6 manatlıq şirkət milyonluq tenderləri necə udur? – Hacıqabulda ŞÜBHƏLİ DURUM

183

Hacıqabul Rayon İcra Hakimiyyəti “Muğan-KİTT” MMC ilə maliyyə dəyəri 442 547.64 AZN olan müqavilə imzalayıb.

Müqaviləyə görə sözügedən şirkət Hacıqabul şəhərində yolların əsaslı təmirini həyata keçirməlidir.

Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, “Muğan-KİTT” MMC 12 iyul 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 6 AZN olan MMC-nin hüquqi ünvanı Muğan ŞTQ(Şəhər Tipli Qəsəbə), Muğan qəsəbəsində yerləşir. “Muğan-KİTT”in qanuni təmsilçisi isə Əzizli İlham Əliseyran oğludur.

Açıq mənbələrdə İlham Əzizli barəsində hər hansı məlumat yoxdur. Onun rəhbəri olduğu MMC-yə gəlincə, bəlli olur ki, Hacıqabul Rayon İcra Hakimiyyəti yolların təmirində bu şirkətin xidmətlərindən istifadə edir. İcra hakimiyəti 2018-ci ildə də “Muğan-KİTT” MMC ilə 390 104 AZN dəyərində müqavilə bağlayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) də sözügedən 6 manatlıq şirkətlə milyonluq müqavilələr imzalayıb. Konkret olaraq 2019-cu ildə AAYDA ilə “Muğan-KİTT” MMC arasında 3.9 milyon dəyərində müqavilə bağlanıb. Bu müqaviləyə görə şirkət Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına yolunun əsaslı təmirini həyata keçirib./yenisabah.az/