70 illik evlilikdən sonra 26 dəqiqə fərqlə vəfat etdilər – GƏNCLƏRƏ NÜMUNƏ GÖSTƏRİLƏN AİLƏ

    3

    Diləkləri qəbul olub

    Hurriyyet.org xəbər verir ki, Türkiyənin Antalya vilayətində ailə həyatları boyunca bir-birinə olan hörmət və sevgiləri ilə ətraflarındakı bütün ailələrə nümunə göstərilən, 92 yaşlı Raziye ilə Abdurrahman Yılmaz 26 dəqiqə fərqlə dünyalarını dəyişiblər.

    Raziye nənə ilə Abdurrahman baba 70 il bundan əvvəl ailə qurublar. Şəhər mərkəzindən 16 kilometr məsafədək yaylada bir ömür keçiriblər, maddi imkansızlıqların və çətinliklərin öhdəsindən bir-birinə, ailə dəyərlərinə bağlılıqları ilə gəliblər. Kəndlərində ailə sevgisi və qarşılıqlı hörmətin rəmzinə çevrilən, yeni evlənən gənclərə nümunə göstərilən Raziye nənə ilə Abdurrahman babanın 11 övladları, 30 nəvələri olub.

    Moryer yaylasında yerləşən evdə, cümə günü, yəni dünən saat 7.30-da Raziye nənə, 7.56-da isə Abdurrahman baba əbədiyyətə qovuşublar.

    Kənd camaatı və ailə üvləri mərhumların dəfni zamanı deyiblər: “Bu dünyada bir-birini tək qoymaq istəmədilər. Qismətləri bir yazılıb”.

    Oğulları, 55 yaşlı Turan Yılmaz deyib: “Anamla atam kənddə, çətinlik içərisində 11 övlad böyüdüblər. Atam həmişə anama deyərdi: “Biz birlikdə öləcəyik. İnşallah ikimiz birlikdə ölərik”. Anam da gülərək təsdiq edərdi. Demək, ürəklərinə damıbmış. Diləkləri qəbul oldu”.

    Gəlin Nursel Yılmaz da qayınanası ilə qayınatasının bağlılığından danışıb: “Atama yemək verəndə, “Ana da yemək yeyirmi?” deyə soruşardı. Özündən çox onu düşünərdi. Onların bir-birinə münasibətini özümüzə nümunə götürəcəyik. Duaları qəbul oldu. Biz də övlad olaraq, onlara əlimizdən gəldiyi qədər yaxşı baxmağa çalışdıq”.

    Hurriyyet.org