72 saatlıq Moskva atəşkəsi… – Politoloq Məhəmməd Əsədullazadədən AÇIQLAMA

240

Senytabrın 27-dən başlayan Qarabağın işğaldan azad olunma hərbi əməliyyatına dünən Moskvada imzalanmış humanitar atəşkəs bəyanatı ilə bu gün saat 12-dən 72-saatlıq fasilə verildi. Bu qərar diqqətini əməliyyatlara cəmləmiş cəmiyyətdə rezonansa səbəb oldu. Atəşkəs haqda bəyanata politoloq Məhəmməd Əsədullazadənin mövqelərini bildirdi.

-Məhəmməd bəy, iki günlük atəşkəsdən sonra nə olacaq? Erməni qoşunları çıxmasa döyüşlər davam edəcəkmi?

-Ordumuzun uğurlu hərbi əməliyyatları fonunda Rusiya və Fransanın müvəqqəti humanitar atəşkəs razılığı əldə edildi. Amma Moskvada xarici işlər nazirlərinin keçirdiyi görüşdə təkcə humanitar məsələ yox, tamamilə başqa nüanslar var. Amma düşünürəm ki, Azərbaycanın şərtləri qəbul edilməyib. İlham Əliyevin şərtləri var idi ki, Ermənistan qoşunları tam çıxarılsın. Ermənistana “Təqvim planı” təqdim edilmişdi. Göründüyü kimi Paşinyanın da verdiyi açıqlamada bildirmişdi ki, Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Müqavimət göstərirdilər. Moskvada da keçirilən görüşdə Azərbaycanın heç bir şərti qəbul olunmayıb. Biz tərəfdən heç bir şərt irəli sürülmədən atəşkəs elan olunub. Humanitar məqsədlə bu atəşkəsə gedilib. Hələ görünən tərəfi budur. Hesab edirəm ki, Azərbaycan əlində olan əsirlərin heç birini Ermənistana qaytarmalı deyil. Bu müharibə davam edir. Sadəcə onlar meyidləri götürə bilərlər. İkincisi, 72 yaxud 48 saat sadəcə şifahi razılıqdır. Bu bizim siyasi məğlubiyyətimiz ola bilər, çünki biz hərbi müstəvidə qələbə çalmışıq. Demək olar ki,strateji nöqtələr Azərbaycan ordusunun nəzarətindədir. Ermənilər o ərazilərdə panika içində bütün hərbi texnikaları atıb qaçıblar. Düşünürəm ki, Türkiyədən də verilən açıqlamalar Azərbaycanın yanında olmaqdır. 3 günlük humanitar aksiya həyata keçiriləndən sonra mütləq şəkildə hərbi əməliyyatlar başlamalıdır. Konkret hər hansı bir proqnoz vermək olmur. Situasiya hər an dəyişə bilir. Döyüşlərtin ən qızğın vaxtında heç kəs gözləməzdi ki, atəşkəs barədə razılıq olacaq. Çünki Azərbaycan böyük dövlət deyil. Böyük dövlətlərin müəyyən təsirlərinə məruz qalır. Biz bunu qəbul etməliyik ki, kiçik dövlətlərin o qədər də müstəqil siyasəti olmur. Sadəcə Türkiyə bizim yanımızdadır, bizə dəstək verir. Hesab edirəm ki, 72 və yaxud 48 saatdan sonra biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin nə dediklərinə baxmayaraq döyüşlərə davam etməliyik Türkiyə də Azərbaycanın yanında olacaq. Fransa, ABŞ və Rusiyanın apardığı danışıqlar prosesi vəziyyəti bu həddə gətirib. Fransa konkret Qarabağın Ermənistanın tərkib hissəsi olmasından yanadır. Masada da Türkiyənin olması qəbul edilmir. Əvvəlki formata qayıtmaq lazım deyil. Yalnız və yalnız bir neçə rayon götürüləndən sonra bu məsələyə qayıtmaq olar.

-Sizcə Türkiyənin masada olması lazım deyildimi? Nədən dünən Türkiyə atəşkəs masasında yox idi?

-Çünki Rusiya ilə Fransa bunu qəbul etməyib. Hər halda 3 günü gözləyək. Amma Türkiyə prosesdən kənarda qalmayacaq. Konkret şəkildə bu prosesdə olacaq.

-Bəs sizcə 3 günlük atəşkəsdən sonra proseslər irəliləməsə və ya döyüşlər başlamasa Azərbaycan cəmiyyətinin buna təpkisi necə olacaq?

-Bu cəmiyyətdə hakimiyyətə qarşı etimadsızlığa yola aça bilər. Azərbaycan xalqı prezident İlham Əliyevin ətrafında birləşmişdir. Düşünürəm ki, o xalqa verdiyi sözə əməl edəcək.

Ulviyyə Şükürova