43 günlük vətəndaş həmrəyliyinin önəmi

246

Bu müddət ərzində vətəndaş cəmiyyəti əlindən yaxşı nələr var idisə, hamısına layiqincə əməl etdi

“Bizə zaman deyirdilər ki, Qarabağla bağlı romanlar yazın və xalq onu oxuyub qürurlansın. Mənim fikrimcə, ən böyük romanı Ali Baş Komandanın rəhbərliyi altında Milli Ordumuz döyüş meydanında yazdı!”

Bu il sentyabr ayının 27-də Ermənistan müdafiə nazirliyinin təxribatçı birlikləri ənənəvi olaraq, yenidən provakasiyalar etməyə başladılar. Səbr kasası dolmuş dövlətimiz bu dəfə genişmiqyaslı hərbi əməliyyatlara başlamaq qərarını verdi. Bu dəfə azğın düşmənə layiqli cavab vermək üçün ölkəmizdə bu qərarı cəmiyyət çox böyük razılıqla qarşıladı. Çünki, dövlət və cəmiyyət artıq vətəndaş cəmiyyəti vahid mövqe nümayiş etdirməyə tam hazır idi. İlk öncə 50 siyasi partiya ölkmizin Ali Baş Komandanı prezident İlham Əliyevə dəstək barəsində sənəd imzaladı. Vətəndaş cəmiyyəti təşkilatları da ruh yüksəkliyi ilə bu prosesə dəstək verdilər. Beləliklə 43 gün davam edən möhtəşəm günlər yaşanıldı. Azərbaycanın 27-29 ildir Ermənistan tərəfindən işğal altında olan ərazilərinin azadlığı uğrunda böyük mübarizə başladı.
43 gün ərzində Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd, Qubadlı və yüzlərlə kəndlər düşmənin işğalından azad etdi.

Dünya belə təcrübə görməmişdi

Çoxları elə düşünürdülər ki, Azərbaycan ordusu öz ərazilərini azad etmək üçün silahlı mübarizəyə başlayarsa, ölkədə daxili çəkişmələr, siyasi intriqalar yüksələcək və sonucda bir dövlət olaraq tam iflasa uğrayacağıq. Hətta bədnam etnik separatçı qruplaşmalara mənəvi-psixoloji dəstək verərək onların vasitəsilə xpşagəlməz bir sıra hadisələrin yaşanılması da proqnozlaşdırılmışdı. Problemin həlli istiqamətində kimsəyə gərək olmayan və dini müstəvidə xristian-islam qarşıdurması kimi qələmə verməyə hazır olan xarici güclər isə fürsət gözləyirdilər.
Ancaq, bütün bunlar baş tutmadı. Azərbaycanda yaşayan müxtəlif azsaylı xalqların icmalarının nümayəndələri, eləcə də müxtəlif dinlərə məxsus cəmiyyətlər dərhal açıq şəkildə bəyanat verərək Vətən Müharibəsinin yanında olduqlarını bəyan etdilər. Hətta əlində silah dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxdılar. Ölkə KİV-ləri müharibə şəraitinin qanunları ilə heç bir təzyiq olmadan fəaliyyət göstərdilər.
Milli Ordunun vahid informasiya mərkəzi aparıcı rol oynadı. Siyasi, tarixi, sosiloji və ictimai baxımdan konfliktologiya üzrə ixtisaslaşmış mütəxəsisslər demək olar ki, hər gün televiziya ekranlarında, internet tv kanallarında, qəzetlərdə, saytlarda və sosial şəbəkələrdə bir-birindən maraqlı təhlillər verdilər.
Milli Ordumuzun hər gün müxtəlif bölgələrdə düşməndən azad etdiyi ərazilərə bağlı xalqımıza açıqlamaların şəffaf şəkildə təqdim olunması böyük coşqularla qarşılanır və dövlətə dəstək kimi hər kəs əlindən gələni kömək olaraq həyata keçirməyə çalışırdı. Effektiv təsir vasitələrinin sayəsində XXI yüzilin standarlarları çərivəsində Azərbaycanın bir dövlət olaraq modern düşüncə sistemi isə, çoxlarını heyran etmişdi. Çünki, ən müasir silahlarla döyüş təcrübəsi olan qüvvə kimi Milli Ordumuz döyüşdə qələbələr əldə edirdi. Bundan əlavə, xalq dövlətin yanında olmaqla vətəndaş sülhü nə deməkdir beynəlxalq miqyasda nümunə göstərdi. Ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin gündə bir neçə dəfə xalqla televiziya vasitsilə canlı şəkildə təmasda olması isə, heyrətedici faktorlardan biri idi. Beləliklə Ali Baş Komandana olan inamı ən yüksək səviyyəyə qalxdı. Demək olar ki, XXI yüzildən 20 il ötsə də, son 20 ildə Yaxın Şərqdə və digər regionlarda yaşanılan müharibələrin heç birində belə bir möhtəşəm durum görünməmişdi.

