“HÜRRİYYƏT” “SAMSUNG” ŞİRKƏTİNİN FIRILDAĞININ ÜSTÜNÜ AÇDI

    3

    Eyyub Hüseynov: "Smart TV-lərdə Youtube, Skype, Facebook, Twitter və digər internet xidmətlərinin ləğv olunması birbaşa istehlakçı hüquqlarının pozulmasıdır"

    ""Baku Electronics" və "Kontakt Home" istehlakçıları aldatmaqla məşğuldur"

    "Onların prinsipi məhz bu cürdür: Pulunu ver mənə, itil cəhənnəmə"

    Bu gün dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda yeni nəsil televizorlardan – Smart TV-lərdən istifadə olunur. Çünki Smart TV-lər vasitəsiylə eyni vaxtda həm televizora baxmaq, həm də internetdə istədiyin sayta daxil olmaq, Youtube və digər videohostinqlərdə videolar izləmək, Skype, Facebook, Twitter və ya Google Talk vasitəsilə ünsiyyətdə olmaq, televizorda foto və video fayllara baxmaq, həmçinin onları internet vasitəsilə paylaşmaq, web hərraclardan mal almaq mümkündür. Bir sözlə, bütün bu imkanlar və sadalamadığımız digər xüsusiyyətlər Smart TV-lərdə olduğu üçün onların qiyməti digər televizorlardan kəskin şəkildə fərqlənir. Məsələn, əgər sadə televizorların qiyməti 300-800 manat arasında dəyişirsə, Smart TV-lərin qiyməti 2000-2500 manatdan başlayır.

    Məlumat üçün bildirək ki, hazırda dünyanın ən sürətli inkişaf edən brendlərindən biri kimi tanınan "Samsung Electronics" rəqəmsal televizorlar, Smart TV-lər, yaddaş kartları, mobil telefonlar və TFT-LCD monitorlarının aparıcı istehsalçısıdır. Yəni adıçəkilən şirkət yarımkeçirici, telekommunikasiya avadanlığı və rəqəmli konvergensiya sahəsində dünyanın texnoloji lideridir və onun dünyanın 70-ə yaxın ölkəsində təxminən, 300-dən artıq ofisi fəaliyyət göstərir. Azərbaycanda isə "Samsung Electronics"in rəsmi tərəfdaşı "Baku Electronics" şirkətidir. Ümumiyyətlə, bu gün ölkəmizdə Smart TV əldə etmək istəyən şəxslər əsasən "Baku Electronics", "İrshad Telecom", "Kontakt Home" və "Soliton" mağazalar şəbəkəsinə müraciət edir. Lakin nədənsə son zamanlar, "ağıllı" televizorlar kimi tanınan Smart TV-lərlə bağlı heç də xoş olmayan məlumatlar dolaşmaqdadır. Belə ki, Cənubi Koreyanın "Samsung" şirkətinin istehsalı olan Smart TV-lərin danışığı dinləyərək öz sahiblərini izləyə, məlumatları üçüncü tərəfə göndərə biləcəyi qeyd olunur. Məsələnin maraqlı tərəfi ondadır ki, xarici mətbuatın yazdığına görə, bir müddət öncə "Samsung" şirkəti özü bunu bəyan edib və müştərilərinə "ağıllı" televizorlar qarşısında şəxsi işlərini müzakirə etməməyi məsləhət görüb.

    Bundan başqa, sözügedən sahənin ekspertləri iddia edirlər ki, Smart TV-lərdə internet olduğuna görə bu televizorlar təhlükəli hesab olunur. Eyni zamanda, o da bildirilir ki, ağıllı televizorların istədiyiniz vaxtda istədiyiniz proqrama baxmaq imkanı yaratmaq kimi funksiyası olsa da, bu funksiyadan istifadə etmək hələlik tam mümkün deyil. Smart TV-lərin səhvlərlə dolu, yavaş və qarışıq interfeysi də istifadçilərin narazılığına səbəb olur. Hələ bu, harasıdır. Mütəxəssislərin apardığı araşdırma nəticəsində məlum olub ki, Facebook, Twitter, Youtube və digər proqramların Smart TV-lərə uyğun versiyaları mövcud olsa da, nədənsə həmin proqramlardan istifadə etmək demək olar ki, mümkünsüzdür.

