“386 min 898 test insan sayını göstərir, yoxsa müayinə sayını” – SAMİR ƏLİYEV SUAL EDİR

165

“İnsan sayını göstərsə belə, bu göstərici çox aşağıdır. Müraciət sayını göstərirsə, onda vəziyyət daha acınacaqlıdır ”

“İyunun 12-də sosial şəbəkələrdə 1 sualdan ibarət sorğu yerləşdirmişdim. Məqsəd respondentlərin koronavirus testindən keçibmə səviyyəsini müəyyənləşdirmək idi. Çünki müayinədən keçənlərin sayı artır, ancaq ətrafımızdan belə şəxslərlə rastlaşmırıq. Bu da statistik məlumatların real olması şübhəsi yaradır”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər iqtisadçı Samir Əliyevə məxsusdur.

“Sorğuda bu nisbət hər 10 nəfərdən biri çıxdı”

“390 nəfər respondentin iştirak etdiyi sorğunun nəticələri belədir: 10% müsbət, 90% mənfi cavab verib. Yəni müayinəddən keçən respondentlərin sayı 39 nəfər olub. Belə baxanda hər 10-cu respondent müayinədən keçib, bu isə rəsmi göstəricidən yüksəkdir. Belə ki, rəsmi məlumatlara görə, indiyədək Azərbaycanda 386 min 898 nəfər koronavirus testindən keçirilib. Bu, o deməkdir ki, ölkə əhalisinin orta hesabla hər 26 nəfərdən biri testdən keçənlərə aiddir. Sorğuda isə bu nisbət hər 10 nəfərdən biri çıxdı”,-deyə iqtisadçı qeyd edib.

“Elə işçilər var ki, onlar mütəmadi olaraq yoxlanılır”

S.Əliyev diqqətə çatdırıb ki, sorğu prosesində vacib bir nüans ortaya çıxıb: “Məlum oldu ki, müayinədən bir neçə dəfə keçən şəxslər var. Bunlara həkimlər, neft sektorunda çalışanlar, karantinə alınanlar və s. aiddir. Hətta elə işçilər var ki, onlar mütəmadi olaraq yoxlanılır. Burdan belə bir sual çıxır: 386 min 898 test insan sayını göstərir, yoxsa müayinə sayını? Hətta insan sayını göstərsə belə, bu göstərici çox aşağıdır. Müraciət sayını göstərirsə, onda vəziyyət daha acınacaqlıdır ”.

Şamo EMİN, Hurriyyet.org