6 ölkəni birləşdirəcək siyasi platforma…

843

Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistandan ibarət əməkdaşlıq formatının yaradılması mümkündür?

“6 ölkədən ibarət əməkdaşlıq formatının yaradılması ideyası region üçün faydalıdır”

Xaqani Cəfərli: “Azərbaycanla Türkiyə arasında səfərlərin şəxsiyyət vəsiqəsi ilə həyata keçirilməsi ticarət dövriyyəsini artıra, sərmayənin hərəkətini gücləndirə bilər”

Elxan Şahinoğlu: “Əməkdaşlıq formatında 4 ölkənin – Azərbaycan, Türkiyə, Rusiya və İranın iştirak edəcəyi ehtimalı yüksəkdir”

Məhəmməd Əsədullazadə: “Ankara-Bakı platforması Cənubi Qafqazın yeni siyasi kombinasiyasını quracaq”

Turab Rzayev: “Düşünürəm ki, Türkiyə Rusiya ilə birlikdə Qafqazda sülh və əmin-amanlığın qarantı ola bilər”

Dekabrın 10-da ölkə başçısı İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş başa çatdıqdan sonra onların iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Qeyd edək ki, bir sıra mühüm sahələrdə strateji əməkdaşlığa dair Anlaşma Protokolu ilə yanaşı, iki qardaş ölkə arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış sazişə dəyişikliklər edilməsi haqqında protokol da imzalanıb. Sənədlərin imzalanması mərasimindən sonra isə İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış edib, olduqca maraqlı fikirlər səsləndiriblər.

“Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və əgər qəbul edib əməl edərsə, Ermənistan da bu platformada yer ala bilər”

Belə ki, “Qardaşım İlham Əliyev bir az əvvəl ifadə etdiyi platforma məsələsinə toxundu, sözün düzü, mən də buna böyük önəm verirəm” deyən Türkiyə prezidentinin sözlərinə görə, lazım gələrsə altılı platforma da yaratmaq mümkündür: “Bunu cənab Putin də qəbul etdi. O altılı platforma nədir: Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və əgər qəbul edib əməl edərsə, Ermənistan da bu platformada yer ala bilər. Beləliklə, altılı platforma ilə regional sülhün formalaşdırılması nəzərdə tutulur. Təbii ki, bu regional sülhün bu bölgədəki ölkələrə gətirdiyi vəzifələr var. Bu vəzifələrə infrastruktur, siyasi, diplomatik bir çox məsələlər daxildir. Bu gün də qardaşıma dedim, əgər bu məsələdə müsbət addımlar atıldığı təqdirdə biz də bağlı olan qapılarımızı açarıq. Amma yetər ki, bu müsbət addımlar atılsın. Bizim də qapılarımızı Ermənistanın üzünə bağlamaq kimi bir dərdimiz yoxdur. Çünki biz sülhün göyərçinləri olmaq istəyirik, sülh addımları atmaq istəyirik. Üstəlik, bizim Ermənistan xalqına bir kinimiz yoxdur. Problem Ermənistanın hakimiyyəti ilədir”. Türkiyədə yüz mindən çox erməninin yaşadığını qeyd edən qardaş ölkənin başçısı bildirib ki, onların arasında vətəndaşlıq hüququnu əldə edəni də var, əldə etməyəni də var: “Amma biz onları da ölkəmizdə qonaq qəbul edirik. Niyə? Çünki bizim insanlara qarşı heç bir kinimiz yoxdur. Məqsəd xüsusilə bu sülhü formalaşdırmaq, möhkəmləndirməkdir. Addımlarımızı da buna görə atmalıyıq”.

“Arzu edirəm ki, Azərbaycan özünün çox ciddi marağı olduğu dövlətlərlə də oxşar müqavilələr imzalasın”