    Mövzu ilə bağlı əldə etdiyimiz başqa bir məlumatda isə deyilir ki, "Samsung" şirkətinin istehsal etdiyi Smart TV-lər 5 ildən sonra adi televizora çevrilir. Daha dəqiq desək, bu barədə redaksiyamızı bilgiləndirən paytaxt sakinlərinin sözlərinə görə, adi televizorlardan bir neçə dəfə baha qiymətə aldıqları Smart TV-lərin əsas imkanları müəyyən müddət sonra məhdudlaşdırılıb, nəticədə Youtube, Skype, Facebook, Twitterə daxil olmaq və digər xidmətlərdən istifadə etmək mümkün olmayıb. Məhz bu səbəbdən də onlar ölkəmizdə "Samsung Electronics"in rəsmi tərəfdaşı olan "Baku Electronics" şirkəti ilə əlaqə saxlayıb. Şirkətdən bildirilib ki, bu məsələdə onların heç bir məsuliyyəti yoxdur, "Samsung Electronics" istehsal müddəti 5 ili tamamlayan Smart TV-lərin sadaladığımız xidmətlərini ləğv edib. Əslində bu, birbaşa istehlakçı hüquqlarının pozulması deməkdir. Çünki Smart TV-ləri digər televizorlardan fərqləndirən əsas xüsusiyyət, bir qədər əvvəl də qeyd etdiyimiz kimi, Youtube və digər videohostinqlərdə videolar izləmək, Skype, Facebook, Twitter və ya Google Talk vasitəsilə ünsiyyətdə olmaq imkanıdır. Əgər "Samsung" şirkəti 5 il sonra, istehsalçısı olduğu Smart TV-lərdə bu imkanları ləğv edirsə, o zaman həmin televizorların digərlərindən fərqlənən hər hansı üstünlüyü qalmır. Buradan da belə qənaətə gəlmək olar ki, "Samsung" şirkətinin müştərilərinə təqdim etdiyi "ağıllı" televizorlar 5 ildən sonra "ağılsız"laşır. Bu isə öz növbəsində, ən azı 2000-2500 manatından keçib Smart TV alan müştərinin hüquqlarının pozulması, onun səbəbsiz yerə ziyana düşməsi ilə nəticələnir.

    Картинки по запросу Eyyub Hüseynov

    Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da hesab edir ki, Smart TV-lərdə Youtube, Skype, Facebook, Twitter və digər internet xidmətlərinin ləğv olunması birbaşa istehlakçı hüquqlarının pozulması, müştərilərin aldadılması kimi qiymətləndirilməlidir: "Bundan başqa, şirkətlər tərəfindən satışa çıxarılan hər hansı televizorun müşahidəedici sənədlərində qeyd olunan məsələ, yəni 5 il sonra Youtube, Skype, Facebook, Twitter və digər internet xidmətlərinin ləğv olunacağı birmənalı şəkildə göstərilməlidir. Nəzərinizə çatdırım ki, Nazirlər Kabinetinin 94 saylı qərarına görə, televizorların müşahidəedici sənədləri xarici dillə yanaşı, dövlət dili olan Azərbaycan dilində olmalıdır və bütün zəruri bilgilər mütləq həmin sənəddə öz əksini tapmalıdır".

    Bu arada, "Baku Electronics" və "Kontakt Home" mağazalar şəbəkəsində istehlakçıların bu və ya digər formada aldadıldığını bildirən Azad İstehlakçılar Birliyinin sədrinin sözlərinə görə, məhsul haqqında məlumatın gizlədilərək satılması qanuna ziddir: "Onu da qeyd edim ki, "Baku Electronics" və "Kontakt Home"dan istehlakçıların aldadılmasını gözləmək olar. Çünki onların hər ikisi istehlakçıları aldatmaqla məşğuldur. Bir sözlə, onların prinsipi məhz bu cürdür: Pulunu ver mənə, itil cəhənnəmə. Çünki istehlakçının səsini eşitmə mexanizmləri yox dərəcəsindədir, qaynar telefon xəttlərinə cavab verən yoxdur. Hətta istehlakçı gedib saatlarla gözləsə də, onu qəbul etmirlər. Odur ki, əhaliyə bu iki şirkətdən mal alarkən ehtiyatlı olmağı məsləhət görürəm. Bir daha bildirirəm ki, Smart TV-lərdə Youtube, Skype, Facebook, Twitter və digər internet xidmətlərinin ləğv olunması istehlakçı hüquqlarının pozulması, istehlakçılara onların tələbatına uyğun olmayan malın, həmin məhsul haqqında məlumatın gizlədərək satılmasıdır. Bu isə qanuna ziddir. Əgər istehlakçılar bizə müraciət edərsə, o zaman həmin televizorların qaytarılmasına, o cümlədən dəyişdirilməsinə nail ola bilərik".

    Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org