“8 Noyabr” stansiyasında işlər tamamlanmaq üzrədir – “BAKI METROPOLİTENİ” QSC-DƏN AÇIQLAMA

711

Bildiyiniz kimi, bənövşəyi xəttin üzərində yerləşən üçüncü – “8 Noyabr” stansiyası istismara hazırlanır. Stansiya dörd giriş-çıxış keçidi olan stansiyaya sərnişinlərin rahat və təhlükəsiz daxil olub çıxmasını pilləkənlərlə yanaşı, 17 eskalator təmin edəcək. Stansiyada fiziki imkanları məhdud sərnişinlərin istifadəsi üçün nəzərdə tutulmuş 3 lift quraşdırılıb. 

Stansiyanın inşaat mərhələsinin gedişatıyla bağlı Hurriyyet.org-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov, stansiyada həm inşaat, həm də infrastrukturun qurulması işlərinin tamamlanmaq üzrə olduğunu deyib. O, ilkin olaraq, 44 günlük zəfərimizlə bağlı tədbirlərin həyata keçiriləcəyini bildirib:

“Hazırda stansiyada həm inşaat, həm də infrastrukturun qurulması işləri tamamlanmaq üzrədir. Ən vacib məsələ infrastukturun sərnişindaşımanın tələblərinə uyğun tam təhlükəsiz və rahat şəkildə təşkil edilməsi istiqamətində iş aparılır. Yəni, avadanlıqlar yoxlanılır və digər vacib işlər həyata keçirilir. Hazırda bu istiqamətdə işlərimiz stansiyada davam etdirilir.

Oranın özünəməxsus xüsusiyyətləri bir tərəfdən, eyni zamanda pandemiyanın və karantin qaydalarının tələblərini nəzərə alsaq,  stansiyanın nə vaxta açılacağıyla bağlı konkret proqnoz vermək olmaz. Amma, son tamamlanma işləri gedir. Bu istiqamətdə optimal nə imkan varsa hamısı görülür. Ümumilikdə işlər hamısı qaydasındadır. Şəkillərdən də gördüyünüz kimi stansiyanın üz görünüşü, digər estetik görünüşlər  yerindədir. Bildiyiniz kimi, stansiyanın adı yenicə verilib.  Bu da inşaat mərhələsinin sonlarında verilib. İlkin olaraq, 44 günlük zəfərimizlə bağlı tədbirlərimiz olacaq. Gələcəkdə də bu istiqamətdə addımlarımız olacaq”.

YƏHYA