DİM bakalavrlara müraciət etdi

    21

    Dövlət İmtahan Mərkəzi (DİM) jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanına qeydiyyatdan keçmiş bakalavrlara müraciət edib.

    Bu barədə Hurriyyet.org-a Mərkəzdən məlumat verilib.

    Məlumatda bildirilir ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət etmək imkanı verilib: "Həmin bakalavrlar aprelin 20-dən 30‑dək DİM-in internet saytında qeydiyyatdan keçməli idilər. Bu müddət ərzində 10 nəfər bakalavr qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib ki, onlardan 9 nəfəri Azərbaycan bölməsinin, 1 nəfəri isə rus bölməsinin bakalavrlarıdır. Həmin bakalavrlar 7 may 2018-ci il tarixində qabiliyyət imtahanı verməlidirlər. Jurnalistika üzrə proqramı yalnız qabiliyyət imtahanında iştirak edən və "məqbul" qiymət alan bakalavrlar seçə bilərlər. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar mayın 4-dən 6-dək "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və 2018-ci il mayın 7-də vərəqədə göstərilən vaxtda Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında qabiliyyət imtahanında iştirak etməlidirlər".

    Bakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün şəxsiyyətini təsdiq edən sənədi, "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni, dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika janrları üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) (qovluqda), təqdim edilən materialların və çıxışların müəllifə məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışı mütləq özləri ilə gətirməlidirlər.

    Yuxarıda sadalanan sənədlərdən hər hansı birini gətirməyən bakalavrlar qabiliyyət imtahanına buraxılmırlar.