllim və jurnalistləri, o cümlədən feysbuk fəallarını qıcıqlandıran sözləri də məhz bu hadisədən qaynaqlana bilər.

    H.Rəcəbli bir lənkəranlının yanan barmağına su tökməyib. Doğrusu, yerli camaatın ürəyində ona böyük sevgi də yoxdur. Həmişə səs almadan mandat qazanıb, seçicilərlə görüşməyib, qapı-qapı gəzməyib, Lənkəranın dərd-sərinə ürək qızdırmayıb. Beləsini necə sevsinlər?!

    Əksinə, yeri gəldi-gəlmədi müəllimi daş daşımağa, Qarabağ əlilinə imtiyazları çox görməyə, şəhid ailəsinə çatan müavinətin məbləğini artıq saymağa, feysbuku bağlamağa çağırışlar edib, biznes obyektlərini hamı bil-bilə öz maaşından gileylənməyə, pensiya yaşının artırılmasına nail olmağa çalışıb.

    “Bu arada 143 manatla yaşamaq olar” fikri barədə deputat deyib ki, onun parlamentdəki çıxışı təhrif olunub.

    H. Rəcəbli əlavə edib ki, gələn il üçün nəzərdə tutulan ehtiyac meyarı rəqəmi bu ilin müvafiq dövrü ilə müqayisədə 13 manat çoxdur:

    “Mən çıxışımda bildirdim ki, bu hesabla 17 min adam əlavə olaraq ünvanlı yardıma cəlb olunacaq və bu, yaxşı haldır. Çünki ehtiyac meyarı ünvanlı yardımı hesablamaq üçün nəzərdə tutulan rəqəmdir.

    Bu, kasıb təbəqəni müəyyənləşdirməyin bir göstəricisidir. Daha sonra demişəm ki, ehtiyac meyarı göstəricisi dünyada yoxdur, gələcəkdə yaşayış minimumu ilə əvəz olunmalıdır.

    Dünyada yaşayış minimumu rəqəmi var. Təklif etdim ki, gələcəkdə ehtiyac meyarı götürülsün, minimum əmək haqqı da yaşayış minimumuna uyğun olsun.

    Spiker Oqtay Əsədov da ehtiyac meyarının yaşayış minimumu ilə əvəzlənməsi barədə təklifimi dəstəklədi. Yaşayış minimumu isə 180 manatdır. Mən çıxışımda onu da dedim ki, yaşayış minimumu da artmalıdır.

    Ən başlıcası, minimum əmək haqqı yaşayış minimumuna çatdırılmalıdır. Mən deməmişəm ki, ehtiyac meyarı bir ay dolanmağa bəs edir. Bu fikrim təhrif olunub”.