Ermənistanın məğlubiyyətinin səbəbləri

43 gün davam edən müharibə şəraitində demək olar ki, dünyanın heç bir dövləti açıq şəkildə Ermənistanın işğalçılıq siyasətini müdafiə edən bəyanatlar vermədilər. Eyni zamanda Ermənistanın yanında yer almadılar. Bununla yanaşı, ermənilərin döyüş bacarığının olmaması və Yaxın Şərq ölkələrindəki radikal terrorçu muzdlu birliklərə üz tutması da onların məğlubiyyətinin səbəblərindən biri idi. Azərbaycanı ilk gündən Türkiyə, Pakistan və Əfqanıstan açıq şəkildə hər sahədə müdafiə etdiyini elan etməsi və əksər “antioccupation” (işöalçılıq əleyhində) siyasətə dəstək verən dövlətlər və xalqlar da bizim xeyrimizə oldu. Xüsusilə Ukrayna, Polşa, Moldova, Litva, Latviya, Estoniya, Macarstan, Rumıniya, Çexiya, Bosniya-Hersoqovina, Çernoqroiya, İsveç,  Sloveniya, Finlandiya, Norveç və sair ölkələrdə xalqlar Azərbaycan dövlətinə dəstək verdiklərini gizlətmədilər.
Azərbaycan Milli Ordusunun qısa zaman içində böyük uğurlarının səbəblərindən biri də düşmənin arxa cəbhəsini addım-addım bərbad günə salması oldu. Ona görə də iri silahlarla təchiz olunmuş, mobil hərbi döyüç təcrübəsinə malik erməni silahlılarının qısa bir zamanda arxasız qalmasının ucbatından onlar məğlub duruma düşürdülər.
Xalqımızın kimsədən tapşırıq almadan döyüşdə iştirak edən hərbçilərimizə mənəvi dayaq olması doğrudan da heyrətedici oldu. Prezident, Ali Baş Komandan İlham Əliyev və I Vitse-Prezident Mehriban Əliyeva aylıq maaşlarının müdafiə sonduna köçürməsi vətəndaş cəmiyyətinə əlavə ruh gətirdi. Demək olar ki, əksər işadamları, zəngin şəxslər də bu prosesə qoşularaq Milli Ordumuzun yanında yer aldıqlarını nümayiş etdirdilər. Bir çox dövlət qurumlarında və eləcə də özəl sektorda çalışan vətəndaşlarımız da bu nəcib aksiyada aylıq maaşlarından müəyyən faiz tutulması şərti ilə Milli Ordumuza dəstək oldular. Ermənistanda isəbütün bunlar baş vermədi.

Ana salamat qal! Mən döyüşə gedirəm!..