Türkiyə ilə Azərbaycan arasında birbaşa səfərin şəxsiyyət vəsiqəsi ilə həyata keçirilməsinə dair imzalanan protokolla bağlı fikirlərini “Hürriyyət”lə bölüşən politoloq Xaqani Cəfərli uzun illərdir ki, bu məsələnin gündəmdə olduğunu bildirdi: “Hətta bildiyim qədər artıq Gürcüstanla Türkiyə arasında belə bir sadələşdirilmiş keçid sistemi mövcuddur. Yəni, Gürcüstan vətəndaşları şəxsiyyət vəsiqələriylə Türkiyəyə, eynilə qardaş ölkənin vətəndaşları da Gürcüstana səfər edə bilirlər. Bəlkə də on ilə yaxındır ki, biz Türkiyədən daim bu kimi mesajlar, çağırışlar eşidirdik. Belə ki, Türkiyə dəfələrlə bu məsələni gündəmə gətirmiş və Azərbaycanla Türkiyə arasında keçidin tamamilə sadələşdirilməsini təklif edirdi. Qeyd edim ki, qələbəmizlə yekunlaşan Vətən Müharibəsinə qədər Azərbaycan təhlükəsizlik məsələləri ilə bağlı bir qədər ehtiyatlı mövqe tuturdu. Buna görə də Türkiyə ilə sərhədin sadələşdirilmiş qaydada keçilməsini təxirə salırdı. Odur ki, bu müddət ərzində Türkiyə tərəfi sözügedən məsələni daim gündəmə gətirsə də, Azərbaycan tərəfi həmişə bu istəkdə olduğunu, lakin təhlükəsizlik tədbirlərindən dolayı bu addımı ata bilmədiyini bildirirdi. Ancaq müharibədə qalib gəlib təhlükəli məsələlər aradan qalxdıqdan sonra görünür, artıq ortada heç bir əngəl, problem qalmayıb. Ona görə də artıq Türkiyə ilə Azərbaycan arasında birbaşa səfərlər şəxsiyyət vəsiqəsi ilə həyata keçiriləcək. Onu da qeyd edim ki, birbaşa tarix göstərilmədiyi üçün belə qənaət yaranır ki, hələlik ortada niyyət bəyannaməsi var. Çox güman ki, yaxın zamanlarda bununla bağlı müqavilə də imzalanacaq”.

İki qardaş ölkə arasında səfərlərin şəxsiyyət vəsiqəsi ilə həyata keçirilməsinin gözəl addım olduğunu vurğulayan politoloqun sözlərinə görə, bu, Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsini artıra, sərmayənin hərəkətini gücləndirə bilər: “Bildiyiniz kimi, sərmayənin bir ölkədən başqa ölkəyə yönəldilməsi üçün ilk növbədə sərmayə sahibinin özünün azad şəkildə gedə bilməsi lazımdır. Yəni bir iş adamı viza alıb gəlmək məcburiyyətindədirsə, o, həmişə “birdən bu dəfə viza vermədilər, onda mənim ordakı sərmayəm necə olacaq?” deyə tərəddüd edəcək. Bu baxımdan, artıq Türkiyə ilə Azərbaycan arasında səfərlərin tək şəxsiyyət vəsiqəsi ilə həyata keçirilməsi iki ölkə arasında iqtisadi, ticari münasibətlərin yüksəlməsinə səbəb olacaq. Bir şeyi bilməliyik ki, bütün dövlətlərin siyasi, diplomatik münasibətlərinin təməlində duran əsas məsələlərdən biri ölkəsinin iqtisadi rifahını təmin etməkdir. İqtisadi rifahın təmin olunması üçün isə ticari münasibətlər artmalıdır. Odur ki, belə addımlar ticari münasibətlərin genişlənməsinə çox kömək edir. Arzu edirəm ki, Azərbaycan özünün çox ciddi marağı olduğu dövlətlərlə də oxşar müqavilələr imzalasın”.

“Qeyd olunan formatdan kənarda qalmaq Ermənistan üçün daha da ağır nəticələr, ciddi problemlər doğuracaq”

