38 yaşlı evdar qadın Belarus xalqını qələbəyə apara biləcək?

117

Azərbaycanın qadın siyasətçiləri Svetlana Tixanovskaya haqda

Avqustun 9-da Belarusda keçirilən prezident seçkilərindən sonra başlayan etiraz dalğası getdikcə böyüyür. Vəziyyət o həddə çatıb ki, artıq hakimiyyətin dəyişəcəyinin real olduğu deyilir.

Prezident seçkilərində Aleksandr Lukaşenkonun əsas rəqibi olmuş 38 yaşlı Svetlana Tixanovskaya prosesin liderinə çevrilib. Dünən S.Tixanovskaya 26 ildir ölkəni idarə edən prezident Aleksandr Lukaşenkonun mübahisəli seçkilərin qalibi elan edilməsinin kütləvi etirazlara səbəb olmasından sonra ölkənin lideri olmağa hazır olduğunu bəyan edib: “Biz hamımız 26 il əvvəl düşdüyümüz düyündən qurtarmaq istəyirik. Mən bu dövrdə məsuliyyəti öz üzərimə götürməyə və ümummilli lider olmağa hazıram. Vəziyyəti sakitləşdirmək və normal həyata qayıtmaq, siyasi məhbusları azad etmək və ən qısa müddətdə qanunverici bir baza yaradaraq, yeni prezident seçkilərinin təşkili üçün şərait yaradılmalıdır. Beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul ediləcək həqiqi, dürüst və şəffaf seçkilər keçirilməlidir”.

A.Lukaşenko isə hökuməti paylaşmağı düşündüyünü, lakin bunu küçə etirazlarının təzyiqi altında etməyəcəyini bildirib.

Qeyd edək ki, seçkilərdən öncə S.Tixanovskaya Belarusda siyasətçi kimi tanınmayıb, bir müddət öncə ingilis dili müəllimliyi edib, son illər isə evdar qadın olub. Hətta o, seçkiyə qatılandan sonra prezident Lukaşenko belə bir ironik münasibət bildirmişdi: “O, dünənə qədər kotlet bişirir və uşaqlarını bəsləyirdi. Bəlkə kotletinin qoxusu da gözəl ola bilər, amma mən onunla nəyi müzakirə etməliyəm?”

Ancaq Tixanovskayanın çox qısa seçki kampaniyası, seçki günü səs qutuları qarşısındakı növbələr və seçkidən sonra baş verənlər bu “evdar qadın”ı Belarusun lideri olmağın astanasına gətirib çıxarıb. Göründüyü kimi artıq o, hakimiyyəti ələ götürüb idarə etməyə hazır olduğunu bəyan edir.

Lukaşenkonun seçkilərdəki əsas rəqibi: Svetlana Tixanovskaya nə ...

Bir sıra analitiklər və Lukaşenkosevərlər isə iddia edirlər ki, A.Lukaşenko getsə,  Belarus batacaq.

Bəs, qısa müddətdə fenomenə çevrilən S.Tixanovskayanın belarus xalqını qələbəyə aparacağına Azərbaycanda siyasi fəaliyyətlə məşğul olan, siyasi analitik olan qadınlar inanırlarmı?

Demokratiya və Rifah Hərəkatının sədr müavini Ellada Məmmədli bildirdi ki, xalqın gücü ilə hər şey etmək mümkündür. Əgər xalqın böyük hissəsi öz gücünü ortaya qoyub Tixanovskayaya sonadək dəstək versə istədikləri nəticəni əldə edə bilərlər.

Büdcə parazitləri öz işlərindədirlər – Aygün Muradxanlı yazır ...

Azərbaycan Yüksəliş Partiyasının Təşəbbüs Qrupunun üzvü Aygün Muradxanlı isə bildirdi ki, proses göstərir ki, xalq Tixanovskayanın ritorikasını bəyənir və onun rəhbərliyi ilə demokratik mübarizəni həlledici mərhələyə gətirə bilib: “Hər şeydən öncə Belarusda gedən proseslər onu sübut etdi ki, bir şəxsin 27 il hakimiyyətdə qalması siyasi səhnədə gözlənilməz dəyişikliklər yarada bilir. Siz fikir verdinizsə, Aleksandr Lukaşenko israrla iddia edir ki, yeni qüvvələr siyasi institutları təmsil etmədikləri üçün onları ciddi siyasi fiqur saymaq olmaz. Amma proses göstərir ki, xalq Tixanovskayanın ritorikasını bəyənir və onun rəhbərliyi ilə demokratik mübarizəni həlledici mərhələyə gətirə bilib. Onun ölkədən gedişi də əslində Lukaşenkonun siyasi hakimiyyətinin öz rəqiblərinə qarşı sərt addımlar atdığını sübut etdi. Xanım Tixanovskaya dedi ki, onu övladları ilə təhdid edirlər. Siyasi rəqiblərə qarşı belə amansız davranış Lukoşenkonun sonunu bir qədər də yaxınlaşdırdı. İnanıram ki, aralıq dönəmdə Tixanovskaya ölkəyə uğurla rəhbərlik edərək yeni azad və demokratik seçki keçirilməsinə nail ola biləcək. Sonrakı seçim belaruslarındır”.

