Ətraf mühit çirklənməsindən ildə 1,7 milyon uşaq ölürsə…

    18

    Bəs Azərbaycanda ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün hansı tədbirlər görülür?

     

    “Hürriyyət”in ötən saylarından birində dərc olunan “Ətraf mühit çirklənməsindən ildə 1,7 milyon uşaq ölürsə…” sərlövhəli yazıda ətraf mühit çirkəlnməsinin insan orqanizminə zərərli təsirindən bəhs etmişdik. Yazının sonunda vurğulamışdıq ki, növbəti yazımızda aşağıdakı suallara cavab tapmağa çalışacağıq: Azərbaycanda ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün hansı tədbirlər görülür? “Ümumiyyətlə, bizim ölkəmizdə ətraf mühitin çirklənməsi nəticəsində azyaşlı uşaqların ölüm statistikası bəllidirmi?

    Öncə ondan başlayaq ki, insanların sağlamlığı üçün sağlam və təhlükəsiz ətraf mühit zəruridir. Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsinə əsasən, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Həmçinin “Əhalinin Sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü Maddəsinə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələrindən biri ətraf mühitin qorunmasının, ekoloji təhlükəsizliyin təmin edilməsidir.

    Hələ bir neçə il əvvəl Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə Bakıda “Ətraf mühit faktorlarının insan sağlamlığına təsiri” mövzusunda keçirilən Dəyirmi Masada da mütəxəssislər tərəfindən belə bir fikir bildirilmişdi ki, “ətraf mühit insan orqanizminin sağlamlığına daim təsir edir. Bizim fərdi sağlamlığımız əsasən ehtiyatlı davranışdan, irsiyyətdən, fəaliyyətimizdən, ətraf mühitin yerli faktorlarının təsiri və tibbi-sanitariya yardımının əlçatanlığından asılıdırsa, əhalinin davamlı sağlamlığı üçün biosferin “sağlam” olması zəruridir”.

    Bu sətirlərin müəllifinin də iştirak etdiyi toplantıda çıxış edən ekspertlər açıq və qapalı yerlərdə çirklənmiş havanın, suyun, qeyri-adekvat sanitar qaydalarının, qeyri-sabit iqlim şəraitinin, infeksion xəstəliklərin baş verməsinin yeni modellərinin, ultrabənövşəyi şüalanma və eko-sistemlərin dəyişməsilə xəstəliklərin yaranmasının insan sağlamlığı üçün mühüm ekoloji risk amilləri olduğunu diqqətə çatdırmışdı. Orqanizmə mənfi təsir göstərən amillərlə mübarizə istiqamətində ictimai səhiyyənin bir sıra hədəf və vəzifələrini sadalayan mütəxəssislər ekoloji problemlərin ictimai səhiyyənin əsas həll etməli olduğu vacib məsələlərdən olduğunu qeyd etmişdilər.

    Təsadüfi deyil ki, hazırda ətraf mühitin mühafizəsi məsələləri aparıcı beynəlxalq təşkilatların proqram sənədlərində öz əksini tapmışdır. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ətraf mühitlə bağlı qəbul olunmuş bir sıra qanunlar, reallaşan dövlət proqramları və layihələr ətraf mühitin daha da sağlamlaşdırılması üçün böyük imkanlar açır. Bununla yanaşı, Azərbaycan Respublikası bu günə kimi bir sıra beynəlxalq konvensiyalara qoşulmuş, müvafiq protokollar imzalamışdır. Bu sahədə bir çox nailiyyətlərə baxmayaraq, görüləcək işlər hələ də mövcuddur.

    Ətraf mühit çirklənməsindən ildə 1,7 milyon uşaq ölürsə…

    Onu da qeyd etmək laızmdır ki, dünyada sərt iqlim dəyişməsi, yeni fəlakətlər, müharibələr, yeni xəstəliklərin əmələ gəlməsi və s. ətraf mühit sağlamlığı üçün ciddi xəbərdarlıqdır. Bunu nəzərə alaraq, müvafiq təşkilatlar tərəfindən mütəmadi tədbirlər görülür. Və problemlərin həlli yolunda bu cür görüşlərin keçirilməsi olduqca vacibdir.

    Mütəxəssislər onu da təsdiq edirlər ki, xəstəliklərin 25%-dən çoxu ekoloji faktorlar səbəbindən yaranır. Bunun üçün hər bir dövlətin başlıca vəzifəsi dayanıqlı ətraf mühiti yaratmaqla, xəstəliklərin qarşısının alınması olmalıdır. Məsələn, evdə və iş yerlərində passiv tütünçəkmə ətraf mühit və insan sağlamlığına mənfi təsir göstərən ciddi problemdir. Bu problemlə də mübarizə aparılmalıdır.