Prezidentlərin mətbuata birgə bəyanatları zamanı səsləndirilən altılı platformaya gəlincə, politoloq qeyd etdi ki, bu, çox doğru formatdır: “Bildiyiniz kimi, müxtəlif regional əməkdaşlıq formatları mövcuddur. Yəni istər Amerika, istərsə Avropa və Asiya qitəsində, hətta kiçik regionları əhatə edən əməkdaşlıq formatları var. Fikrimcə, qeyd olunan platforma çox doğru formatdır. Çünki bu regionda yerləşən bütün dövlətlərin maraqları regionda sabitliyin olmasını tələb edir. Belə ki, regionda sabitliyin olması həm Türkiyə, həm Azərbaycan, həm Gürcüstan, həm də Rusiya və İranın maraqlarına uyğundur. Burada böyük müharibələr, qarşıdurmalar sadaladığım bütün ölkələrə zərər verir. Çünki bu, hərbi münaqişələrdə iştirak etməyən tərəflərin belə, iqtisadi zərər çəkməsinə səbəb olur. Ona görə də belə formatda əməkdaşlıq çox doğru yanaşmadır. Eyni zamanda, həm Azərbaycanla Rusiya, həm Azərbaycanla Türkiyə, həm də Türkiyə ilə Rusiya arasında böyük iqtisadi münasibətlər mövcuddur. Bütün bunları nəzərə alaraq, bəlkə də yeni formata keçməyin zamanı çoxdan gəlib çatıb. Eyni sözləri Gürcüstan haqqında da demək olar. Belə ki, həm Azərbaycanın, həm də Türkiyənin Gürcüstanla iqtisadi, ticari münasibətləri çox yüksək səviyyədədir. Düzdür, Gürcüstanla Rusiya arasında müəyyən problemlər mövcuddur. Amma bu formatlarda həmin problemlərin həllinə yardım edə biləcək təsir mexanizmləri ola bilər. Lakin Ermənistanın burda iştirakı bizim arzumuzdan yox, bu ölkənin tutduğu mövqedən asılıdır. Təəssüf ki, bu gün Ermənistanda reallığı qəbul edən, ermənilərin marağını ifadə edən siyasətçiləri görmək olmur. Əsasən, beynəlxalq güclərin və yaxud erməni lobbisinin maraqlarına yönəlik çıxışlara rast gəlirik. Əgər bu gün Ermənistanda müxalifətin baş nazir postuna vahid namizəd kimi göstərdiyi Vazgen Manukyan deyirsə ki, biz Türkiyəyə qarşı yaranacaq cəbhədə yer almalıyıq, bu, ermənilərin maraqlarına uyğun deyil. Halbuki, erməni xalqının maraqları Türkiyə və Azərbaycanla yaxşı münasibətlərin olmasını tələb edir. Odur ki, qeyd olunan formatdan kənarda qalmaq Ermənistan üçün daha da ağır nəticələr, ciddi problemlər doğuracaq”.

“Gürcüstanın haqqında danışılan formata qatılması üçün Rusiyanın işğal etdiyi Abxaziya və Cənubi Osetiyadan vaz keçməsi lazımdır”

“Hürriyyət”in məlumatına görə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da bu qənaətdədir ki, 6 ölkədən – Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistandan ibarət əməkdaşlıq formatının yaradılması ideyası region üçün faydalıdır: “Azərbaycan və Türkiyə qalibdirlər və qalib kimi böyüklük göstərib Ermənistana əl uzadıb təklif edirlər ki, iki ölkəyə qarşı ərazi iddiasından əl çək və sən də əməkdaşlıq formatına qatıl. Ermənistan hakimiyyətinin, siyasi dairələrinin və cəmiyyətinin hansı qərar verəcəyini söyləmək çətindir. Çünki bu millət arxadan zərbə vurmaqda mahirdir. Doğrudur, Ermənistanda müharibədən sonra “Azərbaycan və Türkiyə ilə əməkdaşlıq bizim üçün faydalı olar” səsləri eşidilməyə başlayıb. Ancaq hələ ki, erməni siyasətçiləri və cəmiyyəti revanş əhval-ruhiyyəsindədir. Məni təklif edilən əməkdaşlıq formatında Ermənistandan çox, Gürcüstanın hansı qərar verəcəyi düşündürür. Əməkdaşlıq formatında 4 ölkənin – Azərbaycanın, Türkiyənin, Rusiyanın və İranın iştirak edəcəyi ehtimalı yüksəkdir”. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, Ermənistanla yanaşı, Gürcüstan da sual altındadır: “Gürcüstanın haqqında danışılan formata qatılması üçün Rusiyanın işğal etdiyi Abxaziya və Cənubi Osetiyadan vaz keçməsi lazımdır. Ancaq Kreml 6 ölkənin əməkdaşlıq formatı naminə Abxaziyanı və Cənubi Osetiyanı Gürcüstana qaytaran deyil. Gürcüstanın isə işğala göz yumub Rusiyanın yer alacağı formatda iştirak edəcəyi şübhəlidir. Rusiya Gürcüstanın ilkin şərt irəli sürmədən Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin təklif etdiyi formata qatılmasını istəyərdi, ancaq rəsmi Tbilisinin buna razılaşmasının ehtimalı azdır. Ermənistan və Gürcüstan kənarda qalsa belə, dördlü format (Türkiyə, Azərbaycan, Rusiya və İran) əsasında əməkdaşlıq formatı yaratması – ortaq layihələr reallaşdırması mümkündür. Təsadüfi deyil ki, Rəcəb Tayyib Ərdoğan mətbuat konfransında rusiyalı həmkarı Vladimir Putinin ünvanına bir neçə dəfə xoş söz dedi. Deməli, Ərdoğan məlum təklifi Putinlə müzakirə edib və müsbət cavab alıb”.

