ORTAQ TARİXİ KEÇMİŞİN YARADILMASI

    3

    Türkiyə-Azərbaycan münasibətlərində tarixi mirasdan istifadə

    (Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/ortaq_tarixi_kemiin_yaradilmasi)

    Azərbaycanın bir neçə rayonunda da bu istiqamətdə işlər görülüb. Hazırda ölkədə 1918-ci ildə həlak olmuş Osmanlı əsgərlərinin xatirəsinə qoyulmuş bir neçə abidə var. Tez-tez bir vaxtlar itmiş türk əsgəri qəbrlərinin möcüzəvi şəkildə aşkar edilməsi haqqında məlumatları da eşitmək mümkündür. Hacıqabul rayonun Qubalıoğlu kəndində tapılmış və Azərbaycan icra orqanlarının Osmanlı-Türk Əsgərlərinə aid qəbrlər olduğunu təsdiqlədiyi altı qəbrin ani kəşfi bu misallardan biridir. 2012-ci ilin sentyabrında Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Şəki rayonunun Orta Zəyzid kəndində belə abidələrdən birini ziyarət etmişdilər.

    Azərbaycan uğrunda həlak olmuş türk əsgərlərinin anılması bütün ölkə miqyasında həyata keçirilir. Orta məktəb rəhbərləri vaxtaşırı şagirdlərin bu abidələri ziyarətini təşkil edirlər. Yerli hakimiyyət qurumları bu məzarlıqlarda müxtəlif vətənpərvərlik tədbirləri keçirirlər. Müasir Azərbaycan tarixçiləri, Fazil Mustafa və Əli Məsimli kimi deputatlar vaxtaşırı Azərbaycan hökumətini Osmanlı ordusunun 1918-ci ildə Azərbaycanda döyüşmüş əsgər və zabitlərinin xatirəsini yaşatmaq üçün daha çox iş görməyə, komandan Nuru Paşaya heykəl qoymağa çağırırlar. Nuru Paşaya Azərbaycanlı müəlliflər tərəfindən şeirlər yazılıb, mahnılar bəstələnib, rəssamlar onun portretlərini çəkiblər. Paşanın İstanbuldakı qəbri Türkiyədə yaşayan azərbaycanlılar tərəfindən ziyarət olunur və onun üzərində Azərbaycan bayrağı dalğalanır. Bu sətirlər yazıldığı zaman AXC-nin yüz illiyi münasibətilə Gəncədə Nuru Paşanın fəaliyyətinə həsr edilmiş muzeyin açılışı planlaşdırılırdı.

    Maraqlı məqamlardan biri də budur ki, Osmanlı ordusu müxtəlif xalqlardan təşkil olunsa da, bu əsgərlərin məzarı üzərinə “türk əsgərinin qəbri” sözləri yazılır. Milli Məclisin deputatı Qənirə Paşayeva kimi bəzi Azərbaycanlı aktorlar Osmanlı ordusunun vaxtilə Azərbaycana gəlməsini müasir dövrün bəzi aktual ideoloji və geopolitik məsələləri üçün istifadə edirlər. İraqın Kərkük şəhərindəki Türkman etnik azlığını müdafiə etmək misalına diqqət yetirmək bu mənada müvafiq olardı. Azərbaycanda ictimai fikri Türkman azlığının hüquqlarını müdafiəsi məsələsinini aktuallığına cəlb etmək üçün Azərbaycan milliyətçiləri türk əsgərinə qoyulmuş abidə ətrafında toplanmış və xüsusi olaraq vurğulamışdılar ki,1918-ci ildə Bakıda həlak olmuş Osmanlı əsgərləri içərisində 6 nəfəri Kərkük şəhərindən olub. İştirakçılardan birinin, göründüyü kimi, mesajı çox sadədir: “Onlar yüz il əvvəl bizi xilas etməyə gəlmişdilər və gələcək nəsillər üçün nümunədirlər”.

    Azərbaycan hökuməti Türkiyə ilə həmrəyliyin qədimliyini sübuta yetirmək üçün ən xırda faktlardan da yararlanmağa çalışır. Məsələn, Azərbaycanın Müdafiə Nazirliyinin əməkdaşları təklif ediblər ki, Birinci Dünya Müharibəsi zamanı və ondan sonra Abşeron yarımadasından 11 kilometr aralıda yerləşən Nargin adasında saxlanmış (alman əsirlərlə birgə) və orada ağır şərtlər altında həlak olmuş Osmanlı əsirlərinə abidə qoyulsun.

