80 YAŞLI KAFEDRA MÜDİRİNDƏN NAZİRƏ ŞİKAYƏT

    6

    “Bu adam yenidən əvvəlki metodlarla, şantaj yolu ilə 80 yaşında kafedra müdiri təyin olunmaq istəyir”

    Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsinin əməkdaşları adından “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Məktub müəllifləri saytımız vasitəsilə təhsil naziri Ceyhun Bayramova müraciət ediblər. Həmin məktubu, etik nortmaları əsas tutub, ixtisarla dərc edirik:

    “Cənab nazir!

    Məlumunuz olsun ki, Gəncə Dövlət Universitetinin riyazi analiz kafedrası riyaziyyat-informatika fakültəsinin ən fundamental kafedrasıdır. Bu kafedranın çox böyük tarixi keçmişi vardır. Kafedra yarandığı gündən burada Respublikada tanınan çox yaxşı riyaziyyatçılar işləmişdir. Ancaq cəbr və həndəsə kafedrasında işləyən və kafedranın profilinə uyğun olmayan riyaziyyat tarixi və riyazi məntiqdən dərs deyən Əliqulu Quliyev bu kafedraya müdir keçəndən sonra, kafedranın pis günləri başlamışdır və hal-hazıra kimi də davam edir.

    Belə ki, Əliqulu Quliyev riyaziyyat-informatika fakültəsinin, habelə universitetin baş ağrısına çevrilmişdir. Əliqulu Quliyev kimdir? Bu suala Universiteti bitirmiş hər bir məzun, Gəncə şəhərinin hər bir vətəndaşı birmənalı şəkildə deyə bilirlər ki, Əliqulu Quliyev rüsvətxor, milli düşüncədən uzaq, özündən razı, heç kəsi bəyənməyən, hamını “şantaj” edən 80-yaşlı xəstə, qoça bir müəllimdir.

    Əliqulu Quliyev GDU-da təhsilimizin, millətimizin qəsdinə duran “balta”dır. O, universitetdə işlədiyi müddətdə fakultə dekanı seçilmək üçün Gəncə şəhərinin kriminal aləminin dəstə üzvlərindən istifadə etmişdir. Hətta o, zaman tədris işləri üzrə prorektor Saleh Salahovu elə qorxutmuşdur ki, Saleh müəllim müəyyən müddətdən sonra “pis” xəstəliyə tutulmuş və dünyasını dəyişmişdir.

    Kafedra müdiri seçilərkən fizika riyaziyyat elmlər doktoru, professor Şövkət Baxışovu da əyri yollarla müsabiqədən kənarlaşdırmişdir. Hətta bu məsələ Ali məhkəməyə qədər gedib çıxmışdır. Müəyyən zamandan sonra Şövkət Baxışov da dünyasını dəyişmişdir. Son illər kafedra müdiri işləmiş dos. Bəhramgur Mustafayev də bu acı taleyi yaşamışdır. Hətta Bəmramgur müəllimin ölümü ilə bağlı aidiyyatı olan dövlət orqanlarına müraciət də olunmuşdur. Bəhramgur Mustafayevin kafedra müdiri seçkisində də Əliqulu Quliyev və 5-ci dəfə qanunsuz olaraq "Ümumi riyaziyyat" kafedrasına müdir təyin olunmuş, 20 ildən artıqdır ki, auditoriyaya daxil olmayan, heç bir elmi pedaqoji fəaliyyətlə məşğul olmayan, ancaq buraxılış işləri, dissertasiya işləri praktika işlərinin tənzimlənməsi ilə məşğul olan şəkər və dializ xəstəsi olan 72 yaşlı Mayıl Mustafayev maneə olmuşlar. İndi yenə də Əliqulu Quliyev 80 yaşında xəstə olduğu bir zamanda riyazi –analiz kafedrasında müdir seçkisində iştirak etmək istəyir. O, istədiyi adamı kafedra müdiri təyin etdirə bilmədiyindən öz pisliklərini davam etdirmək üçün bu sevdaya düşmüşdür. Çünki aidiyyəti olan dövlət orqanları ona öz yerini göstərə bilməmişlər. Bu adam hal-hazırda 1,5 ştat vahidi ilə guya dərs deyir. Maraqlıdır ki, bəzi strukturlar hara baxırlar ki, bu cür hallar baş verir. Əgər səhiyyə nazirliyinin bir komissiyası yoxlama aparsa, bu fakültənin üç nəfər xəstə müəlliminin heç birinin dərs deməyə hüququ olmadığını deyərlər. Bəs onda aidiyyatı olan qurumlar bu məsələdə nə cavab verəcəklər?

    Gənc kadrların işlə təmin olunması dövlət orqanlarının qarşısında duran ən vacib məsələlərdəndir. Sağlıq durumları yerində olmayan, dövlət tərəfindən yaxşı pensiya ilə təmin olunan bu cür müəllimlər gənc kadrlarla hökmən əvəz olunmalıdır. Dəfələrlə Əliqulu Quliyev haqqında mətbuatda çoxlu sayda cinayət tərkibli məlumatlar verilmişdir. Bunların araşdırılması və hüquqi qiymət verilməsi lazımdır ki, bu adam kimliyini dərk etsin. Bu adam yenidən əvvəlki metodlarla, şantaj yolu ilə 80 yaşında kafedra müdiri təyin olunmaq istəyir.

    Bu yaxınlarda rəhmətə getmiş, keçmiş kafedra müdiri olmuş Bəhramgur Mustafayev xəstəxanada can verərkən yaxın adamına deyib ki, məni Əliqulu Quliyev və Mayıl Mustafayev çərlədib öldürdülər. Bu barədə Gəncə şəhər Polis İdarəsində cinayət işi açıldı və təhqiqat gedir. Təhsil Nazirliyində şöbə müdiri olan İlham Mustafayev vəzifədən çıxdıqdan sonra Bəhramgur müəllimə bu iki qoca müəllimlər daim təzyiq edərək, onu dəfələrlə təhqir edib, barəsində insanlığa sığmayan şər və böhtanlar atıblar. Nəticədə isə Bəhramgur müəllim üçün universitetə təcili yardım maşını çağırıldı və o, xəstəxanada rəhmətə getdi.

    Belə insanların böyük bir universitet kollektivində işləməyi təhlükəlidir. Çünki, Əliqulu Quliyev və Mayıl Mustafayev Bəhramgur müəllimdən sonra onların diqtəsi ilə oturub-durmayan növbəti qurbanlıq axtarırlar.

    Cənab nazir, xahiş edirik ki, bu barədə bir ölçü götürəsiniz”.

    KƏNAN

    Redaksiyadan: Qarşı tərəfi dinləməyə hazırıq.