82 YAŞLI RAMİZ MEHDİYEV SON SINAQDAN NECƏ XİLAS OLACAQ?! – Eldar Sabiroğlu yazır

303
Toy sevincini yaşamaq hər bir gəncin istəyidir. Gənclərimizi bu mənada səmimi-qəlbdən təbrik edirəm, onlara xoşbəxt həyat arzulayıram. Günah gənclərdə deyil. Valideynləri azca dözüm nümayiş etdirə bilərdilər. Üzü payıza yəqin ki, toylara da karantin yumşaltması tətbiq olunacaqdı. O zaman baba Ramiz Mehdiyev öz səlahiyyət imkanlarına arxalanıb pandemiya ilə əlaqədar Azərbaycan hökumətinin tətbiq etdiyi karantin rejimini və qaydalarını da pozmazdı.
Onu tanıyanlar gözəl bilirlər ki, dövlətin qanunları Ramiz Mehdiyev üçün zərrəcə əhəmiyyət kəsb etmir. Sadəcə təbliğatı elə qurulub ki, guya dövlətin siması olduğu anadangəlmə alnına yazılıb. Qanunlar ona görə deyil, xalqın aşağı təbəqəsi üçün yazılır. Bu mənada pandemiyanın tələbləri qarşısında təkcə onlar məsuliyyət daşıyırlar. Ağır mənzərəni seyr etmək həqiqətən insanda vətənə məhəbbət hisslərini, dövlətçiliyə sevgini yerlə-yeksan edir. İmkanım olsa idi köçüb gedərdim buralardan. Adam içindən sönür. Axı dövlətçiliyə inamı sarsıdarkən onu bir daha əvvəlki vəziyyətinə qaytarmaq mümkün olmur. Xüsusi ilə dövləti adamlar belə vicdani bivecliyə imza almamalıdırlar. Ramiz Mehdiyevə görə qanun və qaydalar onun doğmalarından sonra gələn anlayışlardır.
Karantin rejiminin qadağan etməsinə baxmayaraq nəvəsinə toy çaldırması və 82 yaşlı babanın sağlığına badələr qaldıraraq onun az qala müasir Azərbaycan dövlətinin qurucusu simasında qonaqlara təqdim olunması açıqdan-açığa Heydər Əliyevin inkarı idi. Portfeyin satıcısı Abel Məhərrəmovun çıxışını təkrar dinləmənizi xahiş edərdim.
Növbəti dəfə Mehdiyev özü isbat etdi ki, dövlətçilik prinsipləri və qanunlar onun maraqlarından sonra gəlir. Təsəvvür edin 30 il ərzində bu adamın ölkənin başına gətirmədiyi əməl qalmadı. Lakin həmişə də məsuliyyətdən kənarda dayanıb. İndi də həmən şey. Hakimiyyətin ciddi qanun pozuntusuna münasibət bildirməməsi çox təəccüb doğurur. Əvəzində Mehdiyevin kürəkəni də daxil toya gələn bəzi harın adamların ictimai tərbiyə baxımından naqis cəhətlərini gördük ki, bu da hakimiyyətə meydan oxumaq idi.
Kürəkənin yaxşı eləmişik sözünü bütün Azərbaycan eşitdi. Siz deyin, bunun qudurğanlıqdan başqa adı varmı!? Bir anlığa düşünək. Həmin sözü özgə biri səsləndirir. Bilirsinizmi nə baş verərdi, elə o an şalvarını əynindən çıxarıb qazamata yola salardılar. Xalq bu toydan çox qəzəblənib. Çünki qanunsuzdur, yəni karantin rejiminin qadağalarına məhəl qoyulmayıb.
Ramiz Mehdiyevin saymazyana hərəkəti birbaşa hakimiyyətin əleyhinə işləyir. Prezidentin məsələyə münasibət ifadə etməsi hakimiyyətin nüfuzuna dəyən zərbəni müəyyən dərəcədə yumşalda bilər. Gerçəkdən cəmiyyət dövlət başçısı tərəfindən belə bir ictimai qınağı gözləyir.
Eldar SABİROĞLU