    Nuru Paşa Azərbaycanda tərənnüm edilən yeganə türk generalı deyil. Rəsmi Azərbaycan tarixşünaslığı Kazım Qarabəkir paşanı Naxçıvanı qurtarmış komandan kimi təqdim edir. Naxçıvandakı türk məscidi Kazım Qarabəkir Paşanın adınadır. Azərbaycan müəlliflərinə görə, o, erməni silahlı dəstələrinin Azərbaycan xalqını qırmasının qarşısını alıb. Nuru Paşa kimi Kazım Qarabəkir Paşanın da adı 1918-ci il hadisələrinə həsr olunmuş konfrans və simpoziumlarda hörmətlə anılır. Naxçıvan şəhərində Kazım Qarabəkir paşa və onun əsgərlərinin şərəfinə xatirə kompleksi ucaldılıb. Vaxtaşırı ona heykəl qoyulması ilə bağlı tələblər də səsləndirilir.

    Azərbaycan ictimaiyyəti eyni siyasətin Türkiyə tərəfindən də aparılmasını tələb edir. Məsələn, diaspora işlərində aktiv olan Azərbaycan təşkilatları Türkiyə dövlətindən 1915-ci ildə Çanaqqala döyüşündə həlak olmuş üç min azərbaycanlının şərəfinə xatirə lövhəsi qoyulmasını istəyir. Üstəlik, bir neçə ildir Sakarya, Kocaeli və İzmit kimi türk bələdiyyələrində Xocalı soyqırımının qurbanlarına abidələr qoyulur. Hər il fevral ayının 26-da Türkiyə və Azərbaycanın müxtəlif təşkilatlarının təmsilçiləri bu abidənin qarşısına toplanıb, qətlə yetirilmiş dinc Xocalı sakinlərini anırlar.

    Xüsusilə vurğulamaq lazımdır ki, Türkiyə yönümlü yaddaş siyasətinin təmsilçiləri yalnız Azərbaycandakı rəsmi (dövlət institutları, hökumət üzvləri, dövlət hesabına maliyələşən araşdırma mərkəzləri) və siyasiləşmiş aktorlar (azərbaycanlıların Türkiyədəki diaspora təşkilatları) deyillər. Hazırda Türkiyədə 10 mindən artıq Azərbaycanlı tələbə oxuyur, sosial elmlər sahəsində çalışan bəzi azərbaycanlı tədqiqatçılar iki xalq arasında münasibətlərin qədimliyinə dəlalət edən tədqiqat işləri aparırlar. Məsələn, Azərbaycandakı bir sıra rəsmi institutların saytları nəqşibəndi şeyxi, Rəcəb Tayyib Ərdoğana cavanlığında dini istiqamət vermiş Zahid Qotqunun Azərbaycan əsilli olduğunu vurğulayırlar. Osmanlı dövrünün zəngin arxivlərinə baş vuran azərbaycanlı araşdırmaçılar öz ölkələrinin tarixinə aid çoxlu material əldə edirlər. Nəticədə mediada və elmi ədəbiyyatda ikitərəfli əlaqələrin qədimliyi önə çəkilir. Elmi qurumlarda müəyyən vəzifə tutan Şahin Mustafayev kimi tarixçilər Azərbaycan tarixi üçün vacib olan osmanlı arxivlərinə daha çox diqqət ayrılması yönündə çağırışlar edirlər. Azərbaycanın dövlət qurumları bu cür sənədlərin nəşrini dəstəkləyir. Xüsusən Qarabağ bölgəsinə aid osmanlı sənədlərinə daha çox diqqət yetirilir.

