8 İL ƏVVƏL BAKIDA HAZIRLANAN TƏXRİBAT PLANININ SƏSİ AVROPADAN GƏLDİ – “Söyüş müxalifəti”nin növbəti hədəfi dindarlardır

99

Avropada fəaliyyət göstərən “Youtube” kanallarında Azərbaycanın nüfuzlu din xadimi Hacı Şahin Həsənlini hədəfə alan materiallar yayınlanır. Ard-arda efirə verilən bu materiallarda ilahiyyatçı təhqir olunur, onun fəaliyyətini gözdən salmağa çalışırlar.

Bizim məqsədimiz Hacı Şahini müdafiə etmək olmasa da, qeyd etməliyik ki, bu hadisə dini camiədə etirazlara səbəb olub. İddia olunur ki, bu materialların sifariş olduğunu sübut edən bir neçə məqam var.

Birincisi, fərqli kanallar məhz eyni dövrdə gözlənilmədən Hacını hədəfə alır. Məsələn, kanalın birində Hacı Şahinin QMİ sədri olacağı ilə bağlı “şok məlumat” yayılır, bir başqası isə bir neçə gündən sonra Hacı Şahini qətldə ittiham edir. Daha sonra isə növbəti videoda görünür ki, hazır kağızdan Hacı Şahinin “keçmişi qurdalanır”, haqqında əsassız, heç bir sübutu olmayan ittihamlar səsləndirlir.

Çıxışının məzmunu əxlaqsız, özü isə xüsusi bisavadlıqda fərqlənən bu bloqqerin qəflətən Hacını hədəfə alması onun məlum çıxışının sifarişlə və bir mərkəzdən idarə olunması ilə bağlı ciddi şübhələr yaradır. Ən əsası, onun davranış və danışıqlarından məlum olur ki, bu adamlar ümumiyyətlə, din sahəsindən xəbərsizdirlər və islama aid elementar məsələləri bilmirlər. Yəni sadəcə verilən mətni oxuyurlar.

Bəs o mətni kim verir?

Birlik.az saytında bu mövzuya həsr olunmuş yazıda maraqlı məlumatlar yer alıb. Saytın müəllifi Vüsal Azəri iddia edir ki, buna oxşar plan hələ 8 il əvvəl mövcud olub. Planın mahiyyəti isə dini camiəni qızışdırmaq, ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirmək imiş. Sadəcə, həmin vaxt həyata keçirilən həbslərin fonunda bu cür məlumatlar dini camiədə sərt reaksiya doğura bilərdi: “Dəqiq məlumatdır ki, bu plan hələ 8 il bundan öncə köhnə MTN sistemində yuva salmış cinayətkar qrup tərəfindən hazırlanmışdı. 2012-ci ildə, yəni prezident seçkiləri öncəsi, əllərinə düşən səlahiyyətlərdən istifadə edib, harınlamış bu qrup şəxs ali hakimiyyəti şantaj yolu ilə, özünün əvəzolunmazlığına inandırmaq üçün əməliyyatlar keçirdi. Bu məqsədlə dini camiədən düşmən obrazı yaradılmağa ciddi cəhdlər edilirdi. Planın bir hissəsi kimi həmin o ərəfədə ölkə dindarları arasında geniş nüfuza malik din xadimi kimi Hacı Şahinə ifitira atıb, onu guya “gözdən salmaq”, daha sonra isə tərəfdarlarını kütləvi etirazlara qaldırıb, özünü isə mötədil mövqedən radikallığa çəkmək planı hazırlanırdı. Bu məqsədlə də Şahin Həsənliyə qarşı 3 ssenari hazırlanmışdı. Bir variant maliyyə tələsi, digəri xaricə işləməkdə suçlamaq, 3-cüsü isə cinsi mövzüda iftira atmaq idi. Və özü xüsusi əxlaqsızlıqla fərqlənən o zamankı MTN generallarından birinin göstərişi ilə bu plan fahişə-translardan birindən “pokazanie” alınmaqla gerçəkləşdirilməli idi”.

Müəllif iddia edir ki, həmin vaxt dini mühitdə baş verən bir neçə hadisə bu planı yarımçıq qoyub: “Əvvəl Dini Qurumlar Komitəsində kadr dəyişikliyi baş verdi və komitənin yeni sədri dini camiə ilə dövlət arasında dialoq yolunu tutdu, icmalarla yaxından işlədi, sonra isə Qafqaz Müsəlmanlar İdarəsi Hacı Şahinə rəsmi status verdi, onu QMİ-nin din xadimlərindən etdi”.

Yazıda hazırda Hacı Şahinə qarşı aparılan iftira kampaniyasının məhz 8 il əvvəl planlaşdırılan məlum təxribatla eyni olduğu, bu səbəbdən də hazırkı qaralama kampaniyasının da Bakıdan hazırlandığı ehtimal olunur: “İndi isə həmin plan psixikası yerində olmayan və vaxtilə Dövlət Sərhəd Xidmətində MAXe işləmiş (bunların əksəriyyəti MTN şəbəkəsindən keçirilirdi – müəl.) birisinin vasitəsilə xaricdən işə salınır. Ona görə də bu planın ifşası nə qədər mühümdürsə, onun tələsinə düşməmək DAHA MÜHÜM və FÖVQƏLADƏ milli təhlükəsizlik məsələsidir”.

Müəllif təxribatın daha da böyüyüb ictimai rəydə ciddi etirazlara səbəb olmamışdan əvvəl müvafiq qurumların bu şəbəkəni Bakıdan idarə edən, yönləndirən qrupları müəyyən edib, cəzalandırllmasının vacib olduğunu qeyd edir. Əks təqdirdə təxribatın miqyası daha da böyüyər, onsuz da həssas olan bu dövrdə cəmiyyət daxilində nifrət və bölücülüyü daha da dərinləşdirə bilər.

Hələliksə müsbət məqam odur ki, təxribatçıların gizli məqsədi olan dini camiə daxilində “mübarizlər” və “hakimiyyətə loyallar” bölgüsü cəhdi uğursuzluğa düçar olub. Dindarların üz-üzə qoyulması cəhdi əks nəticə verib, dindar insanlar bu təxribatı pisləyir.

KƏNAN