5 iyun – Dünya Ətraf Mühitin Mühafizəsi Günü

    9

    Ölkəmizdə də ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli hər zaman diqqət mərkəzindədir

    Gələ həftə – iyunun 5-də bütün dünyada Ətraf Mühitin Mühafizəsi Günü qeyd olunacaq. Çünki 5 iyun – Dünya Ətraf Mühitin Mühafizəsi Günüdür.

    Belə bir günün keçirilməsinə 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniyyət xadiminin imzası ilə BMT-nin Baş katibinə ünvanlanan müraciət səbəb olub. Onlar “ya biz çirklənməni qurtarırıq, ya da çirklənmə bizi qurtarar” adlı müraciətləri ilə bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdarlıq vermişdilər.

    Nəhayət, 1972–ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin İsveçin paytaxtı Stokholmda keçirilən iclasında 5 iyun tarixinin Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar verilmişdir. O vaxtdan etibarən hər il bu gün bütün dünyada təntənəli şəkildə qeyd olunur.

    Baş Assambleya bu günün qeyd edilməsi ilə bağlı qətnaməsində BMT-yə daxil olan ölkə və təşkilatları hər il həmin gün ərəfəsində ətraf mühitin qorunması və yaxşılaşdırılmasına yönələn işlər həyata keçirməyə çağırır.

    Hər il Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) Dünya Ətraf Mühit Gününün Avropa regionunda qeyd edilməsi üçün Avropa ölkələrindən baş şəhərlər elan edir. 2010-cu ildə İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə bərabər Azərbaycanın Bakı şəhəri də mərkəz şəhər seçilib.

    Bakının bu statusa layiq görülməsi Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiya sahəsində görülən işlərin, həyata keçirilən dövlət və milli proqramların uğurlu nəticəsi kimi qiymətləndirilir və Beynəlxalq qurumların Cənubi Qafqaz regionunda Azərbaycana böyük əhəmiyyət verməsindən irəli gəlir.

    Qeyd edək ki, dünyada elmi–texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər hələ bir neçə əsr öncədən öz mənfi nəticələrini büruzə verməyə başladı. Bu səbədən də XIX əsrin sonlarından başlayaraq, artıq insanlar təbiətə münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar. Bu problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər, ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başladılar. Problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti də öz növbəsində məsələni daim diqqət mərkəzində saxlamağa çalışırdı.

    Dünya Ətraf Mühitin Mühafizəsi Gününün hər il geniş tədbirlərlə qeyd edildiyi Azərbaycanda da ətraf mühitin mühafizəsi və ekoloji problemlər daim diqqət mərkəzindədir. Ölkəmizdə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar, həmçinin Azərbaycanda hidrometeorologiyanın inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilir.

    Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir. Prezident İlham Əliyevin 2010-cu ili ölkədə “Ekologiya ili” elan etməsi bu sahəyə diqqəti daha da artırmışdır. “Ekologiya ili” çərçivəsində, eləcə də sonrakı illərdə ölkəmizdə milyonlarla ağacın əkilməsi, yeni parkların salınması və dövlətimizin başçısının özünün bu kampaniyalarda iştirakı ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisi sayıla bilər.

    Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr vermişdir. Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılmışdır.

    Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2011-ci il iyulun 12-dən fəaliyyətə başlayan İDEA – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində ölkəmizdə ətraf mühitin qorunması sahəsində görülən işlər Azərbaycanda ekoloji problemlərə verilən önəmin göstəricisidir.

    Sözsüz ki, bu gün ölkəmizdə ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsi məsələlərinə daha çox diqqət yetirilir. Milli parkların yaradılması işi uğurla davam etdirilir, təbii ehtiyatların qorunması üçün uzunmüddətli dövlət planları nəzərdə tutulmuşdur.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 iyun – Dünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir.

    Məsələn, ətraf mühitin mühafizəsi sahəsində 2017-ci il ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 2689 akt və 944 protokol tərtib olunub və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 749 müddətli “məcburi göstəriş” verilib.

    Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 990 iş üzrə 920255 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 570 iş üzrə 955299,17 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 5743 iş üzrə 1141264,21 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 603 işdən 227-nə, icra qruplarına göndərilən 590 işdən 241-nə, məhkəmələrə göndərilən 76 işdən 20-nə baxılıb.

    Su ehtiyatlarının mühafizəsi üzrə 224 akt və 63 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 128 müddətli “məcburi göstəriş” verilib. 68 iş üzrə 55110 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 28 iş üzrə 106125,34 manat məbləğində iddia qaldırılıb, 1104 iş üzrə 323438,7 manat məbləğində ödəmə tətbiq edilib. Hüquq mühafizə orqanlarına göndərilən 20 işdən 7-nə, icra qruplarına göndərilən 44 işdən 31-nə baxılaraq müvafiq tədbirlər görülüb.

