7 dövlət qardaş Türkiyəyə qarşı birləşdi

177

Hami Aksoy: “Yunanıstanın qeyri-şərtsiz Türkiyə ilə masaya oturması, Kiprin yunan və türk əhalisi karbohidrogen ehtiyatlarının axtarışı və istismarı üçün əməkdaşlıq etməsi vacibdir”

MED-7 (Fransa, Malta, İtalya, İspaniya, Portuqaliya, Yunanıstan və Cənubi Kipr) zirvəsində qəbul edilən bəyanatda Şərqi Aralıq və Kipr məsələsi ilə bağlı ifadələrin hüquqi əsası yoxdur. “Hürriyyət” yerli mətbuata istinadən bildirir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

Aksoy Yunanıstanı beynəlxalq hüquqa və dəniz yurisdiksiyasına qarşı iddialarından imtinaya dəvət edib: “Gərginliyin azaldılması üçün yunanlar Türkiyənin “Oruc Rəis” gəmisinin ətrafından freqatları geri çəkməli, Meis daxil olmaqla, Egey dənizindəki adaları silahlandırmaqdan imtina etməli və Qərbi Trakyada türklərə qarşı artan təzyiqlərə son verməlidir. Türkiyə Aralıq dənizinin şərq hissəsində ən uzun sahili olan və Avropa Birliyi üzvlüyünə namizəd ölkədir. Yunanıstanın qeyri-şərtsiz Türkiyə ilə masaya oturması, Kiprin yunan və türk əhalisi karbohidrogen ehtiyatlarının axtarışı və istismarı üçün əməkdaşlıq etməsi vacibdir. Həmrəylik düzgünlüklə olur. Haqsızla həmrəylik olmaz”.

Qeyd edək ki, Korsikada Fransa, Malta, İtalya, İspaniya, Portuqaliya, Yunanıstan və Cənubi Kiprin iştirakı ilə toplantı keçirilib. Toplantıda Türkiyə tərəfindən guya suverenliyi pozulan Yunanıstan və Cənubi Kiprə dəstək ifadə edilib, 24-25 sentyabrda keçiriləcək Avropa Birliyi zirvə toplantısında Türkiyəyə qarşı sanksiyanın görülə biləcəyi xatırladılıb.

Valeh TÜRKSOY