“Altı ölkənin bu platformada yer alması, əsasən Türkiyənin burada aparıcı ölkə olaraq mövqeyinin güclənməsinə gətirib çıxara bilər”

“Hürriyyət” xəbər verir ki, Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Türkiyə ilə Azərbaycan arasında pasport rejiminin ləğvi iki qardaş ölkə arasında münasibətlərin daha da dinamik inkişafının nəticəsidir: “İki ölkənin regionda yeni siyasi platforma qurması, regionda digər xalqların da bu platformaya inteqrasiyası və yeni bir əməkdaşlıq formatının qurulmasına gətirib çıxara bilər. Ankara-Bakı platforması Cənubi Qafqazın yeni siyasi kombinasiyasını quracaq. Bu platformada Gürcüstanın da yer alması və gələcək perspektivdə regional ölkələrin bu kombinasiyada yer alması mümkün ola bilər. Altı ölkənin bu platformada yer alması, əsasən Türkiyənin burada aparıcı ölkə olaraq mövqeyinin güclənməsinə gətirib çıxara bilər. Bundan əlavə, bu siyasi-iqtisadi platforma Rusiyanın da regionda hərbi iştirakını zəiflədəcək. Çünki Rusiya öz sülhməramlı qüvvələri ilə Azərbaycanın Dağlıq Qarabağ hissəsindədir. Ona görə də bu ərazilərdə Azərbaycanın suverenliyinin təmini Rusiya ilə birgə işdən keçəcək. Ankara-Bakı müttəfiqliyi Moskva ilə mümkün əməkdaşlıq çərçivəsində bu mərhələni uğurla həll edə bilər. Moskva burada erməniləri ciddi müdafiə edib, öz məqsədləri üçün istifadə edərsə, regionda Rusiyanın mövqeyi zəifləyə bilər. Kiçik bir ərazidə ermənilərin yardımdan asılı olması və yaşayışlarının çətinliyi bir müddətdən sonra onların bu əraziləri tərk etməsinə gətirib çıxara bilər”. Rusiyanın uzun illər ermənilərə yardım edə bilməyəcəyini qeyd edən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, ermənilər Azərbaycanın suverenliyini qəbul edib kiçik bir ərazidə yaşamaq məcburiyyətindədirlər: “Ermənilər istədi, istəmədi yeni siyasi kombinasiya Xankəndini də əhatə edəcək. Ermənistan rəhbərliyi hazırda Türkiyə və Azərbaycanla iqtisadi, o cümlədən siyasi əlaqələrin bərpasında maraqlıdır. Belə olan təqdirdə, Azərbaycan ərazilərində “Artsax Respublikası”, yaxud burada “status” məsələsinin gündəmə gətirilməsi olmayacaq. Əgər, kiçik bir ərazidə ermənilərdən siyasi-hərbi məqsədlər üçün istifadə edilərsə, bu, Rusiyanın regiondan getməsi ilə nəticələnə bilər. Regionun siyasi nizamı dəyişdikcə proseslər Azərbaycanın lehinə formalaşır və bunun da nəticəsində Xankəndində Azərbaycanın suverenliyi bərpa ediləcək”.

“Region üçün ən uğurlu formulun reallaşdırılması üçün Ermənistan öz işğalçı mövqeyindən əl çəkməlidir”

Siyasi şərhçi Turab Rzayev isə bu qənaətdədir ki, Qafqazı Avrasiyanın İsveçrəsinə çevirmək mümkündür, ancaq region üçün ən uğurlu formulun reallaşdırılmasının bir əsas şərti var: “Gərək Ermənistan öz işğalçı mövqeyindən əl çəksin. Açıq şəkildə Azərbaycana, Gürcüstan və Türkiyəyə torpaq iddialarından əl çəksin. Ondan sonra Qafqazı azad, sülh şəraitində inteqrasiya edən, inkişaf edən görmək istəyirəm. Qoy, Qafqaz Avrasiyanın İsveçrəsi olsun. Necə ki, İsveçrədə tarix boyu bir-birinə düşmən xalqların dövlətləri: almanlar, fransızlar, italyanlar sülh və əmin-amanlıq içində yaşayırlar, çiçəklənirlər, qoy Qafqazda da, hər 3 ölkə sülh və əmin-amanlıq şəraitində yaşasın, çiçəklənsin. Bir-birinə ərazi iddiaları irəli sürməsinlər. Düşünürəm ki, Türkiyə Rusiya ilə birlikdə bu sülh və əmin-amanlığın qarantı ola bilər. Hətta, bölgədə olan sülhə və çiçəklənməyə dəstək verəcəksə, İranı da yanlarına ala bilərlər”.

Vazeh BƏHRAMOĞLU