82 UŞAQ MÜƏMMASI – İraqdan gətirilən İŞİD-çi uşaqları haradadır?

    3

    Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi bu barədə açıqlama vermir

    “82 İŞİD-çi uşaq İraqdan Azərbaycan Respublikasına geri qaytarılıb”. İraq mətbuatının yazdığına görə, bu sözləri ölkənin xarici işlər nazirliyinin sözçüsü Əhməd Əlsəhhaf deyib. O qeyd edib ki, analarından uzaq, İraq zindanlarında saxlanılan azərbaycanlı uşaqlar öz ölkələrinə geri qaytarılıblar. Əlsəhhaf həmçinin söyləyib ki, İŞİD-çi azərbaycanlı qadınlar bu terror qrupuna üzv olduqlarına görə hələ də zindandadırlar.

    İraq Xarici İşlər Nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İŞİD-ə üzv 828 uşaq İraqdan öz ölkəsinə geri dönüb.

    Xatırladaq ki, rəsmilər bundan əvvəl İraqdan 24 azərbaycanlı uşağın geri qaytarıldığı barədə məlumat yaymışdı. Qeyd edilmişdi ki, hələ də ən azı bir valideynini itirmiş 270 azərbaycanlı uşaq Suriya və İraqda saxlama mərkəzindədir. Ötən ilin dekabrında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov jurnalistlərə açıqlamasında bildirmişdi ki, münaqişə ocaqlarında yetim qalmış azərbaycanlı uşaqların ölkəyə gətirilməsi istiqamətində işlər davam etdirilir.

    Qeyd edək ki, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi də qeyd etmişdi ki, İraq və Suriyanın münaqişə ocaqlarından geri qaytarılan uşaqlar bütün avadanlıqlarla təmin olunub, onların psixoloji durumları və digər problemlərinin həlli yolunda Səhiyyə Nazirliyi, DTX, XİN, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi komitə ilə birgə bu işi aparır.

    82 uşağın ölkəsinə geri qaytarılması məsələsinə gəldikdə isə məlum olduğu kimi, hazırda İraqda da koronavirus yayılmaqda və can almaqdadır. Bəs ölkəyə geri qaytarılan uşaqların sağlamlığı ilə bağlı durum nə yerdədir? Aidiyyəti qurumlar bununla bağlı hansı tədbirlər görür?

    Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, rəhbərliyin qərarı ilə bu barədə heç bir mətbuata açıqlama verilməyəcək.

    Eləcə də Xarici İşlər Nazirliyindən də qeyd olundu ki, heç bir açıqlama verilməyəcək, məsələ ilə bağlı yalnız “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”  cavab verə bilər. Adıçəkilən qurumdan isə bildirildi ki, yalnız yazılı məktub əsasında sualımız cavablandırılacaq.

    iraqdan 82 uşaq ile ilgili görsel sonucu

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva isə əməkdaşımıza açıqlamasında bildirib ki, həmin uşaqlarla bağlı quruma heç bir məlumat daxil olmayıb:

    “İraqdan Azərbaycana 82 uşaq gətirilməsi məlumatı rəsmi deyil və bizim quruma da bu barədə rəsmi olaraq məlumat daxil olmayıb”.

    “Azərbaycan Uşaqlar Birliyi”nin rəhbəri Kəmalə Ağazadə mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

    “2018-ci ildə həmin uşaqların bir çoxunun qohumları, o cümlədən xala, nənə, bibi, babaları  tərəfindən bizə də müraciət olmuşdu.

    Bildiyim qədər 100-dən çox azərbaycanlı uşaq İraqda, Suriyada sığınacaqlarda, həbsxanalarda saxlanılır. Bununla bağlı əlbəttə ki, müvafiq iş apardılar. Xəbərim var ki, artıq bir neçə ölkəyə qaytarılıb və ehtimal ki, digərlərinin də qaytarılması yönündə işlər aparılır. Geri qaytarılan uşaqlar səhhətləri ilə səhiyyə müəssisələrə, digər aidiyyəti qurumlara yönləndiriliblər, dövlətin nəzarətində olan sığınacaqlara yerləşdirilib. Yəni bu haqda yalnız rəsmilər açıqlama verə bilər, mənim dediklərim yalnız öz ehtimallarımdır.

    Təbii ki, geri dönən uşaqların xeyli problemləri olacaq. Çünki onlar xoş güzərandan geri dönməyiblər. Buna görə də istər səhhəti, istərsə də psixoloji durumları ilə bağlı işlər aparılmalıdır.

    Əgər bu məsələ ilə bağlı təşkilatımıza da müraciət olunsa, canla-başla biz də köməklik göstərməyə hazırıq.

    Bildiyim qədər geri qaytarılan uşaqlar bu gün də öz doğmalarına, ailələrinə verilməyib. Onlar karantin kimi nəzarətdə olmalı, işlər aparılmalıdır. Həmçinin onların heç də hamısının qohum-əqrəbası müəyyən olunmayıb. Onların yaşadıqlarını ailə aradan qaldıra biləcəkmi? Əlbəttə, reabilitasiya işləri mütləq  aparılmalıdır. Düşünürəm ki, bu barədə dövlətin planları, tədbirlər var".

    Kəmalə Ağazadə ile ilgili görsel sonucu

    Kəmalə Ağazadə İraq və Suriya həbsxanalarında saxlanılan azərbaycanlı qadınlar haqda da danışıb:

    “Çox güman ki, həmin qadınlar barəsində cinayət faktları olduğu üçün ölkəyə geri dönüşləri yoxdur. Bu mənim öz fikrimdir. Cinayət törədən, terror etmiş qrupun içində olan adamın geri dönüşü üçün məhkəmə qərarları olmalıdır. Əgər onların cinayətləri öz təsdiqini taparsa, inanmıram ki, həmin qadınların geri dönüşü olsun”.

    Xatırladaq ki, İŞİD bəzi xarici ölkələrin və daxili ünsürlərin himayəsilə 2014-cü ilin iyununda İraqa girdi və bu ölkə ərazisinin üçdə birini əlinə keçirə bildi.

    İŞİD terror qrupunun üzvlərini müxtəlif ölkələrin vətəndaşları təşkil edirlər./“Yeni Müsavat”/