6 il ali təhsil alandan sonra həbs edildi: İranlı gənc fəalın başına gələnlər

24

Bakıya İrandan narkotik gətirməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1990-cı il təvəllüdlü İran İslam Respublikasının vətəndaşı Reza Dolatabadinin cinayət işi üzrə məhkəmə iclası keçirilib. O, qaçaq yolla Azərbaycana narkotik tərkibli dərmanlar gətirməkdə ittiham edilir.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Reza Dolatabadi 6 il Azərbaycanda təhsil alıb. O, Azərbaycan Tibb Universitetində təhsil alsa da, təhsilini başa çatdıra bilməyib. Bundan sonra isə Bakıda yaşamağa davam edib.

Reza Dolatabadi ittiham olunduğu maddələr üzrə özünü qətiyyən təqsirli bilməyib.

R.Dolatabadinin vəkili bildirib ki, müdafiə etdiyi şəxsin əməlində qətiyyən cinayət tərkibi yoxdur: "Baxış protokolunda, Reza Dolatabadi şübhəli şəxs kimi dindiriləndə də, təqsirləndirilən şəxs qismində dindiriləndə də müdafiəçisi olmayıb. Bu qədər ciddi qanun pozuntuları olub. Təsəvvür edin ki, bu adamı ötən il fevralın ikisindən izləyiblər. Onun narkotik tərkibli dərmanlar gətirəcəyinə şübhə ediblər. Amma bunu sübut edə bilməyiblər.

Düz bir ay sonra şərti alıcı ilə onun saxlanılması üçün əməliyyat keçiriblər. Amma burada da qeyri-peşəkarlıq üzə çıxıb. Gömrük əməkdaşları Reza Dolatabadiyə yaşadığı binanın qarşısında yaxınlaşıblar. Şərti alıcı kənarda dayanıb. Yəni, malı Rezaya verdikdən sonra əməliyyat keçirilməyib. Oradaca Rezanı saxlayaraq idarəyə aparıblar. Sonra da işin istintaqı polisə verilib. Əgər bu əməliyyat həqiqət idisə, niyə gözləmədilər ki, şərti alıcı malı Rezaya verəndə saxlasınlar?".

Vəkil müdafiə etdiyi şəxsin məhkəmə zalından azadlığa buraxılmasını, cinayət işinə xitam verilməsini istəyib.

Müdafiəçi onu da qeyd edib ki, Reza Dolatabadinin atası Azərbaycan dilinin tədris edilməsi üçün İranda mübarizə aparıb. Bu fəaliyyətinə görə də onun barəsində edam hökmü çıxarılıb.

Reza Dolatabadi də İranda milli azadlıq hərəkatının fəallarından olduğunu deyib.

Məhkəmədə Reza Dolatabadi deyib ki, saxlanılan zaman ona məxsus olan idman çantasındakı paltarları hazırda yoxdur.

Hakim sual edib ki, niyə görüşə idman çantası ilə gedib.

Reza bunu belə izah edib: "Mən saat 2-də idmana gedəcəkdim. Hər gün həmin saatda eyni zala idmana gedirdim. Həmin gün saat 12 idi. Çayxanaya gedib, oradan gedəcəkdim. Məni elə yolda maşına mindirdilər".

Hakim bildirib ki, idman çantasında heç bir əşya olmayıb.

Daha sonra Reza Dolatabadi bildirib ki, istintaq onun evinə 2 ay sonra baxış keçirib: "Belə iş olar? Məni narkotiklə tuturlar, amma evimə baxış keçirmirlər. 2 ay sonra evimə gediblər".

Məhkəmə müşavirədən sonra qərarı elan edib. Qərara əsasən vəkilin vəsatətləri təmin edilməyib və iş məhkəmə baxışına təyin edilib.

Qeyd edək ki, gömrük əməkdaşları Reza Dolatabadidən şübhələniblər. Onlar Reza ilə münasibət quraraq bir ay müddətinə görüşüblər. Bir ay sonra keçirilən əməliyyatla Reza Dolatabadi saxlanılıb.

Reza Dolatabadi isə deyib ki, sonradan gömrük əməkdaşları olduğunu bildiyi şəxslər onu narkotik tərkibli dərmanları Azərbaycana gətirməyə təhrik ediblər. Amma bununla razılaşmayıb.