Milli Ordumuza xalq və cəmiyyət tərəfindən verilən dəstək sadəcə mənəvi baxımdan deyil, həm də özünün mahiyyəti və xarakteri ilə də çox maraqlı oldu. Belə ki, savaşın ilk günlərindən başlayaraq, əhali arasında peşəkar səviyyədə əlində silah tuta bilən,  döyüş qabiliyyəti olanların hamısı könüllü olaraq ordu sıralarına yazılmaq haqqında öz qərarını verdilər. Demək olar ki, hərbi komissarlıqların işi nə qədər çətin olsa da, könüllülərin komplektləşdirilərək ordu sıralarına getmələri üçün gecə-gündüz yorulmaq bilmədən çalışdılar. Ön cəbhədə döyüşənlərə ən böyük mənəvi daya elə buradan başladı. Çünki, arxa cəbhədə könüllülərdən ibarət hərbi birliklər onların gördükləri işləri tamamlamaq üçün idilər. Neçə-neçə vətən oğlu və qızı evlərində kimsənin xəbəri olmadan məktub yazmışdılar: “Ana salamat qal! Mən döyüşə gedirəm!..” cümlələri insan qəlbini fərəhdolu sızıldadan anlar demək idi.Kimsə: “Oğul döyüşə getmə” deyə bilmirdi. Çünki, hər kəs bu müqəddəs savaşın şəhidi və qazisi olacaqdı. Ermənistan ordusunda belə bir əhval-ruhiyyə yox idi. Hətta əksər sosial şəbəkələrdə erməni tərəfi nəinki könüllü, heç qanuni şəkildə bu orduya gedib bu döyüşdə iştirak etmək istəmirdi. Azərbaycan tərəfinə əsir düşüşmüş ermənilərin çoxu bunu birbaşa televiziya ekranlarımızdan səsləndirdilər. Azərbaycan Milli Ordusuna xidmətə getmək məsələsində fərarilik kimi hallar yaşanılmadı. Ermənistan tərəfinin etirafına görə, bütün sərhədlər və aeroportlar tam nəzarətə götürülmüşdü. Fərarilər dərhal həbs olunaraq birbaşa döyüş bölgəsinə göndirilirdilər.

Milli birlik düsturu Vətən sevigisi ilə coşmuşdu

Ölkəmizdə şəhid olanları və yaralanaraq qaziyə çevrilənləri hər kəs özünün doğması kimi qəbul etdi. Hamılıqla şəhidlərin dəfnində iştirak edərək ailələrinə milli borc kimi başsağlığı verilirdi. Yaralılara isə, dəstək olaraq onlara gərəkən yarıdımların edilməsi üçün hər kəs canfəşanlıq edirdi. Bütün bunlar dövlət siyasətinin tərkib hissəsi demək idi. Çünki, milli birlik anlayışı həm də Vətən sevgisinin ayrılmaz parçasına çevrilmişdi.
Televizya ilə Ali Baş Komandanın hər gün işğaldan azad edilmiş ərazilərimizlə bağlı verdiyi açıqlamalar böyük coşqularla qarşılanırdı. Məcburi köçkünlər və qaçqınlar isə: “Bizə bizə bir daha qaçqın deməyin!” ideyasını irəli sürdülər. Çünki, onlar azad olunan doğma torpaqlarına geri dönmək üçün 27 ilin həsrəti ilə yaşamışdılar. Belə bir anlayış demək olar ki, bütün məcburi köçkünlər və qaçqınlar arasında toy-bayram kimi qarşılandı. Son nöqtə kimi ŞUŞA-mızın azad edilməsi daha qürurverici olaya çevrildi. Təkcə Azərbaycanda deyil, dünyanın dörd müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımız ayağa qalxaraq bu anı daha böyük coşqularla qarşıladılar. Azərbaycanın elə bir kəndi, qəsəbəsi və şəhəri yox idi ki, orada Şuşanın azad edilməsi coşqularla qeyd edilməsin. Beləliklə 43 günlük savaşın xalqımıza və dövlətimizə nələri yaşatdığını hər kəs şahidinə çevrildi. Yazıçı Seyran Səxavət demişkən: “Bizə çox zaman deyirdilər ki, Qarabağla bağlı romanlar yazın və xalq da onu oxuyub qürurlansın. Mənim fikrimcə ən böyük romanı Ali Baş Komandanın rəhbərliyi altında Milli Ordumuz döyüş meydanında yazdı! Şuşanın azad edilməsi Qarabağın tamamilə əlimizdə olması deməkdir. Buna da nail ola bildik”.
Demək olar ki, ölkəmizdə hər kəs yazıçı Seyran Səxavət kimi düşür. Xalqa vətən torpaqlarını geri qaytarılması lazım idi. Bunu da 43 gün ərzində Ali Baş Komandan və Milli Ordu təmin etdi. 43 günlük müşahidələrimizə görə, demək olar ki, vətəndaş cəmiyyəti əlindən yaxşı nələr vari idisə, hamısına layiqincə əməl etdi. Bu, cəmiyyət və dövlətin bir bütün olmasının düsturu kimi tarixə qızıl hərflərlə yazıldı.

“Hürriyyət”