    Atmosfer havasının mühafizəsi üzrə 167 akt və 79 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 42 müddətli “məcburi göstəriş” verilib. 85 iş üzrə 26545 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 47 iş üzrə 47895,86 manat məbləğində iddia qaldırılıb, 1528 iş üzrə 319560,33 manat məbləğində ödəmə tətbiq edilib. İcra qruplarına göndərilən 57 işdən 14-nə, hüquq mühafizə orqanlarına göndərilən 17 işdən 3-nə baxılaraq müvafiq tədbir görülüb.

    Torpağın mühafizəsi üzrə 112 akt və 38 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 36 müddətli “məcburi göstəriş” verilib. 50 iş üzrə 29300 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 19 iş üzrə 9999,5 manat məbləğində iddia qaldırılıb, 339 iş üzrə 38622 manat məbləğində ödəmə tətbiq edilib. Hüquq mühafizə orqanlarına göndərilən 16 işdən 6-na, icra qruplarına göndərilən 25 işdən 7-nə baxılaraq müvafiq tədbirlər görülüb.

    Yerin təkinin mühafizəsi üzrə 73 akt və 35 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 12 müddətli “məcburi göstəriş” verilib. 47 iş üzrə 31300 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 31 iş üzrə 6583,89 manat məbləğində iddia qaldırılıb, 50 iş üzrə 8210 manat məbləğində ödəmə tətbiq edilib. İcra qruplarına göndərilən 31 işdən 13-nə baxılaraq müvafiq tədbirlər görülüb.

    Məişət tullantılarının mühafizəsi üzrə 483 akt və 152 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 350 müddətli “məcburi göstəriş” verilib. 146 iş üzrə 194500 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 5 iş üzrə 2020,89 manat məbləğində iddia qaldırılıb, 1472 iş üzrə 225293,77 manat məbləğində ödəmə tətbiq edilib. Hüquq mühafizə orqanlarına göndərilən 88 işdən 51-nə, icra qruplarına göndərilən 121 işdən 62-nə, məhkəmələrə göndərilən 9 işdən 3-nə baxılaraq müvafiq tədbirlər görülüb.

    İstehsalat tullantılarının mühafizəsi üzrə 97 akt və 47 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 52 müddətli “məcburi göstəriş” verilib. 34 iş üzrə 27400 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 9 iş üzrə 18377,87 manat məbləğində iddia qaldırılıb, 868 iş üzrə 214205,06 manat məbləğində ödəmə tətbiq edilib. Hüquq mühafizə orqanlarına göndərilən 22 işdən 14-nə, icra qruplarına göndərilən 25 işdən 13-nə, məhkəmələrə göndərilən 7 işdən 3-nə baxılaraq müvafiq tədbirlər görülüb.

    Floranın mühafizəsi üzrə (meşə) 368 akt və 27 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 1 müddətli “məcburi göstəriş” verilib. 36 iş üzrə 24500 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 206 iş üzrə 38342,25 manat məbləğində iddia qaldırılıb. Hüquq mühafizə orqanlarına göndərilən 30 işdən 2-nə, icra qruplarına göndərilən 15 işdən 1-nə baxılaraq müvafiq tədbirlər görülüb.

    Floranın mühafizəsi üzrə (yaşıllıq) 1037 akt və 382 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 122 müddətli “məcburi göstəriş” verilib. 391 iş üzrə 419300 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 207 iş üzrə 722254,37 manat məbləğində iddia qaldırılıb. Hüquq mühafizə orqanlarına göndərilən 355 işdən 123-nə, icra qruplarına göndərilən 209 işdən 83-nə, məhkəmələrə göndərilən 50 işdən 13-nə baxılaraq müvafiq tədbirlər görülüb.

    Fauna ehtiyatlarının mühafizəsi üzrə 122 akt və 121 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 6 müddətli “məcburi göstəriş” verilib. 131 iş üzrə 111700 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 18 iş üzrə 3699,2 manat məbləğində iddia qaldırılıb, 382 iş üzrə 11934,35 manat məbləğində ödəmə tətbiq edilib. Hüquq mühafizə orqanlarına göndərilən 33 işdən 20-nə, icra qruplarına göndərilən 61 işdən 17-nə baxılaraq müvafiq tədbirlər görülüb.

    Balıq ehtiyatlarının mühafizəsi üzrə 100 protokol və 172 akt tərtib edilib. Su bioloji resurslarına vurulmuş ziyanla bağlı 51229 manat məbləğində iddia qaldırılıb. 6 iş rayon məhkəmələrinə, 85 iş isə cinayət xarakterli olduğuna görə hüquq-mühafizə orqanlarına göndərilib.

    Bununla yanaşı, tələbələrin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi ilə ali təhsil müəssisələrinin tələbə və müəllim kollektivləri ilə görüşlər keçirilmişdir. Bu görüşlərdə dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət və bu istiqamətdə gənc nəslin fəal rolundan danışılmış, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının zəruriliyi diqqətə çatdırılmışdır.

    Keçirilən tədbirlərin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdır.

    “Hürriyyət”