Stress hormonu kortizolun FAYDALARI və ZƏRƏRLƏRİ

    150

    Kortizol stress hormonu da hesab edilir. Böyrəküstü vəzinin qabıq hissəsində ifraz olunan bu hormonun streslə əlaqədar olduğu qeydə alınmışdır. Araşdırmalara görə, insan yaşadığı stressə reaksiya olaraq, kortizol ifraz edir və stressin ən vacib göstəricilərində biri də kortizolun səviyyələridir. Kortizolun vəzifəsi insanın stressə olan reaksiyasını tarazlamaqdır.

    Stressin neqativ qavrayış kimi qəbul edilməsinə baxmayaraq, əslində həyatda qalmağımızın ən vacib səbəblərindən biridir. Çünki biz narahatlıqla qarşılaşanda bədənimiz "qaç" və ya "mübarizə et" reaksiyası verir. Bu reaksiyalardan hanısını seçsək, ona uyğun olaraq, bədənimiz düzgün müdafiəyə keçmək üçün müəyyən hormanlar ifraz edir. Bu hormonlardan biri olan kortizolun da qlükozanı uyğun şəkildə metabolizə etmək, qan təzyiqini, qan şəkərini tarazlamaq, immunitet sistemini yaxşılaşdırmaq və iltihabı azaltmaq kimi müsbət təsirləri vardır.

    Kortizolun faydaları

    İnsanın bədənindəki kortizol səviyyəsi eyni deyil və dəyişikəndir. Gün içərsində də dəyişə bilər. Normalda insanın kortizol səviyyəsinin ən yüksək olduğu zaman səhərin ilk saatlarıdırsa, ən aşağı olduğu vaxt isə gecədir. Bu proses hər günü özünü yeniləyir. Kortizolun dəyişikənliyinin digər səbəbi isə insanın yaşadıqlarıdır. Kortizolun ifrazında tək faktor stress olmasa da, stress yaşandıqca bu hormon artır. Kortizol səviyyəsinin xırda yüksəlişləri:

      – insanın həyati təhlükələr qarşısında sürətlə enerji qazanmasına,

      – yaddaş funksiyalarının artmasına,

      – immunitet sisteminin güclənməsinə,

      – ağrını daha az hiss etməyə,

      – insanın bədənini tarazlamasına və idarə etməsinə kömək edir.

    Həddindən artıq kortizolun təsirləri

    Aşağı səviyyədə kortizolun artımı bədənimizə müsbət təsir edir. Balanslı kortizol ifrazı bizi enerjili və sağlam edir. Davamlı olaraq az kortizol ifrazı isə aşağı təzyiq və yorğunluq sindromu kimi problemlər yaşadır. Kortizolun müəyyən səviyyələrədək müsbət təsiri bilinsə də, həddindən artıq stress və kortizolun mənfi təsirləri vardır. Təəssüf ki, stresli dünyamızda insanlar stresdən ayrılıb normal bədən funksiyalarına qayıtmaqda çətinlik çəkirlər. Bu vəziyyət davamlı olaraq yüksək kortizol ifrazına səbəb ola bilər. Yüksək kortizol ifrazı:

      – idrak performansınızı zəiflədir,

      – sümük və əzələ sıxlığını azaldır,

      – təzyiqi yüksəldir,

      – yaraların gec sağalmasına, zəif immunitet sisteminin yaranmasına səbəb olur,

      – xüsusilə də, qarın nahiyəsinin yağlanmasına və bununla bağlı olaraq xolesterol səviyyəsinin yüksəlməsinə, ürək narahatlıqlarının yaşanmasına və bir çox sağlamlıq probleminə səbəb olur.

    Kortizol səviyyəsini necə tarazlanır

    Kortizol səviyyəsinin sabit olması üçün "qaç" və ya "mübarizə et" kimi reaksiya verməyimizə səbəb olan vəziyyətlər aradan qaldırılmalıdır. Belə olduqda bədən normal funksiyalarına qayıdacaqdır. Bunu etmək isə ancaq stressi idarə etməyi öyrənməklə həyata keçir. Stressi idarə etmək bədəninizdə baş verəcək ani və sürətli dəyişikliyin qarşısını alacaq, qısa müddətdə əvvəl ki vəziyyətinizə dönməyinizi təmin edəcəkdir. Kortizol səviyyənizi tarazlamaq və stress idarəsini öyrənmək üçün:

      – stressi yaradan hadisələr və digər stress faktorları haqqında gündəlik tuta bilərsiniz,

      – davamlı idmanla məşğul olun,

      – yoqa tipli diqqət tələb edən məşqlərdən istifadə edin,

      – sizi rahatladacaq musiqilər dinləyin, gəzintiyə çıxın,

      – nəfəs məşqləri edin,
      – stress faktorları arasından çıxara biləcəklərinizi seçib, bunları həyatınızdan birdəfəlik qaldırın.

     Qeyd etdiklərimizdən sadəcə bir neçəsini yerinə yetirmək sizə fayda verəcəkdir. Stressdən uzaqlaşmaq sizə rahatlıq gətirəcəkdir və həyatınıza əsaslı təsir göstərəcəkdir.

    Aytac ASƏFQIZI, Hurriyyet.org