44 günlük Zəfərimizdə pay sahibi olanlar…

399
Azərbaycan Vətən müharibəsi Şəhidlərinə yas saxlayır. Ölkə bizi biz edən, şirin canlarından keçməklə millət olaraq dünyanın ən bəxtəvərlərindən edən 2783 igidimizi sonsuz rəhmət və minnətlə yad edir. Azərbaycan var olduqca, üçrəngli bayraqlarımız məmləkətimizikn dörd bir yanında qürurla dalğalandıqca bu igidlərin qədir-qiymətini unutmayacağıq, hər zaman onlara sonsuz ehtiramla yad edəcəyik, ruhlarının rahatlıq tapması üçün əlimizdən gələni əsirgəməyəcəyik. Çünki onlar üzümüzü ağ elədi, planetin ən cəngavər xalqlarından biri olduğumuzu öz şəhadətləri ilə, savaş meydanlarında dastan yazmaqla, adlarını dünyanın savaş tarixinə qızıl hərflərlə yazdırmaqla ləkələnmiş milli namusumuzu, zədələnmiş ləyaqətimizi təmizlədilər.
Ali Baş Komandanımız, möhtərəm prezidentimiz İlham Əliyevin bu savaşdakı misilsiz məharəti, dünyanı heyərtləndirən sərkərdəlik bacarığı isə gerçəkdən hələ uzun illər dünya mediasının, politologiya ilə məşğul olan fərdlərin və beyin mərkəzlərinin tez-tez istinad edəcəyi, öyrənəcəyi materiallardan olacaq. O da sanki səngərdə savaş aparan əsgər və zabitimiz kimi 44 gündə dincəlmədi, bəlkə də yatmadı və bu möhtəşəm qələbəmizdə hamıdan çox pay sahibi oldu. Əlbəttə, diplomatların, informasiya savaşı aparan media mənsublarının da hqqını yeməmək lazım, çünki bizlər bütövlükdə bir yumruq kimi birləşərək 30 illik bu ağır mirasdan, bizi qarabaqara izləyən ləkədən qurtulmağı bacardıq. Amma gəlin razılaşaq ki, İlham Əliyev 44 gündə dünyanın ünlü diplomatlarına və media maqnatlarına da master klass keçdi.
İnsafən prezidentin savaş komandasının üzvləri hesab olunan yeni baş diplomatımız Ceyhun Bayramov və prezidentin beynəlxalq əlaqələrə cavabdeh olan köməkçisi Hikmət Hacıyev da 44 günlük savaş günlərində özlərini bir daha sübut etdilər. Əslində Ceyhun Bayramovun fəaliyyəti əsasən bağlı qapılar arxasında və telefon diplomatiyası ilə məhdudlaşdığından Hikmət Hacıyevi daha tez-tez görməyə alışan cəmiyyət onun qısa zamanda peşəkar diplomata xas olan bütün keyfiyyətlərə sahiblənməsinin məmnuniyyətini yaşadı.
Yeri gəlmişkən, 44 günlük savaşda özünəməxsus iz qoyanlardan biri də Naxçıvan igidləri və Naxçıvan torpağı idi. Naxçıvandan xüsusi təyinatlı qüvvələrin Şuşanın alınması əməliyyatlarına cəlb edilməsi və orada göstərdikləri qəhrəmanlıq bir naxçıvanlı kimi mənim də qəlbimi dağa döndərdi. Qürrələndim ki, Naxçıvanın da bu qələbədə özünəməxsus yeri və payı oldu. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun da bu qələbəmizdə özünəməxsus xidmətləri olduğunu qeyd etməyi özümə borc bilirəm. Bütün fəaliyyəti boyu Naxçıvanda yerləşən hərbi birliklərimizdəki əhval ruhiyyənin və döyüş ruhunun ən yüksək səviyyədə olması üçün əlindən gələni əsirgəməyən Vasif Talıbov Ermənistanla sərhəd boyu yerləşmiş bölmələrimizin maddi-texniki təchizatı və sosial qayğılarının ən xırda detalınadək öyrənilərək həll edilməsi üçün necə tapşırılar verməsindən xəbərim var.
Avqust ayında Türkiyənin 11 minlik kontingenti ilə bidlikdə bölmələrimizin Naxçıvandakı möhtəşəm hərbi təlimləri dönəmində də oradakı ümumqoşun ordumuzun ən yüksək döyüş qabiliyyətində olması Türkiyəli hərbi komandanlığı da məmnun etmişdi. Məhz Naxçıvanda böyük hərbi potensiala və 1 saata Ermənistan paytaxtını yer üzündən siləcək gücə sahib ordumuzun əli tətikdə gözlədiyini anlayan rəsmi İrəvan Ali Baş Komandanımızın təbirincə desək, səksəkədə it kimi qorxurdu.
Müdafiə Nazirliyinin açıqladığı 2783 Şəhidimizin neçəsinin Naxçıvandan olduğunu bilmirəm. Bildiiym tək odur ki, başda Ali Məclkisin sədri Vasif Talıbov olmaqla bu torpağın igidləri də Vətən savaşında əllərindən gələni əsirgəmədilər. İşğalçı Ermənistanın diz çökdürülərək kapitulyasya aktına qol çəkdirilməsi, Zəngəzur üzərindən Naxçıvanla Azərbaycanımızın 5 kilometrlik dəhlizlə də olsa birləşdiriləcəyi qərarına görə isə Ali Baş Komandanımıza ayrıca alqış düşür. Ümid edirəm ki, bu yol Naxçıvan və naxçıvanlılar üçün həyat yolu olacaq və blokada illərində məşəqqətlər çəkmiş naxçıvanlıların bir çox problemləri yoluna qoyulmuş olacaq, bu gözəl diyara gəl-getlər daha da çoxalacaq, insanlarımız Vasif Talıbovun rəhbərliyi altında Naxçıvanımızın necə parlaq libasa sahib olduğunu görə biləcək. Bir sözlə, noyabrın 8-i Zəfər günü ilə bərabər Naxçıvanın da blokadadan çıxması günü kimi tarixə düşəcək və  bu torpaqlar uğurunda canından keçmişç hər biri igidimizin  ruhu rahatlıq tapacaq. Allah Azərbaycanımızın bu Zəfəri  üçün canından keçənlərə rəhmət eləsin, Qazilərimizə və bu savaşda payı olan hər kəsə can sağlığı versin. Eşq olsun millətimizə! Naxçıvan Azərbaycandır!
Natiq Rəhimov,
Sabiq polis rəisi, keçmiş döyüşçü