    Ümumiyyətlə, əhalinin sağlamlığını qiymətləndirmək ictimai səhiyyənin əsas funksiyalarındandır. Çünki ictimai səhiyyə əhalidə olan qısa və uzunmüddətli meylləri müşahidə etməyə imkan yaradır. Beləliklə də cəmiyyətin birgə səylərini təşkil edir, xəstəliklərin qarşısını almağa yönəlir və sağlam həyat tərzini təşviq edir.

    Digər tərəfdən, iqlimin dəyişməsinin insanların sağlamlığına təsir faktorları da diqqətdən qaçmamalıdır. Eyni zamanda da insanların iqlimə təsiri, qlobal istiləşmə, ozon təbəqəsinin tükənməsinin, ultrabənövşəyi şüalanmanın və parnik effektinin insanların sağlamlığına ziyan vuran başlıca amaillərdəndir.

    Təsadüfi deyil ki, ətraf mühitin mühafizəsi sahəsində qanunların qəbulu getdikcə daha da sərtləşdirilməkdədir. Çünki hər hansı ölkədə düzgün ekoloji siyasət qurularsa və bu siyasətin həyata keçirilməsi üçün şərait olarsa, ətraf mühitin qorunması işi inkişaf edər. Azərbaycanda da bu məsələ daha qabarıq forma alıb.

    Belə ki, son illər ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində böyük layihələr həyata keçirilir. Ekoloji vəziyyətin sağlamlaşdırılması üçün həyata keçirilən bu layihələr su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, atmosferin mühafizəsi, torpaqların deqradasiyasının qarşısının alınması, o cümlədən neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, bərk sənaye və məişət tullantılarının, o cümlədən, təhlükəli tullantıların idarə olunmasının təkmilləşdirilməsi sahələrinə yönəldilmişdir.

    Ötən müddət ərzində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq olunan “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair”, “Azərbaycan Respublikasında Hidrometeorologiyanın İnkişafı Proqramı” və digər proqramlarda nəzərdə tutulmuş tədbirlər ardıcıllıqla həyata keçirilib. Kompleks Tədbirlər Planından irəli gələn ətraf mühitin qorunmasına yönəldilmiş Bakı Buxtasının, Bibiheybət zonasının, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasındakı göllərin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi və s. tədbirlər uğurla həyata keçirilib.

    Azərbaycan ətraf mühitin mühafizəsi sahəsindəki son on illik fəaliyyətinə görə dünyada ikinci yerdə qərarlaşıb. ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən hazırlanan “Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi” (Environmental Performance Index) adlı sənəddə Azərbaycanın bu mövqeyi öz əksini tapmışdır. Sənədə əsasən Azərbaycan ətraf mühitlə bağlı xəstəliklərin azalması sahəsində birinci yerdədir. Buna insan sağlamlığına mənfi təsir edən ekoloji problemlərin aradan qaldırılması istiqamətində görülmüş işlər zəmin yaradıb. Belə ki, təhlükəli tullantıların idarə olunması sahəsində dəyişikliklər, o cümlədən 300 min tona yaxın civə tərkibli toksiki tullantıların müasir təhlükəli tullantılar poliqonunda tam zərərsizləşdirilməsi, əhalinin içməli su ilə, o cümlədən regionlarda 340 minə yaxın əhalinin Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən içməli su ilə təmin edilməsi, bərk məişət tullantıları və çirkab suların idarə olunmasındakı irəliləyişlər, neftlə çirklənmiş ərazilərin reabilitasiyası və s. belə nəticələrin əldə olunmasına gətirib çıxarıb.

    Qeyd etdiyimiz kimi, atmosfer havasının çirklənməsi də ətraf mühitə çox güclü təsir göstərir. Ona görə də ETSN havanın çirklənməsinin qarşısını almaq üçün davamlı tədbirlər həyata keçirməkdədir. Bu sahə üzrə təkcə son aylar ərzində çoxsaylı akt və protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan müddətli “məcburi göstərişlər” verilib.

    Şübhəsiz, bütün bu tədbirlər Azərbaycanda ətraf mühitin çirklənməsi nəticəsində qaçılmaz olan ölüm hallarını aradan qaldırmaqdadır. Biz çalışmalıyıq ki, təkcə uşaqlar deyil, ümumiyyətlə insanlar ətraf mühitin çirklənməsindən zərər çəkməsinlər. Bunun üçün isə bu sahədə davamlı olaraq tədbirlər planı həyata keçirilməlidir.

    “Hürriyyət”