“5 ci kalon”un toyu

135

Prezident İlham Əliyevin “ölkədə islahatlar gedir, uzun illər hakimiyyət komandasında yer alan şəxslər yeniləri ilə əvəzlənir və idarəetməyə yeni təfəkkür gəlir” fikirlərinə inamsızlıq göstərənlər yəqin indi Azərbaycanda gerçək, köklü dəyişikliklər getdiyinə inanar. Söhbət uzun illər Azərbaycanın hakim komandasında yüksək postlar tutan şəxslərin mart ayından bəri hökumətin gördüyü işləri faktiki yerə vurmasından – övladlarına toy etməsindən və hakimiyyətin cəza tədbirlərindən gedir. Kimin nə cür qiymətləndirməsindən asılı olmayaraq, bu, açıq sabotajdır.

Ramiz Mehdiyev ailəsinin qanunsuz hərəkəti sözsüz ki, hələ uzun müddət müzakirə olunacaq. Həm də ona görə müzakirə olunacaq ki, bu gün ailə üzvləri hakim qarşısına çıxarılsa da, onlara verilən cəzalar yenə də etdikləri hərəkətlərə adekvat deyil. Nədən sadə vətəndaş övladına toy edəndə rəsmi qurumlar dərhal məclisə gəlir, onu dağıdır, məclis iştirakçıları polis bölmələrinə aparılır, telekanallar reportaj yarışına girir, böyük cərimələr kəsilir, toy sahibləri ən azı 30 sutka həbs edilir, ancaq Ramiz Mehdiyev ailəsinin üzvləri canlarını 15 sutka ilə qurtarırlar? Əslində ölkənin idarə edilməsində məsuliyyət yükünü öz üzərlərinə götürənlər, bütün yaxınlarını yüksək postlarla təmin edib hakimiyyəti öz əllərində cəmləyənlər, vəzifədən gedəndən sonra belə hakimiyyət içərisindəki ağırlıqlarını qorumağa çalışanlar daha ciddi cəza almalı deyillərmi?

Bu ayrıcalıq onlara niyə tanınmalıdır? Niyə hələ də hakim xanımın dili-dodağı əsməlidir bu qanun pozucularının qarşısında? Nə ölüsünə yas tuta bilən, nə övladına toy çaldıra bilən vətəndaşı bunca qıcıqlandırmaq nəyə gərəkdir?

Ötən ay axın qohumlarımızdan biri Rusiyada vəfat etmişdi. Nəşi ata yurduna gecə saatlarında çatdı. Rəsmi qurumlar ailədən tələb etdilər ki, gecə ilə də dəfn edilsin. Həmin rayonda sərt karantin rejimi tətbiq olunmasa da heç kimin gözünün yaşına baxılmadı. 500 nəfərin rahat yerləşə biləcəyi geniş həyət-bacalarında 15 nəfərin iştirakı ilə ehsan verilməsinə də imkan verilmədilər. Bu, ölkədə baş verən bir faktdır. 6 ayda yüzlərlə, minlərlə belə hadisə olub. Neçə toy yeməyi qazanda qalıb?

Bəs, niyə Ramiz Mehdiyevin toyuna rəsmilər zamanında gəlib məclisi dağıtmayıblar?

Hakim partiya YAP da bu məsələdə ən sərt mövqe tutmalıdır. Artıq toyda iştirak edən YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov partiya tərəfindən cəzalandırılıb.

Toydan yayılan görüntülərdə Ramiz Mehdiyevin şəninə sağlıq deyən BDU-nun keçmiş rektoru, akademik, keçmiş deputat və millətin yadından elmi fəaliyyəti ilə deyil, tutduğu yüksək postlarla vidalaşmasına səbəb olan çaxır çəlləkləri ilə qalan Abel Məhərrəmov ölkədə əslində kimin 5-ci kalon olduğunu göstərdi. Birincisi, ona xalqın adından danışmaq haqqını kim verib? Görünür, millətin adından danışmaq deputatlıq dönəmindən Məhərrəmovun şakərinə çevrilib. Çox nahaq yerə. Bu ölkədə xalqın adından danışmağı haqq edən bir nəfər var – o da Prezident İlham Əliyev. Abel Məhərrəmov “xalq sizi yüksək qiymətləndirir” rədifli tostunu deyərkən qapıldığı eyforiyanın nədən qaynaqlandığını heç şübhəsiz hüquq-mühafizə orqanları araşdıracaq, biz sadəcə onu deyə bilərik ki, bu toy hakimiyyətdə ciddi bir sabotajçı qurupun olduğunu sübut etdi.
Mehdiyevlərin toyuna gedənlərin çoxu, heç çübhəsiz hakim Yeni Azərbaycan Partiyasının üzvləridir. Yaxın günlərdə YAP bu şəxslərlə bağlı ciddi tədbirlər görməsə, radikal müxalifətə hakimiyyətin üzərinə gəlmək üçün yeni fürsət verilmiş olacaq. Töhmət bu qədər ciddi məsələ üçün çox yüngül cəzadır.

P.S. Bu arada bir çox millət vəkillərinin və iqtidarın hesabına geniş imkanlar əldə edənlərin məsələ ilə bağlı açıqlamaları təəssüf doğurur. Anlaşılan budur ki, hələ də Ramiz Mehdiyev və toyda iştirak edənlərin xofu bu şəxslərin üzərindədir və onlar sayəsində mənsəb sahibi olduqları iqtidarı belə müdafiədən çəkinir, ehtiyatlı ifadələrlə baş girləyirlər. Cəsarətiniz olsun.

Arzuman Abdulkərimov,
AVP sədrinin müavini