4 iyun – Türk düşmənlərinin Azərbaycan Türk dövlətinə, Türklüyə qarşı atəş açdığı gün! – OLAYLARIN CANLI ŞAHİDİ OLAN CAHANDAR BAYOĞLU YAZIR

120

1993-ci ilin 4 iyun tarixi Türk düşməni olan güclərin və əllərində böyüyən uşaqların Milli Başkəndimiz Gəncədən Azərbaycan Türk dövlətinə, Türklüyə qarşı atəş açdığı gündür!

Həmin günün sabahı Prezident Qvardiyasının Komandanı olan dostumuz Albay Tahir bəyin istəyi ilə, AXC Sədrinin yardımcısı Ülvi bəy Həkimoğlu və mən, nələrin baş verməsini bilmək üçün əsgəri helikopterlə Gəncə şəhərinə uçmalı olduq.

Gəncə hava alanının dövlət güclərində olmamasından xəbərsizdik. Bizi avtobusla Gəncəyə aparırdılar. Silahlı əsgərlər yolda Tahir bəyin kimliyini bilib, bizləri avtobusdan endirdilər. Tahir bəy və 8 qvardiya əsgəri bilmədiyimiz tərəfə aparıldı. Mən və Ülvi Həkimoğlu sivil geyimdə olduğumuzdan, bizim kimliyimizi bilmədilər. Amma “Kalaşnikov” avtomatından başımızın üstündən mərmilər yağdırmağı unutmadılar. Biz ikimiz polis bölməsinə gəldiyimizdə, qanuni polisə aidiyyatı olmayan, Ayaz Niyazoviç zamanında polisdə işləyənlərin ora toplandığını, Milli Təhlükəsizlik Nazirliyinin yerli şöbəsinin çəmbərə alındığını görüb, Xalq Cəbhəsinin şöbəsinə getdik. Durumun nə yerdə olduğunu öyrənmək imkanı əldə etməyə çalışdıq. Dövlətə hərbi qiyam qaldıranların hər yeri ələ keçirdiklərinin, qiyama qarşı olan qüvvələrin xəyanətinin şahidi olduq.

Qvardiyanın komandanı Tahir bəy və əsgərlərinin Sürətin əmri ilə qətlə yetirilmələri Dövləti və Milləti sarsıtdı. Gecəni cəbhəçi olan bir taksi sürücüsünün evində qaldıq, telefonla durumla bağlı Prezident Elçibəyə bilgi verdik. Sabah Samux İcra Hakimiyyətinə getdik, ancaq oradan ayrılmağımızı istədilər. Biz kənd yolları ilə Yevlaxa gəldik. Bizdən 30 dəqiqə sonra Samux rayon prokurorunun biz olan yerdə güllələndiyi xəbərini eşitdik.

Yevlax hərbi qiyamın kitab kimi oxunan yeri idi. Sürətçilər adlanan erməni-rus çətəsinin əsgərləri Bakıya doğru gəlirdi.

Prezident Aparatının müşavirlərindən biri Tərtərdə toplantı keçirirdi, Ülvi bəy də toplantıya qatıldı. Mən icra hakimiyyətində yerli dövlət qurumlarının qorxusuz işləmələrinə çalışırdım. Ülvi bəy görüşdən qayıdanda Tərtər İcra Hakimiyyətində olan toplantının daha çox Elçibəyin ittiham olunmasına yönəldiyini, xəyanət içərisində olduğumuzu söylədi. Yevlaxda yerli dövlət qurumlarını işlək hala salıb, şəhərin müdafiəsini təşkil etdiyimiz zaman, əmri kimlərdən aldığı bilinməyən silahlı birləşmələr Yevlaxa daxil oldular. Təxribatların olduğu bəlli idi. Telefon danışığında Prezident Elçibəy bizim dərhal Bakıya dönməyimizi əmr etdi. Biz iyun ayının 7-də Bakıya döndük.

Hakimiyyət strukturları ifliç olmuşdu. Kimisi prezidenti öldürməklə hədələyir, kimlərsə istefaya səsləyirdi. Aydın olan o idi ki, Gəncə hadisələri bir bəhanə idi. Prezidentlik uğrunda qızmış qafalar ağalarından əmr alıb yarışa girmişdilər. Qiyamı yatırtmak üçün biri “baş nazir olaram, güc strukturları mənə tabe olsun”, biri də “Prezident səlahiyyətlərini mənə(Spikerə)versin, qiyamı yatırım, sonra onu postuna yenidən gətirərəm” deyirdi(o dövrün baş naziri sonralar açıqlamalarında bunu etiraf edirdi).

Xainlərin planına əsasən, Prezident öldürüləcəkdi. Hətta bunun üçün dəfn komissiyası da yaradılmışdı. Komissiyaya yaşı 90-a yaxınlaşan, Prezidentlik sözü verilənlərdən biri – İmam Mustafayev rəhbərlik edirdi, hansı ki, o, Gəncə-Bakı arasında qəhrəmana çevrilmişdi. Gəncədə Sürətin rəhbərliyində yeni “hökümət” qurulmuşdu. Sonralar bu “hökumət” üzlərinin bir çoxu nazir oldu, görəv verilməyən tək Şadman Hüseynovdu.

Qiyamı yatırmağı düşünən yox idi, hər kəs qiyamdan yararlanıb, “hakimiyyət pilləsində necə yüksələrəm”in hesabını aparırdı. Moskva vətəndaş müharibəsi törətməyin fitilini çəkmişdi. Rus ordusu yenidən Azərbaycana gələcəyi günü gözləyirdi. Rusiyanın bütün gizli servis, təxribatçı qüvvələri Bakıda yerləşmişdi. Prezidenti öldürməyin məqamı gözlənilirdi.

Hədəf Azərbaycan dövlətçiliyinin, milli iradənin məhv edilməsi idi.

Prezidenti qoruyan bir quruluş, görəvli kimsə qalmamışdı. Qorumanlarından başqa. Sonralar məlum olacaqdı ki, Prezident Qvardiyasının komandirinin Gəncəyə göndərilməsi Prezidentin bilgisi dışında olub, dövləti qoruyan siyasi iradə yoxdur. Hər bir hadisəni Prezidentlə bağlasalar da, bir çoxundan xəbərsizdi.

Ayrı-ayrı fərdlər Prezidenti qorumağa, ölümünə hazırdı.

27 il öncə bu günlərdə belə bir durum yaşanırdı. Hadisələr 15 iyun Milli Məclisə yeni sədrin seçilməsinə doğru gedirdi.

(Davamı olacaq)

Cahandar BAYOĞLU,

Turan Partiyası GK Başqanı

P.S. 27 ildir 4 iyun hadisələri gündəm olur. 2700 il keçsə də, yenə də gündəm olacaq. Amma illər keçdikçə Dövlətimiz daha da böyüyəcək və daha da güclənəcək. Elçibəy adı sevilərək tarix olmaqda davam edəcək. 1993-cü ilin macəraçı siyasətçiləri toza isə dönəcəklər. Çar Rusiyasından bu yana Moskvaya uşaqlıq edənləri millət daha yaxından tanıyacaq. Bu uşaqların nəsilləri babalarının onlara pis bir miras qoyduqlarının fərqində olub, onları lənətləyəcək.

P.P.S. Əldə etdiyim bilgiyə görə, Prezident Qvardiyasının bir qrup əsgəri, cinayəti açıq qalmış Komandan Tahir bəy və 8 Qvardiya əsgərinin qətlə yetirilməsi ilə bağlı Sürət Hüseynova cinayət işinin açılması üçün Baş Prokurora müraciət hazırlayır.