    İdeoloji eniş-yoxuşlar

    Azərbaycanlı aktorların bu mövzuda entuziazmına baxmayaraq, tarixi qardaşlıqla bağlı diskursun bir neçə nöqtədə kövrək olduğu görünür. Bundan öncə deyildiyi kimi, düşmən obrazı (ermənilər) iki tərəfi ortaq məxrəcə gətirməkdə qaynaq rolu oynasa da, bu arqumentin özünün də təməlində çat var. Ermənistan Azərbaycanda istisnasız olaraq bütün siyasi aktorların gözündə total düşmən sayılırsa, Türkiyədə belə deyil; bu ölkədə Türkiyə ilə Ermənistanı yaxınlaşdırmaq arzusunda olan protaqonist aktyorlar da tapmaq mümkündür. Ancaq qardaş ölkənin bu istiqamətdə ən xırda addımına qarşı da rəsmi Bakı biganə qalmır, tarixi qardaşlıq diskursunun bəzi elementlərini sual altına alır. 2008-2009-cu illərdə Türkiyə Ermənistanla sərhədlərini açmaq istəyəndə Azərbaycan hakimiyyəti buna çox sərt reaksiya vermiş, osmanlı əsgərlərinin abidəsi üzərində ucaldılmış Türkiyə bayraqları oradan götürülmüşdü.

    Bu da faktdır ki, Türkiyədəkindən fərqli olaraq Osmanlı imperiyası Azərbaycan xalqının ictimai yaddaşında dərin iz buraxmayıb. Bunu Türkiyədə çəkilən və qonşu bölgələrdə də məşhur olan psevdo-tarixi teleseriallarda Şah İsmayıl (Səfəvi dövlətinin qurucusu) və Uzun Həsənin (Ağqoyunlu dövlətinin qurucusu) mənfi qələmə verilməsi zamanı da müşahidə etmək olardı. Bu iki tarixi şəxsiyyət Azərbaycanda hörmətlə anılır, orta və ali məktəb dərsliklərində onlardan geniş bəhs olunur, tarixçilər onları “orta əsrlərdə yaşamış Azərbaycan hökmdarları” kimi təqdim edirlər. Sosial mediada fəallıq göstərən azərbaycanlılar da bu tip seriallarda yer almış epizodları pisləmiş və film yaradıcılarını tarixi həqiqətləri təhrif etməkdən çəkinməyə çağırmışdılar.

    Nəticə

    Türkiyəyə müsbət baxış formalaşdıran faktorlara nəzər yetirmək oxucuya Azərbaycan və Türkiyə arasında münasibətlərin təməl prinsiplərini anlamaqda yardımçı olar. Ortaq tarixlə bağlı ritorikadan istifadə iki qardaş dövlət arasında daha sıx münasibət yaratmağa təkan verir. Bu baxımdan ikitərəfli əlaqələrdə real təkamül müşahidə olunur: əgər 1990-cı illərdə etnik və linqvistik faktorlar ikitərəfli münasibətlərin özülünü təşkil edirdisə, hazırda ortaq tarixi miras diskursu önəmli amilə çevrilməkdədir.

    Ermənistan kimi ortaq düşmənin mövcudluğu bu yeni ritorikanın əsas komponentlərindən biridir. Bu ümumi düşmənə qarşı əbədi yaxın qardaşlıq illyuziyasını yaratmağa kömək edir. Siyasi istifadə üçün seçilmiş tarixi faktlar ortaq düşmənin tarix boyu həmişə düşmən olduğunu sübut etməyə yönəldilir. Üstəlik, Türkiyə də, Azərbaycan da ortaq düşmən haqqında diskursu digər mövzulara yaymağa çalışır. Bunun nəticəsində elə bir ritorika yaranır ki, Türkiyənin düşməni Azərbaycanın, Azərbaycanın düşməni isə Türkiyənin düşməninə çevrilir. Məsələn, hökumətyönlü türk qəzetləri vaxtaşırı PKK-nın Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərməsi ilə bağlı təsdiqini tapmamış məlumatlar paylaşırlar.

    İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu nəzərə alaraq, gələcəkdə hər iki tərəfin tarixi mirasdan daha çox istifadə edəcəyini düşünmək olar.

    Elşən Mustafayev

    Bakalavr pilləsini Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında oxumuşdur. Magistr təhsilini isə Fransanın Strasburq və Lion 3 Universitetlərində almışdır. Daha sonra Lion Siyasi Elmlər İnstitutunda Fəlsəfə Doktoru (PhD) elmi dərəcəsi almaq üçün müdafiə etmişdir. Hal-hazırda Lumiere Lyon 2 universitetində Siyasi Elmlər üzrə müəllim işləyir.