yegane.jpg (67 KB)

Siyasi analitik Yeganə Hacıyeva isə bildirdi ki, mövcud şərtlər altında Belarus müxalifətinin uğur qazanmaq şansı yox idi. Lukaşenkonun hal-hazırda həbsdə olan rəqibləri bəlkə də ona problemlər yarada bilərdi. Tixanovskaya haqqında exit-pollun elan etdiyi nəticələrə nəinki xalq, cəmiyyət, onun tərəfdarlarının özü də şübhə ilə yanaşır: “Siyasi aktivist həyat yoldaşının həbsi ilə gündəmə gələn, onun həbsinin ətrafındakı diqqətdən siyasi iddialara düşən, artıq iki qadının namizəd olduğunu görüb 3-cü qadın namizəd olan, etirazların ilk günüdə tərəfdarlarını təzyiq altda qoyub xaricə qaçan, ordan da ”mən zəif qadınam bəyanatı” verən evdar qadın Tixanovskayaya münasibət cəmiyyətdə birmənali deyil. Odur ki, onun etirazların böyüdüyünü və prosesin qarşısı alınmaz olmasına əmin olandan sonra yenə də xaricdən “mən xalqın ümummilli lideri ola bilərəm” mesaji Belarus cəmiyyətində ciddi qəbul olunmadı.

Xüsusiilə Tixanovskayanın etirazların genişləndiyi günlər təcrübəsi olmadığı halda Litvada beynəlxalq maliyyə qurumları nümayəndələri ilə görüşməsi haqqında sosial mediada gedən  məlumatlar müxalifətin digər nümayəndələrinin belə hiddətinə səbəb oldu və ondan bu görüşün detalları haqqına geniş məlumat tələb edildi.

Bu istiqamətdə paylaşımların ana xəttini onun həyat yoldaşının həbsindən istifadə etməsi, belə birinin xalqın da əleyhinə hər cür şübhəli razılaşmaya gedə biləcəyi haqqında xəbərdarlıq idi.

www.ankaramasasi.com/haberler/2020/8/9/76ef5a75...

Bu dairələrə bağlı beynəlxalq media təsisatlarının Tixanovskayanın təbliğatını aparması gözlənilən idi və bu təbliğat da gedir. Belarusda transmilli korporasiyaların və xarici sərmayənin ən az girdiyi ölkələrdən biri kimi bu mövzu cəmiyyət üçün həssas mövzular sırasındadır, xüsusən də siyasi qrupların təbliğat üçün ən çox istifadə etdiyi mövzulardan biridir.

Burda bunu qeyd edim ki, Belarus küçələrindəki etirazlar təkcə Lukaşenko əleyhinə və ya müxalifətin lehinə deyil, küçədəki insanların etirazı ümumumilikdə seçki prosesinədir və ümumilikdə siyasi sistemə etirazdır. Amma  Belarusdakı etirazları  daxili şərtlərlə əsaslandırmaq birmənali olaraq doğru deyil. Kənar oyunçuların izləri istər küçələrdəki proseslərdə, istərsə də bu prosesin internet resurslara yansımasında, istərsə də beynəlxaq media və siyasi dairələrin reaksiyalarında aydın görsənir.

Bu etirazların nə ilə nəticələncəyi haqqında onu deyə bilərəm ki, bu etirazlar Belarusa artıq bəzi dəyişikliklər gətirib. Son 26 ildə ilk dəfə güc nazirlikləri xalqdan üzr istəyib, Lukaşenkonun xalqla ünsiyyətində yeni çalarları müşahidə edirik. Hesab edirəm ki, bu prosesdə sonda Belarus xalqının iradəsi qalib gələcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”